BP ilə qarşıdurmanın siyasi səbəbləri var

qubad ibadoqluOla bilər bu şirkət sonda deyiləsi sözü əvvəldə deyir, çünki o həm də siyasi institutdu

Qubad İbadoğlu: «BP ilə hökumətin münasibətlərindəki dəyişiklik ciddi əsaslara söykənir»

Nazirlər Kabinetinin iclasında prezident Ilham Əliyevin BP şirkətinin ünvanına sərt ittiham və tənqidlər səsləndirməsi təkcə Azərabycanda yox, xarici mətbuatda da müzakirə mövzusuna çevrilib.  Dünyanın məşhur biznes jurnalı “Forbes” ölkə başçısı Ilham Əliyevin BP şirkətinə qarşı ittihamları ilə bağlı geniş məqalə dərc edib. Məqalədə əks olunan məqamlarla bağlı iqtisadçı-ekspert Qubad Ibadoğlunun fikirləri ilə tanış olduq.

– “Forbes” jurnalı prezidentin müşavirədə BP haqqında dediklərini “çoxdan tüstülənən əski” adlandırıb. Əslində nə baş verir?
– BP-yə olan ittiham çox zəif görsənir. Çünki əvvəla proqnozlar heç vaxt yüz faiz özünü doğrultmur. Adətən proqnozlar müxtəlif ssenarilər üzrə verilir. Orta, yüksək və aşağı ssenarilər də həyata keçirilir. Bu gün BP-nin bu səbəbdən öhdəlikləri yerinə yetirməməkdə ittiham etmək əslində əsaslı görsənmir. Düşünürəm ki, həqiqətən də “Forbes” jurnalı yazdığı kimi burda daha gizli və daha ciddi səbəblər var. BP-yə ağır vaxtlarında dəstək vermək məsələsi də xatırladılır. Bu həm də hökumətlə BP arasında kontraktların şərtinin reallaşdırılmasından kənarda gedən proseslərə bir növ işarədir. O proseslər barəsindəsə Azərbaycan ictimaiyyəti və ekspertləri məlumatlı deyil. Bu baxımdan düşünürəm ki, bu yalnız iqtisadi səbəb deyil. Burda müəyyən siyasi səbəblər də var.
BP lobbiçilik fəaliyyətini həyata keçirən təşkilatlardan biridir. Müxtəlif dövrlərdə Azərbaycan da həm mövcud hakimiyyətin siyasətinin dəstəklənməsi, eyni zamanda ekoloji sərmaye proqramları vasitəsilə icmalarla iş səviyyəsində də xeyli fəaliyyət göstərib. Məndə olan məlumata görə, BP bu kontraktın uzadılmasında maraqlı idi. Bu kontraktın Azərbaycan hökuməti ilə razılaşdırılması gözlənilirdi və 2024-ci ildən sonra da davam etdirilməli idi. Indiki halda BP-nin hasilatı proqnoza uyğun olaraq həyata keçirməməsi son nəticədə BP-nin bu kontrakt boyunca daha stabil gəlirləri olmasını təmin edir. BP 2011-ci ildə 39,8 mlrd. mənfəət əldə edib. Bu da Azərbaycanın 2011-ci ildəki büdcəsindən 2,5 dəfə çox olub. Eyni zamanda BP-nin dünyada 20 ən gəlirli hasilat quyusundan 9-u Azərbaycanda yerləşir. BP Azərbaycanda kifayət qədər mənfəətli fəaliyyət göstərir və burda onun fəaliyyətinin rentabelliyi başqa ölkələrlə müqayisədə daha yüksəkdir. Ümumiyyətlə, BP dünyanın 80 ölkəsində fəaliyyət göstərir. Düzdür, hamısında hasilatla məşğul olmur. Həm ABŞ-da, həm Avropada, həm Azərbaycan kimi ölkələrdə belə hasilatı həyata keçirir. BP Azərbaycan iqtisadiyyatının yarısı deməkdir…
BP həm də lobbiçilik fəaliyyəti ilə məşğul olan təşkilatdır. Bunu açıq şəkildə həyata keçirir. Ölkələrdəki siyasi hakimiyyətin sabitliyi məsələsi BP-nin fəaliyyətində əhəmiyyətli rol oynayır. Ona görə BP-nin müəyyən siyasi hakimiyyətlərlə əməkdaşlıq etmək siyasəti də var. Hətta BP-nin ən böyük lobbiçilik fəaliyyətlərindən biri ABŞ Konqresində həyata keçirilir. BP yalnız ölkə səviyyəsində deyil, həm də qlobal səviyyədə lobbiçilik siyasəti olan bir şirkətdir. 2009-cu ildə BP ABŞ Konqresində lobbiçilik fəaliyyəti üçün 16 mln. dollar pul xərcləyib. 2011-ci ildə isə BP 47 lobbini cəlb etməklə bütövlükdə lobbiçilik fəaliyyətinə 8 mlrd. 430 mln. dollar xərcəyib. BP həm də kifayət qədər siyasi institutdu. Dünyanın 4-cü, enerji sektorunun 3-cü böyük şirkətidir. Bu şirkətin kifayət qədər böyük gəlirləri, qlobal təsirləri var. Bu şirkətin 2011-ci ildə gəlirləri 375 mlrd. 517 mln. dollar olub. Bu baxımdan BP ilə hökumətin münasibətlərindəki dəyişiklik ciddi əsaslara söykənir…

