İranın ilginc planı ifşa olundu

Tehran rejimi Qərbin sanksiyalarından yayınmaq üçün “ekoloji fəlakət” yaratmağı planlaşdırıb

Tehran rejimi özünə yönəlik iqtisadi sanksiyalara son qoyulmasına nail olmaq məqsədiylə dünyanın enerji bazarına mühüm çıxışlardan biri Hörmüz boğazını bağlamaq və dənizdən neft ixracatına maneə törətmək üçün ilginc plan hazırlayıb. İranın məlum planından xəbərdar olan Almaniyanın məşhur “Der Spiegel” jurnalının xəbərinə görə, Tehran rejimi məqsədinə çatmaq üçün boğazda ekoloji böhran yaratmaq istəyir.

Xəbərdə bildirilir ki, İslam İnqilabı Mühafizə Korpusunun (SEPAH) komandanı Məhəmməd Əli Cəfərinin hazırladığı “Palçıqlı Su” kod adlı əməliyyat çərçivəsində İrana aid bir neft tankerinin Hörmüz boğazında qayalıqlara çırpılaraq “qəzaya uğraması” nəzərdə tutulub. Məqsəd ətraf bölgədə ekoloji çirklilik yaradaraq dəniz ticarətinin qarşısını almaq, İrana düşmən olan qonşu Ərəb ölkələrini cəzalandırmaq və Qərbi geniş dəniz təmizləmə əməliyyatı keçirməyə məcbur etməkdir. Bununla da də Tehran rejiminə tətbiq olunan sanksiyaların da bir müddətlik təxirə salınmasına nail olmaq planlaşdırılır.

“Der Dpiegel” əlavə edir ki, ətraf mühitin təmizlənməsi yalnız İran tərəfinin texniki dəstəyiylə mümkün olacaq. Bu da İrana qarşı sanksiyaların ən azə müvəqqəti dayandırılmasına yol açacaq. Hətta bir qismi SEPAH-a adi bəzi iranlı şirkətlərin bundan mənfəət də əldə edə biləcəyi deyilir. Jurnal xəbərin mənbəyini göstərməsə də Qərb kəşfiyyat qurumlarının planı araşdırdığını bildirib.