PKK və Türk birliyi

Deyəsən Azərbaycanın adını hansısa yaxşı bir siyahıda görmək bizə qismət olmayacaq. Olacaqsa da, hələlik üfüqdə belə, onun işartıları görünmür.
“Türkiyənin ”Haberler” internet qəzeti PKK-ya kömək edən ölkələrin deşifrə olunduğunu yazıb və bu ölkələrin siyahısını verib. PKK-ya kömək edən ölkələr arasında Azərbaycanın da adı var”,- “Azadlıq” qəzeti yazır. Əlbəttə, PKK-ya Azərbaycanın yardımıyla bağlı bu xəbər yeni deyil, sadəcə, siyahının tərtibi və qəzetdə yayımlanması var. Ölkəmizin adı çəkilən siyahıların heç biri dövlətimizə başucalığı gətirmir, bu, aydın məsələdi – korrupsiya siyahıları, şəffaflıqla, təməl insan haqlarıyla, demokratiya, söz azadlığı, sərbəst toplaşma, vicdan məhbusları, mətbuatın düşmənləri və s. və i.a. ilə bağlı siyahılarda həmişə “qürur duyulası” yerlərimiz olub. Bir daha deyirəm, təbii ki, bu siyahılardakı fəxri yerlərimiz adamı utandırır. Ancaq sırf Türkiyə ilə bağlı, özəlliklə də PKK-ya yardım siyahısında yer almaq çox utancvericidi. Bu qədər yaxınkən belə bir siyahıya adımızın düşməsi, əslində Azərbaycanın özünün necə qara əllərdə olmasını bir daha sübut edir və mənə elə gəlir ki, bu məsələdə Azərbaycana hansısa mesajlar yollamaq, öz durumunu düşünməkdən daha ziyadə Türkiyə dövləti Azərbaycan xalqının, Azərbaycan dövlətinin düşdüyü durumdan qayğılanmalı və bunu axır ki açıq-açığına dilə gətirməyi bacarmalıdı.
Bu fakt bir daha göstərir ki, nəinki Azərbaycan dövləti qardaş Türkiyəni çətin durumda qoyur, əksinə, söhbət bizim dövlətin özünün necə təhlükəli vəziyyətdə olmasına dəlalət edir. Bir dövlət, həm də dost-qardaş sayılan bir dövlət öz ərazisindən və iqtisadiyyatından, ticarətindən yararlanıb o biri qardaş dövlətə yardımda bulunan PKK yanlılarını zərərsizləşdirə bilmirsə və ya bu yolda siyasi iradə nümayiş etdirmirsə, deməli, artıq bu dövlətin hardasa bu millətin əlindən çıxması, özgələşməsi anlamına gəlir ki, elə Türkiyənin də qatqısı ilə bu təhlükəli durumun aradan qalxması yolunda bir iş görülməzsə, o zaman vəziyyət daha çətin olacaq. Iş o həddə gəlib-çatıb ki, “pişim-pişim” siyasəti ilə, nəzakətli mesajlarla məsələni həll etmək mümkün deyil.
Bu arada Istanbulda keçirilən Türkiyə-Qazaxıstan biznes-forumunun bağlanış mərasimində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dediyi sözlər xüsusi diqqət çəkir: “Atatürk deyərdi ki, vaxt gələcək, bütün türklər birləşəcəklər. Altay və Aralıq dənizi arasında bizim 200 milyon qardaşımız yaşayır. Əgər biz birləşsək, bütün dünyada effektiv gücə çevrilə bilərik”.
Bu fikrin həqiqiliyinə şübhə etmək mümkün deyil. Gerçəkdən bu birləşmə türk faktorunu dünyada çox möhtəşəm gücə çevirə bilərdi. Hətta bu birləşmənin forma və məzmununu tapmaq da, istək olan yerdə çətin olmazdı. Bir daha deyirəm, istək olan yerdə.
Lakin bir şey düşündürücüdü. Öz xalqından aralı düşmüş və bu üzdən də xalqıyla birləşməyi bacarmayan, bunu istəməyən, arzulamayan, hətta xalqı ilə birliyi önəmsiz bir şey sayan, vecinə almayan bir diktatorun dediyi sözü ciddiyə almağa dəyərmi? Bu fikri irəli aparmaq olarmı?
Əlbəttə, dünyada böyük türk cahangirləri olub, onlar elə Nazarbayevin dediyi ideyanı həyata keçiriblər və gerçəkdən də dünyanın hesablaşmağa məcbur olduqları gücə çevriliblər. Yəni həmin türk cahangirləri, türk xanları da tam bir müstəbid, çağdaş dillə desək, diktator olublar. Ancaq məsələ ondadı ki, o çağda bunun ikinci, alternativ variantı olmayıb. Sadəcə, şahların bir qədər ədalətli olub-olmamaq seçənəkləri vardı, ona görə də Nursultan əkənin dediyini sultanların əməlləri ilə müqayisə etmək olmaz.
Türk dünyasının gücə çevrilməsi üçün birinci iş diktatorlardan qurtulmaqdı ki, onların içində gedənlərdən biri də təbii ki, Nursultan bəy olmalıdı…