Ekspert Bakıda 8 ballıq zəlzələnin ola biləcəyini istisna etmir

Tahir Məmmədli: “Bakı və Abşeron yarmadası Xəzər dənizindən baş verən güclü zəlzələlərdən titrəyə bilər”

“Dünən Azərbaycanda baş verən 6 ardıcıl zəlzələ hələ də davam edəcək”. Respublika Seysmoloji Xidmət Mərkəzinin sesymoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-ə açıqlamasında deyir ki, bu yeraltı təkanların hamısı güclü zəlzələ baş verdikdən sonra avterşoklar seriyasına daxildir. “Dünən baş verən zəlzələ də kifayət qədər güclüdür və bundan sonra avterşokların davam etməsi adi haldır. Hətta sizə deyim ki, hazırda yeraltı təkanların sayı gözlədiyimizdən də azdır. Biz daha çox avterşok gözləyirdik. Düşünürəm ki, birazdan bu təkanların sayı daha da artacaq. Güclü zəlzələdən sonra onun intensivliyində qanunauyğun olaraq avterşokların sayı artacaq. Bundan sona da bu tip zəlzələlərin sayı çoxalacaq”.

Tahir Məmmədli deyir ki, avterşokların gücü adətən birinci təkandan az olur. Amma bunun necə olacağı barədə proqnozu heç kim verə bilməz. Belə avterşoklar əvvəlki zəlzələdən sonra səngimədən ola bilər və oların gücü 5, 5-7 bala da çata bilər.

Bu il Azərbaycanda kifayət qədər zəlzələ qeydə alındığını deyən Tahir Məmmədli onların sayının ötən illərə nisbətən daha çox olduğunu bildirir. Belə ki, ocaq zonasında müəyyən tektonik proseslərdən sonra gərginlik toplanır və həmin gərginlik pik həddinə çatanda qəflətik hərəkət baş verir. Bu da zəlzələyə səbəb olur.

Tahir Məmmədli zəlzələnin əvvəlcədən proqnozlaşdırılması ehtimalına da münasibət bildirib: “Seysmoloqların tədqiqatları göstərir ki, elə yerlər var ki, orada aktivlik yüksəkdir, amma orada zəlzələ baş vermir. Lakin elə yer var ki, orada aktivlik yoxdur, amma həmin ərazidə güclü yeraltı təkan olur. Ona görə də, bu günə qədər harada zəlzələ baş verməsilə bağlı proqnozların verilməsi mümkün olmayıb. Əgər onlar zəlzələni bilsəydilər, əvvəldən deyərdilər ki, 20 saat ərzində zəlzələ olacaq. Sadəcə bunu sonradan demək düşünürəm proqnoz sayıla bilməz”.

Tahir Məmmədli deyir ki, Bakı və Abşeron yarmadası Xəzər dənizindən baş verən güclü zəlzələlərdən titrəyə bilər. “Xəzər dənizində çoxsaylı belə zəlzələ ocaqları ola bilər. Onlardan ən yaxını Abşeron yarmadasından 50 kilometr cənubda yerləşir. O, zəlzələnin təsiri Bakı və Abşeron yarmadası üçün 12 ballıq şkala üzrə 8 bal gücündə ola bilər. Digər ərazilərdən Şamaxı zəlzələsi də Bakıya təsir edə bilər. Lakin məsafə uzaq olduğu üçün Şamaxıdakı zəlzələ paytaxtda yalnız 5 bal gücündə hiss oluna bilər. Bu o qədər təhlükəli deyil. Lakin Xəzər dənizində baş verə bilən zəlzələ Bakını və Abşeronu 8 bal gücündə titrədə bilər”, – deyə seysmoloq bildirib.

Ekspert deyir ki, əgər paytaxtda zəlzələ baş verərsə, o zaman ən təhlükəli məqam köhnə tikilmiş binalar üçün yarana bilər. “Azərbaycanda keçmişdə, 30-40 il bundan əvvəl tikilmiş binaların seysmoloji davamlılığı şübhə altındadır. O dövrdə seysmoloqlarda olan məlumatlara əsasən həmin binalar yalnız 7 bala hesablanmışdı. Ona görə də, daha çox köhnə binalar zəlzəlyə məruz qala bilərlər. Lakin indi paytaxtda 8 bal gücündə zəlzələ ola biləcəyi istisna deyil”.

Lakin yeni tikilən binalarda vəziyyət bir qədər başqadır. Burada Bakının və Abşeron yarımadasının seysmilik göstəricisi nəzərə alınır. “Təzə bina tikilərkən seysmoloji mərkəzdən həmin ərazi barədə seysmoloji rəy alınmalıdır. Fövqəladə Hallar Nazirliyi isə həmin göstəricilərə nə dərəcədə əməl olunub-olunmamasına nəzarət edir. Hazırda bizim mütəxəssislərin rəyi olmadan yeni bina tikintisinə icazə verilmir. Lakin bu o demək deyil ki, paytaxtdakı bütün binalar tikilərkən bu amillər nəzərə alınır”.

Tahir Məmmədli əhaliyə bacardıqları qədər diqqətli olmağı məsləhət bilir. “Əgər zəlzələ baş vermiş ərazidə zədələnmiş binalar varsa, bu binalara girmək məqsədə uyğun deyil. Çünki həmin avterşoklar zədələnmiş binanı bir az da silkələyib dağıda bilər. Ona görə də zədələnmiş binada yaşamaq təhlükəlidir”.