Çərxi-video-tapmaca

O nədir ki, iqtidarı biabır edir, amma Ilham Əliyevə faydalıdır? 
O nədir ki, həm iqtidara faydalıdır, həm müxalifətə?
O nədir ki, həm Isa Qəmbərə xeyirdir, həm Ilham Əliyevə?
O nədir ki, həm Əli Kərimliyə yaxşıdır, həm Ilham Əliyevə?
O hansı gizli videodur ki, onun yayılmasına həm biz sevinmişik, həm də Ilham Əliyev?
O kimdir ki, gizli videosunun yayılması islahata başlamağa əsas və imkan verir?
O nədir ki, müxalifəti həm təmkinli, həm qəzəbli göstərir?
O hansı ölkədir ki, qeyri-vətənpərvər məmurları aşırmaqda vətənpərvər müxalifəti vətənpərvər prezidentinə kömək edə bilər.
O nədir ki, hamı bilir, amma hamı demir?
(Tapmacanın cavabını “Yeni Müsavat”ın dünənki sayındakı “KLANLARIN GIZLI MÜHARIBƏSININ PREZIDENTƏ FAYDASI…” adlı yazıda tapmaq olar).
***
Amma bəlkə deməyin vaxtı çoxdan çatıb. Bəlkə Isa Qəmbər müdrik, Əli Kərimli isə uzaqgörən siyasətçidir, ona görə susurlar. Mən isə onlar kimi olmağı bacarmıram. Nə qədər normal münasibətlərim olsa da, nəhayət, hörmətli Rauf Arifoğludan soruşmağa məcburam. “Yeni Müsavat”ın hər mövzuda yazmaq haqqı danılmazdır, amma ən həssas məqamlarda, xüsusən də Ilham Əliyevin çətin vaxtlarında hakimiyyət səngərindən onunla mübarizə aparanların səngərinə açılan top atəşi rolunu oynayan yazıların bu qəzetdə getməsi niyə bir ənənə halını alıb?
Bəlkə mən qərəzli görünürəm, amma bunu onsuz da hamı danışır, hamı düşünür. Axı bu yazıların hakimiyyətə verdiyi faydanı onların öz informasiya vasitələri verə bilmir. Biz də informasiya deyilən bir şeyin nə olduğunu bilirik. Indi hakimiyyətin nəhəng təbliğat maşınının susduğu məqamdır. Onlar Gülər videosu olayında aciz qalıblar. Dilləri elə tutulub ki, Ilham Əliyevin tərifi də səngiyib onların dilində. Biabırçılığa söz tapa bilmirlər. Amma birdən ortaya mövzu çıxır ki, bu video Ilham Əliyevin xeyrinədir. Baş verənlər sadəcə bir klan davasıdır. Gizli iclas olub və tərəflər yerinə oturdulublar. Hətta müxalifət də bunu bilir, ona görə təmkinli dayanıb. Tezliklə yenə siyasi islahatlar başlayır. Göydən də üç alma düşəcək…
Mən hesab etmirəm ki, Gülər videosu hakimiyyəti çökdürüb, sondur, gedirlər. Amma bu gizlin görüntünün yayılması hakimiyyətə olduqca böyük zərbə vurub. Bu, hakimiyyətin dilinin gödək olduğu məqam deyil təkcə, öz dili ilə özünü ifşa etməsidir. Olduqca ciddi məzmun daşıyan, ifadə və tərzlərlə çox zəngin olan bu videoçarxın Ilham Əliyevə vurduğu zərbə ortada ikən, öz təsirinə davam edərkən, əksinə, onun Ilham Əliyevə fayda verməsini nağıl etmək nə məqsəd daşıyır? Ölkənin ən çox oxunan qəzetinin yalnız tiraja görəmi bu nağıla ehtiyacı var?
Söhbət bir ənənədən gedir. Nədənsə Dubay mülkləri haqda yazı çıxanda onu Qarabağ təzyiqi kimi qələmə vermək nağılı da Ilham Əliyevin xeyrinə idi… “Yeni Müsavat” bu cəmiyyət üçün atılası, keçiləsi bir qəzet deyil, faydaları var, çoxlarının dar gündə üz tutduğu, dəyərli həmkarlarımızın işlədiyi bir nəşrdir. Amma həssas məqamlarda “niyə maşını bu qədər kəskinliklə və aşmaq qorxusu olmadan döndərirlər?”. Bu nə ənənədir?
***
Başqa bir ənənə də var. Isa Qəmbər və Əli Kərimli cəmiyyəti həmişə dürüstlüyə, mübarizəyə, prinsipallığa çağırır, amma özləri o cür davranıb, mübarizə və sıra yoldaşları olan Rauf Arifoğludan soruşmurlar ki, müxalifətin hakimiyyətə 2013-ü təhvil verib, 2015 bazarlığı etməsi haqda məlumatı nəyə əsasən yazır, yazırsa, kimdir bu danışıqları aparan.
Bəlkə yazılanlar doğrudur?
Bu necə olur, cənablar, hakimiyyətə əsas alternativ sayılan qüvvənin rəhbərliyində olan adam iddia edir ki, müxalifət gizli danışıqlar aparır, amma hamı üstündən keçir bunun. Təşkilatın sessiyası çağırılmadı, gündəmə gəlmədi bu məsələ. Axı bu xəbəri sizinlə eyni ranqda, eyni təşkilatda olan bir adam yayır. Niyə dillənə bilmirsiniz?! Doğrudanmı gizli danışıqlar aparırsınız?