“BP-ni məhv etmək mümkün deyil”

– Məqalədə deyilir ki, Əliyev BP-nin iflasını hazırlayır. Müəllif əlavə edir ki, Əliyev özünə sual verməlidir – bu onun özünə daha çox ziyan vurmayacaqmı? Bu nəyə işarədir?
– Prezident seçkiləri gəlir. Seçkilərdə müxtəlif beynəlxalq qüvvələrin rəyləri və təsir imkanları var. Görünür, prezident seçkilərində bu gözlənilir. Azərbaycanın siyasi hakimiyyətinə beynəlxalq birliyin münasibəti məsələsinə işarə vurur. Amma düşünmürəm ki, bu gün BP-ni Azərbaycanda məhv etmək mümkündü. Əslində BP-ni Azərbaycanda məhv etmək heç də ölkənin özünün nə iqtisadi, nə siyasi maraqlarına uyğun gəlir. Amma BP-nin ola bilər müəyyən mənada həm iqtisadi, həm siyasi fəaliyyət imkanlarını müəyyən mənada məhdudlaşdırmaq xətti yeridilə bilər. Bu da vəziyyəti dəyişə bilməyəcək. Bu ilin ikinci yarısına qədər olan dövrdə bizim neft kontraktlarından əldə etdiyimiz gəlirlər 60 mlrd. manatdan bir az çoxdur. Bu, hökumətin gəlirləridir. Azərbaycan bu qədər mənfəət əldə edib. Prezidentin açıqlamasında belə bir şey getmişdi ki, bütövlükdə Azərbaycan neftdən 28 mlrd. manat gəlir əldə edib. Amma bütövlükdə mənfəət 28 mlrd. dollardan çox olub. Mənfəətdən əlavə xərcləri qarşılamışıq. Çünki 2008-ci ildə, demək olar, bütün şirkətlər öz xərclərini sıfır vəziyyətinə gətirdilər. Xərclərin şişirdilməsi ilə bağlı bütün ölkələrdə ittihamlar olub. O cümlədən Qazaxıstanda da “Kaşaqan” yatağının istismarında hakimiyyət şirkətlər qarşısında bu ittihamlar çıxış edib. Əslində biim əvvəlki ilkin dəyərləndirməyimizə görə, “Azəri”-“Çıraq”-“Günəşli” yatağının xərcləri 14 mlrd. dollar müəyyənləşdirilmişdi. Ancaq indi, göründüyü kimi, bu, 28 mlrd. dollardı. Fərq Azərbaycan neftindən əldə edilən gəlirlər hesabına ödənilir. Bu baxımdan fərqin belə çox olması son nəticədə mənfəətin azalmasına gətirib çıxarır. Ancaq istənilən halda Azərbaycansy bu gün valyuta ehtiyatlarının formalaşmasında və Azərbaycanda əvvəllər daha yüksək olmuş iqtisadi artımın təminatında və ixracat potensialının genişlənməsində BP-nin əhəmiyyətli töhfəsi olub.

