Professorun evini uçurdular

Qüdrət Isaqov: «Mənim hər hansı qoçu dəstəsinə pul vermək imkanım yoxdur»

Elmlər Akademiyasının Fizika Institutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət Isaqov başına açılan oyunla bağlı Ilham Əliyevə yazdığı məktubun surətini xarici səfirliklərə də göndərib.
Professor məktubda yazır ki, 5 nəfərlik ailəsilə cəmi 45 kvadrat metrlik mənzildə yaşayır. Təbii ki, bu dözülməz darısqallıq da elmi fəaliyyətinə, istirahətinə mane olur. Bu səbəbdən mənzil şəraitini azca da olsa, yaxşılaşdırmaq üçün yaşadığı binadakı və ümumiyyətlə, Bakıdakı bütün binalardakı kimi, eyvanın qarşısını kərpiclə hördürüb: “Pəncərə qoymaq istəyəndə 102 saylı MIS-in rəisi Namiq başında da bir dəstə qoçu ilə gəlib məni hədələdilər. Kərpic divarı sökmək adıyla mənzilimə soxulmaq istədilər. Qapını açmadım. Bu zaman Namiq qişqırdı ki, divarı uçurun. Qoçular yerdən 4 metr uzunluqda bir dəmir parçası taparaq, tikdiyim divarı uçurub eyvanın içinə tökdülər. Namiq eyvanımı sindıra-sındıra deyirdi ki, o, xırda adamdır, onu bura Binəqədinin icra başçısı, onun müavini Qəzənfər adlı şəxs göndərib. Mənə də həmin Qəzənfərin yanına getməyi məsləhət görürdü”.
Qüdrət Isaqov onu da qeyd edir ki, eyvanın qarşısını hörməkdə məqsədi həm də qışda soyuğun qabağını almaq idi. Çünki yaşadığı binada qaz yoxdur, aldığı əməkhaqqı isə yeməyə və işıqpuluya çatmır: “Mənim əməkhaqqım cəmi-cümlətanı 320 manatdır. Korrupsiya ilə məşğul olmuram. Dövlət büdcəsinin təmir-tikinti adıyla dağıdılmasında, yüzlərlə ölü canlar hesabına 10 minlərlə, 100 minlərlə manatın oğurlanması prosesində iştirak etmirəm. Yolların ortasında şadlıq sarayları tikməmişəm. Mənim hər hansı qoçu dəstəsinə pul vermək imkanım yoxdur”.
Məkubun sonunda Qüdrət Isaqov özünün və ailəsinin təhlükəsizliyinə təminat istəyir.