Ramiz Mehdiyevin qrupu bu yolla sədaqət nümayiş etdirir
İbrahim İbrahimli: «Qruplararası savaş hakimiyyətin namizədi müəyyənləşənə qədər davam edəcək”
YAP yenidən 2013-cü ildə partiyanın namizədinin Ilham Əliyev olacağını açıqlayıb. Hakim partiyanın icra katibi Əli Əhmədov Trend-ə açıqlamasında qarşıdan gələn qurultayda YAP namizədi kimi prezident Ilham Əliyevin namizədliyinin irəli sürüləcəyini deyib. Bunun ardınca isə partiyanın icra katibinin müavini Siyavuş Novruzov da eyni tipli açıqlama ilə çıxış edib. Seçki məsələsinin gündəmdə olmadığı bir dövrdə YAP rəhbərliyini belə açıqlamalarla çıxış etməsi səbəbsiz deyil.
Gülər Əhmədova olayı baş verəndən sonra bunun hakimiyyəti iki yerə böldüyü və qruplaşmalar arasında mübarizəni gərginləşdiyi xəbəri ortaya çıxdı. YAP ağsaqqalı Kərim Kərimovun bəzi məmurların Gülər Əhmədovanı müdafiə etdiyini deməsi, Ramiz Mehdiyevin baş verənlərin ona qarşı təxribat olduğunu bildirməsi də buna sübut idi. Görünür, Ramiz Mehdiyevin rəhbəri olduğu qruplaşma qarşı tərəfin atacağı addımlardan çəkinərək ölkə başçısına öz sədaqətlərini bu yolla nümayiş etdirir.
Əli Əhmədovun açıqlaması Gülər Əhmədova olayı ilə bağlı ola bilərmi?
İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli son hadisələri hakimiyyətdaxili qruplar arasındakı ziddiyyətlərin təzahürü kimi qiymətləndirir. Hakimiyyətdaxili qrupların qeyri-müəyyən vəziyyətdə olması onların bir-birinə qarşı belə kəskin sərt mövqedə dayanmasına gətirib çıxarır. Artıq şərti olaraq Paşayevlər qrupu adlanan Bakı-Şirvan qruplaşması ilə Ramiz Mehdiyevin başçılıq etdiyi Naxçıvan-Ermənistan qruplaşması Gülər Əhmədova olayından məharətlə bir-birinə qarşı istifadə edirlər. Qarşı tərəf Ramiz Mehdiyevin bu olayda adının hallanmasından istifdə edərək onu sıradan çıxarmağa çalışır. Məhz bu məqamda Naxçıvan qruplaşması nümayəndələrinin namizəd məsələsini gündəmə gətirməsi təsadüfi deyil. Ilham Əliyevin namizədliyinin verilməsini dilə gətirməklə qarşı tərəfin namizədi olan Mehriban Əliyevanı geri oturtmağa çalışırlar.
I.Ibrahimli qrupların hələ uzun müddət kompromat savaşı davam etdirəcəyini də qeyd etdi. Ortaya yeni videogörüntülər çıxa bilər. Təsadüfi deyil ki, özünü müdafiə etmək üçün prezidentə müraciət edən Gülər Əhmədova əlində ciddi faktların olduğunu deyib. Bu baxımdan hakimiyyətdaxili kəskin durum yaranıb və vəziyyətdən çıxış yolları aranaraq qeyri-məntiqli addımlar atılır.
I.Ibrahimli bu prosesin hakimiyyətin vahid namizədi müəyyənləşənə qədər davam edəcəyini də vurğuladı.
Fizzə