“BP-in payının azaldılması müzakirə predmeti ola bilər”

– Yazıda Azərbaycan hökumətinin yeni kontrakt şərtləri təklif etdiyinə işarə vurulur. Söhbət “Azəri”-“Çıraq”-“Günəşli” yatağından əldə edilən gəlirdən gedir. Bu nə qədər realdır?
– Əvvəlki kontrakta əlavələr etməklə onun artırılması istiqamətində müzakirələr başlamışdı. Bu, mövcud kontraktın uzadılması məqsədilədir. Ola bilsin orda kontraktın şərtlərində müəyyən dəyişikliklərin təklif edilməsi mümkün olsun. Amma indiki halda kontraktın şərtləri elədir ki, Azərbaycan hökumət olaraq daha əlverişli şərtlərə malikdir. Çünki əldə edilən mənfəət neftinin 80 faizi Azərbaycan hökumətinə çatır, 20 faizi isə şirkətlər arasında bölüşdürülür. Şirkətlərdən biri də ARDNŞ-dir və o şirkətlərə ayrılan paydan pay götürür. Bu baxımdan ola bilər ki, Azərbaycan hökuməti ilə BP arasında müəyyən danışıqlar gedir. Özü də BP ilə danışıqlar yalnız “Azəri”-“Çıraq”-“Günəşli” ilə bağlı deyil. Başqa kontraktlarla da bağlı ola bilər. Çünki BP özü Azərbaycanda 4 kontrakta cəlb olunub. BTC-də də BP var. “Şahdəniz” yatağında, “Şəfəq-Asiman” yatağında da BP var. “Şəfəq-Asiman” yatağını, demək olar, 50/50-yə ARDNŞ ilə bölüşdürüblər. Indi BP-nin əməliyyatçısı olduğu layihələrdən ən gəlirlisi “Azəri”-“Çıraq”-“Günəşli” yatağıdır və bu yataq da şirkətlər arasında bölgü prinsipilədir. Bütövlükdə 35,8 faiz BP-yə, 11,6 faiz ARDNŞ-ə məxsusdu. BP-nin burda payı ARDNŞ-nin payından üç dəfə çoxdur. Ola bilər kontraktın uzadılmasında Azərbaycan hökumətinin şirkətlərin pay bölgüsündə ARDNŞ-nin payını artırmaqda marağı var. Çünki ARDNŞ indiki halda həm də ölkədə iqtisadi qərarların reallaşmasında və həm də bəzən müəmmalı biznesin formalaşmasında əhəmiyyətli rol oynayır. Bu baxımdan kontraktın uzanan mərhələsində BP payının azaldılması müzakirələrin predmeti ola bilər. Orda hansısa məntiq görürəm. Ola bilsin bu istiqamətdə də BP ilə hökumət arasında müəyyən fikir ayrılığı yaransın.

