Ermənistan sərhədimizə raket yığır

Amerikalı ekspert: “Bu, Ermənistanın Azərbaycanın Naxçıvanla hava əlaqəsini kəsməyə hesablanıb”

Vəfa Quluzadə: “Rusiya Azərbaycanı təxribata çəkərək müharibəyə sürükləmək istəyir”

Kosmosdan çəkilmiş son təsvirlərin təhlili Qafqazda hava hücumundan müdafiə qüvvələrinin bölgüsünə ciddi təsir göstərə biləcək dəyişikliklərdən xəbər verir.
ABŞ-da yerləşən IMINT hərbi təhlil mərkəzi bölgədə Rusiya və Ermənistanın RƏM sistemlərinin peykdən çəkilmiş fotoşəkillərini yayıb. “Təsvirlər Ermənistanda və Gürcüstanın Abxaziya əyalətində yeni S-300 komplekslərinin peyda olduğunu göstərir. Hər iki yerləşmə yerinin cəbhə boyu düzülməsində mühüm potensial var”, deyə ekspert Şon O.Konnor bildirib.
2008-ci ilə qədər Ermənistan Yerevanın müdafiəsi üçün köhnə S-125 batareyalarını əvəz etmək üçün ən azı 3 S-300 komponentləri idxal edib.
2010-cu ildə Rusiya Sünik əyalətində Gorus və Kaqnut kəndi yaxınlığında əlavə olaraq iki S-300 yerləşdirib. Hər iki batareya Dağlıq Qarabağla sərhəddən 7 km aralıdadır.
“Batareyalarda 5N63S mobil radarından və kiçik yüksəklik üçün radardan istifadə olunur”, deyə mənbə qeyd edib.
“2011-ci ildə çəkilmiş təsvirlərə görə, Gorus rayonunda hazırda bir neçə batareya yerləşdirilib. Orada S-300 yerləşdirilməsi bütün Dağlıq Qarabağ regionunda Ermənistan RƏM-i müdafiə altına alır”, deyə analitik qeyd edib.
Orada yerləşən S-300-lər mövcud S-125 batareyalarına əlavə olaraq, Xankəndi yaxınlığındakı aeroportu da əhatə edə bilər. Bundan başqa, S-300-lərin belə yerləşməsi mövcud hava boşluğunu doldurur və Ermənistana Azərbaycanın Naxçıvanla hava əlaqəsini kəsməyə imkan verir. “Dağlıq Qarabağa bitişik ərazidə Ermənistanın S-300 yerləşdirməsi regionda mümkün münaqişənin müxtəlif ssenarilərinin hazırlanmasına dəlalət edir”, deyə Şon O.Konnor qeyd edib.
Yəni Azərbaycanın Xankəndində açılan hava limanı ilə bağlı sərt tədbirlərinə Ermənistan da Naxçıvana uçan təyyarələr ilə bağlı cavab verə bilər.

Politoloq Vəfa Quluzadə yayılan məlumatı olduqca təhlükəli sayır. Onun fikrincə, Rusiya hazırda Xankəndindəki aeroportla bağlı Azərbaycanı təxribata çəkməyə çalışa bilər: “Əgər biz Xankəndiyə uçan təyyarəyə zərbə endirmiş olsaq, baş verə biləcək qarşıdurmaya görə günah bizim üzərimizdə qalacaq. Bu zaman Ermənistan Rusiyanın təhriki ilə Naxçıvana uçan təyyarələrə də zərbə endirə bilər. Əlbəttə ki, bütün bunların arxasında Rusiya dayanır. Azərbaycanın Xankəndindəki hava limanı tikintisinə sərt reaksiyası hərbi əməliyyatların bərpasına da səbəb ola bilər”.
V.Quluzadə hesab edir ki, Rusiya Azərbaycanı münaqişəyə təhrik etməklə Qərbdən və Türkiyədən qisasını ala bilər. Çünki Türkiyənin Suriya ilə bağlı addımları Rusiyanı hazırda qıcıqlandırıb. Rusiyanın Gürcüstana qarşı reallaşdırdığı bir aylıq müharibəni hazırkı durumda Azərbaycana qarşı da tətbiq edə biləcəyini düşünən V.Quluzadə söylədi ki, hazırda Rusiya ABŞ-ın prezident seçkisinə başının qarışmasından da istifadə edə bilər.

Xəyal