Avropadan Əsəd rejiminə növbəti qadağalar

Suriya hava yollarına aid təyyarələrin Avropa hava limanlarından istifadəsi yasaqlndı

Avropa Birliyi (AB) Suriyaya qarşı yeni sanksiyaların qəbulu barədə qərar verib. Quruma üzv ölkələrin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantısında Suriya Ərəb Hava Yolları şirkətinə aid təyyarələrin AB hava limanlarından istifadəsini qadağan edən qərar qəbul olunub. Əlavə edək ki, bir neçə gün önvə Türkiyə hökuməti analoji addım atmışdı. AB-nın Bəşər Əsəd rejimini hədəf alan əlavə sanksiyalar paketində əvvəllər mal varlıqları dondurulan suriyalıların Avropaya səyahət etməsi qadağan olunub.

Bunlarla yanaşı Suriya rejiminə silah və maliyyə ötürən iki şirkətin də Avropa Birliyi ərazisindəki pullarına həbs qoyulub. İnsanlara qarşı zorakılıqda rol alan 28 suriyalı rəsminin Avropa ölkələrinə girişi yasaqlanıb. Xarici işlər nazirləri həmçinin Avropa Birliyi vətəndaşları və şirkətlərinin sığorta təmin etmək daxil olmaqla birbaşa və ya dolayı yollarla Suriyaya silah göndərilməsini asanlaşdıracaq addımlar atması da qadağan edilib. Nazirlərin toplantısında qəbul olunan bəyannamədə “Bəşər Əsədin Suriyanın gələcəyində yeri yoxdur” fikirləri yer alıb.