Investisiya layihələri hakimiyyətin saxlanılmasında əhəmiyyətli rol oynayır

– Məqalədə örtülü mesaj da var. Bildirilir ki, Əliyev neft pullarının hakimiyyətdə qalmaq üçün yeganə yapışqan olduğunu yaxşı başa düşür. Bununla nəyə işarə vurulur?
– Demək istəyirlər ki, bu gün ölkədə həyata keçirilən infrastruktur və iqtisadi xərcləmələr, investisiyalar əsasən neft gəlirlərindən qaynaqlanır. Bu ilin büdcəsinə Dövlət Neft Fondundan 9,9 mlrd. manat vəsait transfert olunmuşdu və onun hesabına, demək olar, əsasən investisiya layihələri maliyyələşdirilirdi. Investisiya layihələri həm də mövcud hakimiyyətin saxlanılmasında əhəmiyyətli rol oynayır. Bu layihələr hesabına hakimiyyət özünün siyasi və sosial məqsədlərinə nail olur. Növbəti il üçün Dövlət Neft Fondundan büdcəyə ayrılacaq transfert 13,1 mlrd. manata qaldırıldı. Bu, kifayət qədər ciddi artım idi. Növbəti il prezident seçkiləri ilidir. Bunda da kifayət qədər məntiq var. Çünki gəlirlərin çox olması həm də onun xərclənmə imkanlarını genişləndirir. Növbəti il əmək haqlarının və pensiyaların artırılması nəzərdə tutulub. Bu baxımdan növbəti ildə bu dəyişikliklərin baş verməsi, bu proqramların həyata keçirilməsi yalnız neft gəlirlərinin artım səviyyəsindən asılıdır. Söhbət yalnız 2013-cü ildən getmir. Bütövlükdə növbəti 5 il üçün hər hansı iqtisadi siyasətin həyata keçirilməsi neftin gəlirlərinin bazasında mümkündür. 2013-cü ilin dövlət büdcəsində sosial yönümlü xərclər 5 mlrd. 37 mln. manat proqnozlaşdırılır ki, bu da 2012-ci ilə nisbətən 331 mln. manat, yaxud 7,1 faiz çox olacaq.

“Şirkətlər hökumətə qarşı iddia qaldıra bilər”

– Məqalədə bildirilir ki, Azərbaycan hökumətinin gələcəkdə “Şəhdəniz” yatağının işlənməsini ABŞ-ın EXson-Mobil şirkətinə vermək niyyəti var, lakin qarşı tərəf bununla razılaşmayıb. Bu nə qədər mümkündür?
– Hesab etmirəm ki, hökumət bağlanmış müqavilələrdə payın dəyişdirilməsinə belə asanlıqla nail olsun. Çünki “Şahdəniz” yatağında ABŞ şirkəti fəaliyyət göstərmir. Bu yataqda 25,5 faiz BP-nin, 25,5 faiz Statoil-in payı var. ARDNŞ 10 faizlik payla təmsil olunub. Lukoyl, Total və Niko şirkətləri də o qədər paya sahibdir. Türk Petrolları Anonim Şirəkti 9 faiz paya sahibdir. Amma BP eyni zamanda “Şahdəniz” yatağının, Cənubi Qafqaz kəmərinin əməliyyatçısıdır. Düşünmürəm ki, “Şahdəniz” yatağında hökumət ciddi pay dəyişikliklərinə nail ola bilsin. Bu o qədər də asan deyil. Kontraktlar Azərbaycan parlamentində qanun səviyyəsində ratifikasiya olunub. Bu çox ciddi əsasdır ki, şirkətlər hökumətə qarşı iddia qaldırsın.

– Yazıda bildirilir ki, Əliyevin dəhşətli dərəcədə ötkəm olması onun özünü ziyan qarşısında qoyur. Bununla nəyə işarə edilir?
– Ola bilər sonda deyiləsi sözü əvvəldə deyir, müəyyən mənada bu məsələlərə münasibətdə birbaşa mesajları səsləndirir. Onu nəzərdə tuta bilərlər.

“Hökumət neftin tükənən sərvət olduğunu düşünməlidir”

– Məqalədə Azərbaycan rəhbərliyinə məsləhət görülür ki, Azərbaycanın neft xəritəsində harda yerləşdiyinə yaxşı nəzər salsın. Bu nəyə işarədir?
– Bu ona mesajdır ki, Azərbaycanda neft hasilatının azalması ölkənin neft bazarında rolunu, iştirak imkanlarını getdikcə məhdudlaşdıracaq. Bu ona mesajdır ki, Azərbaycan hökuməti neftin tükənən sərvət oluğunu düşünməlidir. Müəyyən dövrdən sonra Azərbaycanın enerji bazarına təsir etmək imkanları indiki qədər çox olmayacaq. Həm də enerji təhlükəsizliyinin təminatında, enerji resurslarının təklifində Azərbaycan indiki kimi güclü olmayacaq. Azərbaycanı beynəlxalq arenada diqqət mərkəzində saxlayan, xarici siyasətdə müəyyən dəyişikliklərə şərait yaradan bu faktorun getdikcə təsir gücü azalacaq. Azərbaycan hakimiyyəti bunu nəzərə almalıdır. Çünki biz artıq hasilatda və iqtisadi artım tempində başı aşağı gedirik.

