Erik Rubin: “Azərbaycan hökuməti ilə BP arasındakı məsələyə Amerikanın müdaxilə etməsi məqsədəuyğun olmaz”
“Azərbaycan Iranın yaxın qonşusu kimi burada mühüm rol oynaya bilər və bu rolu da oynayır”
Dünən Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin Azərbaycana səfərinin yekunları ilə bağlı jurnalistlərin suallarına cavab verib.
Turan-ın “Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü ilə bağlı razılıq varmı” sualına cavabında Rubin deyib: “Mən və mənim ölkəm iki ölkə rəhbərinin görüşünü istərdik və bunu dəstəkləyirik. Bu, hər iki ölkə rəhbərinin və Minsk Qrupunun həmsədrlərinin öz aralarında razılığa gəlməli olduğu bir məsələdir”. O, rəsmi görüşləri ilə bağlı sualın cavabında deyib ki, Amerika ilə Azərbaycan arasında çox geniş miqyaslı məsələlər müzakirə edilib.
“Amerikanın Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına bizim ölkənin verdiyi dəstək ətrafında müzakirələr apardıq. Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvüdür. Buna görə də biz artıq əvvəlki illərə nisbətən daha qlobal, daha geniş miqyasda dünya üzrə məsələləri də müzakirə etdik”, deyə o bildirib.
BP şirkətinin Azərbaycan tərəfindən tənqidinə münasibətlə bağlı sualın cavabında o deyib ki, Azərbaycan hökuməti ilə BP arasındakı məsələyə Amerikanın müdaxilə etməsi məqsədəuyğun olmaz.
“Bu, onların öz aralarında olan məsələdir. Amma Amerika Azərbaycanda enerji hasilatının davam etdirilməsində, artırılmasında maraqlıdır və buna dəstək göstərmək istəyir”.
QHT-lərə dəstəklə bağlı sualın cavabında Rubin deyib ki, vətəndaş cəmiyyətlərinin inkişafı həm Azərbaycan, həm də Amerika cəmiyyətinin mühüm elementlərindən biridir.
“Biz Azərbaycanda sağlam vətəndaş cəmiyyətlərinin olmasına dəstək veririk. Hesab edirik ki, bu öz növbəsində hökumətin də sağlam olmasına gətirib çıxarır. Vətəndaş cəmiyyəti ilə hökumət arasında əməkdaşlığın olması, yəni birinin inkişafı digərinin inkişafına təkan verir. Amerika hökuməti uzun müddət Azərbaycanda vətəndaş cəmiyyətinin yaranmasına və inkişafına kömək göstərib. Hesab edirəm ki, bu istiqamətdə mühüm işlər görülür, əlbəttə ki hələ görüləsi işlər də var. ABŞ hökuməti bu istiqamətdə öz dəstəyini göstərəcək”. Irana qarşı sanksiyalarla bağlı suala cavabda E.Rubin bildirib ki, Amerika hökuməti Azərbaycanın beynəlxalq ictimaiyyətin mühüm fəaliyyətinə verdiyi dəstəyi çox yüksək dəyərləndirir. “Bu mühüm fəaliyyət ondan ibarətdir ki, Iranın nüvə silahı yaratmasının qarşısı alınsın. Azərbaycan Iranın yaxın qonşusu kimi burada mühüm rol oynaya bilər və bu rolu da oynayır. Biz Iran rəhbərliyi ilə müəyyən irəliləyişin əldə olunmasına nail olmuşuq. Onlara izah edə bilmişik ki, Iran öz iqtisadiyyatını inkişaf etdirmək, müsbət irəliləyişə nail olmaq və nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək haqqı var. Amma, bütün bu fəaliyyətlər nüvə silahının yayılmaması qanunu çərçivəsində həyata keçirilməlidir. Prezident Obamanın da qeyd etdiyi kimi artıq tətbiq olunmuş sanksiyalar öz təsirini göstərib. Bu Iran hökumətini danışıqlar masası arxasına gətirməyə imkan verib. Bu istiqamətdə səylərin davam etdirilməsi məqsədəuyğundur.
Rubin “Turan”ın daxili demokratiyanın inkişafı və insan haqları ilə bağlı Azərbaycan rəhbərliyi ilə aparılan müzakirələr barədə sualının cavabında deyib ki, dövlət katibi Hillari Klintonun dediyi kimi hər hansı ölkənin ümumi inkişafında demokratiyanın inkişafı mühüm rol oynayır.
“Amerika Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra demokratiyanın inkişafına öz dəstəyini göstərib və bu dəstək davam etdiriləcək. Biz bu istiqamətdə Azərbaycan rəsmiləri ilə müntəzəm olaraq produktiv və müsbət dialoqlar aparırıq. Amerika hökuməti bu istiqamətdə dəstəyini göstərməkdə davam edəcək”.