Azərbaycanın ilk mobil operatoru «Bakcell» dünyanın ən məşhur futbol klublarından olan “Mançester Yunayted”lə tərəfdaşlığa başlayıb. Bununla bağlı Biznes Mərkəzində keçirilən tədbirdə bildirilib ki, üçillik tərəfdaşlıq müqaviləsi çərçivəsində «Bakcell» bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım müqaviləsi bağlayan ilk şirkət oldu.
Tədbiri giriş sözü ilə açan «Bakcell»in media ilə əlaqələr üzrə baş mütəxəssisi Süheyla Cəfərova qeyd etdi ki, Azərbaycanda həmişə ilklərə imza atan «Bakcell» bu addımı ilə yenə birinci olduğunu sərgilədi. S.Cəfərova vurğuladı ki, bundan sonra «Bakcell» “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq bu komandanın ölkədəki azarkeşlərinə və 2.6 milyondan artıq abunəçisinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edəcək: «Bu layihə son illərin ən böyük marketinq proyektidir. “Mançester Yunayted” ilə müqavilə imzalamaqla şirkətimiz daha bir ilkə imza atdı. Bu ərəfədə «Bakcell» 17 yaşlı qadınlar arasında Dünya Çempionatının da tərəfdaşı olub».
Bu tərəfdaşlıqdan danışan “Mançester Yunayted” klubunun əlaqələr üzrə direktoru Nick Hamfreys bildirdi ki, onların klubu Azərbaycanın ilk mobil operatoru «Bakcell» şirkəti ilə əməkdaşlıq etməkdən çox məmnundur: «Bakcell-in rəsmi “Mançester Yunayted” mobil xidmətlər paketinin abunəçiləri klubun ən son xəbərləri, son oyunların video görüntüləri, rinqtonlar, divar kağızları və s. əldə edəcəklər. Bakcell, həmçinin klubun rəsmi MUTV televiziya kanalını Azərbaycanda yaymaq hüququna malik olub, futbol azarkeşlərinə futbolçuların son müsahibələri və səhnəarxası çəkilişlərini izləmək imkanını verəcək. Bu, Azərbaycanla olan yeganə əməkdaşlığımızdır. Azərbaycanlı azarkeşlərimizin sayı gündən-günə artır və biz inanırıq ki, Bakcell şirkəti ilə iş birliyimiz azarkeşlərimizə sevdikləri kluba daha yaxın olmaq imkanı yaradacaq”.
Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib ki, Azərbaycanın ilk mobil operatoru Bakcell daim “İlklər” şirkəti olub və dünyanın bir nömrəli futbol brendi olan “Mançester Yunayted”lə əməkdaşlıq bunun daha bir əyani sübutudur.
Tədbirdə iştirak edən “Mançester Yunayted” klubunun əfsanəvi qapıçısı Peter Şmeyxel də qatılmışdı. Öncə tədbir iştirakçıları ölkəmizlə bağlı təəssüratlarını bölüşən qapıçı peşəkar futbolda oydanıdığı illərdə Azərbaycan yığmasına qarşı oynamaq şansı olmadığına görə təəssüflənir: “Təəssüflər olsun ki, Azərbaycan yığması ilə oyunlarda qarşılaşmamışam. Uşaqlıqdan “Mançester Yunayted” klubunun azarkeşi olmuşam. Sonra vaxt elə gətirdi ki, özüm bu klubun oyunçusu oldum. Bu günki hadisə də bir yenilikdir”.
Daha sonra “Mançester Yunayted”in futbolçularının iştirakı ilə çəkilən bir neçə reklam çarxı jurnalistlərin diqqətinə çatdırıldı. Tədbirin sonunda “Mançester Yunayted”in təmsilçilərinə üzərində klubun emblemi olan Azərbaycan xalçası hədiyyə edildi. “Mançester Yunayted” klubunun əlaqələr üzrə direktoru Nick Hamfreys isə öz növbəsində R.Şirerə üzərində klubun üzərində «Bakcell» yazılan idman köynəyini təqdim etdi.
Xəyal