“Hökumətin iqtisadi və siyasi yanaşması dəyişməlidir”

– Məqalədə açıq mesajlar da var. Məsələn, bildirilir ki, BP Azərbaycanda iflasa uğraya bilər. Ancaq Əliyev ayağını məhdud enerji yorğanına uyğun uzatmasa, daha tez süqut edəcək. Bu nəyin mesajıdır?
– Bu mənim dediklərimin təsdiqidir. Çünki bir daha işarə olunur ki, enerji resursları tükənməkdədir və Azərbaycanda aparılan kəşfiyyat işləri göstərir ki, yeni neft ehtiyatlarına çıxış imkanları məhduddur. Mövcud yataqların istismarından əldə edilən gəlirlərlə Azərbaycan kifayətlənməlidir. Bu yataqlarda hasilatın səviyyəsinin aşağı düşməsi, gəlirlərin azalması da son nəticədə hakimiyyətin siyasətində müəyyən dəyişikliklərə gətirib çıxarmalıdır. Hakimiyyət əvvəlki qədər neftə güvənib həm daxildə, həm də beynəlxalq səviyyədə öz siyasətini həyata keçirməli deyil. Növbəti il üçün 13,1 mlrd. manat Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertə qərar veririksə, ən yaxşı halda növbəti illərdə bu tempi saxlamalıyıq. Amma bu tempi saxlamaq üçün gücümüz çatmır. Bu ona gətirib çıxara bilər ki, xərcləmələrin tempini saxlamaq üçün Azərbaycan hökuməti çox ciddi borclamalara getsin və borc öhdəliklərini çoxaltsın. Bu baxımdan qeyd etmək istəyirlər ki, indiyə qədərki siyasətlə bundan sonra olacaq iqtisadi və siyasi yanaşmalar dəyişməlidir. Çünki artıq yeni dövr başlayıb. Yeni dövrün yeni tələbləri var.

“Xərcləmələrin artması ciddi təhlükələr yarada bilər”

– Yazının sonunda Neft Fonduna vaxtilə toplanmış pulların hara xərcləndiyi sual edilir. Bu nəyə mesajdı?
– Ola bilər müəllifin özünün həm də sətiraltı müəyyən məqsədləri var. Amma onu deyə bilərəm ki, bu gün Azərbaycan hökumətinin Neft Fonduna yığdığı vəsaitlər barədə məlumatı o qədər də gizli deyil. Neft Fondunda olan vəsaitlərin 54,6 faizini, bu ilin yayına olan məlumata görə, xərcləmişik. Təxminən 33,1 mlrd manat artıq xərclənib. Qalan vəsait isə təxminən 29 mlrd. manat səviyyəsindədir. Neft gəlirlərinin həcmi ilə bağlı məlumatlar asanlıqla əldə olunsa da, xərcləmələrin həm həcmi, həm də keyfiyyəti şübhə doğurur.

“BP ilə çəkişmə məhkəmə predmeti ola bilməz”

– Telekanallar Azərbaycanın BP ilə bağlı beynəlxalq məhkəməyə müraciət edə biləcəyi ətrafında müzakirələr açıb. Bu qarşıdurmanın sonunu necə görürsünüz?
– Məhkəmə perspektivini görmürəm. Çünki bu, Azərbaycan hakimiyyətinə nə isə vermir. BP ABŞ-da olduğu kimi Meksika körfəzinə neft axıtmayıb, ekologiyaya ziyan vurmaqda günahlandırılmır. BP hələ ki, xərclərini şişirtməkdə də günahlandırılmır. Yalnız proqnozlarla göstəricilər arasında fərqin yaranmasında ittiham edirlər. Bu, ciddi ittiham deyil.

Fizzə