Oktyabrın 15-dən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tətbiq etdiyi “Dönər-kabab. Ümumi texniki şərtlər” standartı qüvvəyə minib.
Standarta əsasən, dönərdə xörək duzunun kütlə payı 2%-dən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnirlə olduqda resepturada qeyd edilmiş çəkinin 50%-ni təşkil etməlidir.
Dönərin hazırlanması üçün istifadə edilən, tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanmalıdır. Dönər istehlakçıya Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun temperaturu 65 dərəcədən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır.
“Biz satıcıları “Dönər-kabab. Ümumi texniki şərtlər” standartında tələb olunanlarla bağlı məlumatlandırırıq ki, istehsal etdikləri dönər-kababı tələblərə uyğun hazırlasınlar”. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıbov oktyabrın 16-da “Media forum” saytına belə deyib.
Fazil Talıbov “Dönər-kabab. Ümumi texniki şərtlər” standartının qüvvəyə mindiyini söyləyib: “Biz maarifləndirmə işlərini bitirdikdən sonra inzibati tədbirlər həyata keçirəcəyik. Yəni komitə yanında Dövlət Nəzarəti Xidməti reydlərə başlayacaq. Aşkar olunacaq nöqsanlarla bağlı dönər istehsalçılarına ciddi cəza tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər 4000-5000 manat məbləğində cərimələnəcək. Çox istərdik ki, dönər istehsalçıları müəyyən olunmuş 1 ay müddətində öz istehsallarını qüvvəyə minmiş standartlara uyğunlaşdırsınlar”.
Nəzarət xidməti müfəttişlərinin aşkar etdikləri nöqsanlarla bağlı heç bir güzəştə getməyəcəyini söyləyən Fazil Talıbov standartın tələblərinin sərt və məcburi olduğunu vurğulayıb. “İstehsalçılardan məsuliyyət tələb olunur. Çünki dönər-kababı hər yaş qrupundakı insanlar alır. Məhz buna görə də dönər-kababın istehsalına çox ciddi nəzarət planlaşdırılır”.
Bundan əlavə Fazil Talıbov dayanacaqlarda satılan dönər-kabablardan nümunələr götürülərək laboratoriyaya veriləcəyini qeyd edib: “Əgər laboratoriya analizi nəticəsində çirklənmə faktı aşkar olunarsa, həmin müəssisənin fəaliyyəti dərhal dayandırılacaq”.
“Dönər-kabab. Ümumi texniki şərtlər” standartı barəsində heç bir məlumatı olmadığını söyləyən dönər satıcısı Pərviz Qasımov dönərin istehlakı üçün ən çoxu 1 saat müddət təyin edilməsini heyrətlə qarşılayıb. O, “Media forum” saytının əməkdaşına bunları deyib: “Dönər aparatına 15-20 kiloqram ət taxılır. Bu qədər əti 1 saata satmaq olar? Aşağısı 4 saata satmaq mümkündür. Qaldı dönərin satılma temperaturu və tərkibindəki duz miqdarına, bu, standart problem deyil. Tez xarab olan pomidor, mayonez və digər məhsullarımız da soyuducuda saxlanılır. Ümumiyyətlə biz çalışırıq ki, tez xarab olan məhsulları az-az alaq. Çünki bu məhsullar bir az qaldıqda turşuyur, zəhərlənmələrə gətirib çıxarır.”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Media forum” saytına açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi standartın təqdir ediləsi addım olduğunu söyləyib: “Dönər-kababın istehsalı üçün standartın qəbul olunması vacib məsələlərdən biri idi. Mən ötən ay prezident İlham Əliyevə bu məsələləri özündə birləşdirən məktub göndərmişəm. Artıq mənim məktubum Nazirlər Kabinetində müzakirə olunub. Mən istərdim ki, dönərlər qəbul olunmuş standartlara uyğun olaraq oturaq yeməklər siyahısına əlavə edilsin. Azərbaycandakı ayaqüstü yeməklərin sayı da azaldılsın”.
Eyyub Hüseynov Səhiyyə Nazirliyinin dönərxanalarla bağlı apardığı işlərin effektli olmadığını qeyd edib: “Çünki Səhiyyə Nazirliyi neçə ildir toyuq dönərinin satışını qadağan edib. Ancaq hələ də toyuq dönərləri satılır”.