Sabiq rektor qardaşının oğurlunmasında generalın adının hallandırılması barədə “Azadlıq”a nələr dedi?
“Azərbaycanda mütəşəkkil cinayətkar dəstə leqal fəaliyyət göstərir və heç kim bununla bağlı tədbir görmək istəmir. Mənim bir qardaşım bu dəstə tərəfindən oğurlanıb, digərini zəhərləyiblər. Bu məsələlər qalıb kənarda, başqa məsələlərdən danışırlar”.
Bu sözləri “Azadlıq”a açıqlamasında fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev deyib. Sabiq rektoru bizimlə söhbətində qardaşının oğurlanmasında Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıqovun adının hallandırılmasına da münasibət bildirib. “Mən heç yerdə bu adamın adını çəkməmişəm. Sizdən eşidirəm bu məsələni. Mətbuatda nə yazıblar, bilmirəm. Hesab edirəm ki, bu, diqqəti əsl cinayətkarlardan yayındırmaq üçün ortaya ata bilərlər”.
Elşad Abdullayev həmçinin bildirib ki, yaxın vaxtlarda yeni açıqlamalar verə bilər: “Yeni açıqlamalar var və güman ki, yaxın vaxtlarda ictimaiyyət bunlardan hali olacaq”.
Lakin sabiq rektorun yeni açıqlamaların kimlər barədə olduğunu demək istəməyib.
Onun şəxsi əşyaları iş yerindən götürüldü
Bu arada Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı rüşvət videosunda vasitəçi qismində adı hallanan Sevinc Babayeva özünə məxsus əmlakı iş yerindən götürüb. M.Ə. Sabir adına kitabxana-klubundan APA-ya verilən məlumata görə, Sevinc Babayevanın oğlu bir neçə gün əvvəl kitabxanaya gəlib. O, anasına məxsus əşyaları, onun otağında olan mebelləri və sənədləri götürərək aparıb. Oğlu anasının harada olmasından xəbərsiz olduğunu bildirib. Kitabxanadan həmçinin bildiriblər ki, Sevinc Babayevanın müqavilənin müddəti bu ay başa çatıb.
Sabiq deputat artıq heç nəyə nəzarət etmir
Dünən həmçinin məlumat yayılıb ki, “Mərkəz” qəzeti Gülər Əhmədovadan alınır. AzNews.az-ın məlumatına görə, sabiq deputat artıq iki həftədən çoxdur ki, “Mərkəz”in ofisinə baş çəkmir. Istər qəzetin, istərsə də sayt əməkdaşlarının əmək haqları da verilməyib. Dünən maaş günü olsa da, rəhbərlikdən heç kim əmək haqları məsələsi barədə bir söz demir.
Məlumata görə, sabiq deputat artıq qəzetdə və saytda gedən yazılara nəzarət də etmir.
Gülər Əhmədova barədə təhqiramiz şeiri kim yazıb?
YAP-çılar isə hələ də Gülər Əhmədovanın facebook-da paylaşdığı məlum “Xoruz baba” statusu”ndan danışırlar. YAP-ın Idarə Heyətinin üzvü Kərim Kərimov “Reytinq” qəzetində növbəti dəfə bu məsələyə münasibət bildirərək deyib: “Gülər Əhmədovanın nə yaşına, nə başına, nə də qadınlığına yaraşmırdı ki, partiyanın icra katibi haqqında xoruz söhbətləri eləsin. Bu məsələ ortaya çıxandan sonra ona layiqli cavabı ilk növbədə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatları veriblər”.
Kərim Kərimov Gülər Əhmədovanın “ağzımı açdırmayın” hədəsinə isə belə cavab verib: “Bunlar boş şeylərdir. Əslində Gülər Əhmədova ağzını çoxdan açıb, özü də hər dəfə ağzını açdıqca, daha da korlayır, özünü pis vəziyyətə salır. Ona bir qəzet redaktoru məsləhət gördü ki, nə qədər sussan o qədər yaxşıdır. Amma o, ağzını açandan lazımi cavabını alır. Əgər bunlar kifayət etmirsə, yenə ağzını açsın və cavabını alsın”.
YAP yetkilisi burada həm də Gülər Əhmədova barədə “Səs” qəzetində yazılan təhqiramiz şeirə işarə vurub. Kərim Kərimovun sözlərindən belə anlaşılır ki, bu şeiri qəzetin redaktoru Bəhruz Quliyev yazıb.
Abel Məhərrəmov Gülər Əhmədovanı təriflədi
Bakı Dövlət Universitetinin (BDU) rektoru, YAP-çı deputat Abel Məhərrəmov da Gülər Əhmədova barədə danışıb. “Son günlər Gülər Əhmədova dərsə gəlmir. Gülər Əhmədova ictimaiyyətdə həmişə mövqeli adam olub. Yıxılan kimi hamı tez istəyir ki, onu baltalasın, tez mənfi tərəfini görsün. Müsbət tərəfini görmək istəməsin. Özü də çox qısa müddətdə”, – deyə rektor bildirib.
YAP-çı həmkarlarının Gülər Əhmədova barədə sərt fikirlərinə gəlincə, Abel Məhərrəmov deyib: “Hərənin öz fikri var. Mən universitet müəllimi, YAP-ın üzvü kimi hüquq-mühafizə orqanlarının qərarı olmadan başqa fikir deyilməyi artıq hesab edirəm”.
İnformasiya şöbəsi