Zaur Qurbanlı işdən çıxarıldı

“Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü, gənc fəal Zaur Qurbanlı işdən çıxarılıb. Zaur Qurbanlı “Media forum” saytına deyib ki, oktyabrın 1-də işlədiyi İcraçı Kredit Agentliyindəki işindən azad edilib: “Həmin vaxt həbsdə olmuşam. Atamı iş yerimə çağırıb deyiblər ki, Zaur işdən azad olunub, gəlib ərizə yazsın, öz istəyi ilə işdən azad edək ki, əmək kitabçasına da belə yazılsın. Atam razılaşmayıb”.

Zaur Qurbanlı bildirib ki, həbsdən çıxandan sonra, oktyabrın 15-də İcraçı Kredit Agentliyinə gedib, baş direktor Arif Əliyevlə görüşüb: “Guya işə gecikmişəm, ona görə qovublar. Amma dəqiq bilinir ki, “yuxarı”dan təzyiq ediblər, deyiblər həmin şəxs orada işləməməlidir”.

Gənc fəalın sözlərinə görə, işdən çıxmaq haqda ərizə yazmaqdan imtina edib: “Əmək kitabçasını və işdən çıxarılmağıma dair əmrin surətini alandan sonra məhkəməyə müraciət edəcəm”.

Zaur Qurbanlı mübarizədən çəkilməyəcəyini söyləyib: “İctimai fəallığımı əvvəlki kimi davam etdirəcəm. İş tapmağa çalışacam. Xaricə getmək kimi bir planım yoxdur. Bacardığım qədər burda qalacam və işlərimi burda davam etdirəcəm. Xaricdən mübarizə aparmaq olmur. Avropadan kifayət qədər görüləsi işləri görənlər var. Xaricə getmək planım yoxdur”.

Zaur Qurbanlı Dünya Bankının maliyyələşdirdiyi İcraçı Kredit Agentliyində 2011-ci ilin mayından hüquqşünas vəzifəsində çalışıb. O, sentyabrın 29-dan oktyabrın 14-dək inzibati həbs cəzası çəkib.