Neft sektorunu da idarə edə bilmirlərmiş…

İlham Əliyev BP-ni hədəfə aldı, onun ucbatından neft hasilatının düşdüyünü, Azərbaycanın milyardlar itirdiyini, böyük bir problemlə üzləşdiyini söylədi. Indi də hamı üzünü BP-yə tutub, nə baş verdiyini bir-birinə sual edir, hər kəs müxtəlif yönlü proqnozlar verir…
Amma deyəsən dağ boyda gerçəkliyi görən yoxdur. BP-nin məsuliyyəti varsa, bu ayrı məsələ, bəs bizim hakimiyyət hara baxırdı, niyə tədbir görmürdü? Etiraf edirlər ki, bu problem təzə deyil. Onda illərdir xalqdan gizlədilən bu məsələ niyə vaxtında həll edilməyib?
Bəs Heydər Əliyevin dühası ilə yaradılan “Əsrin müqaviləsi” nə oldu? Əməl olunmadı, yoxsa aldanmışıq o müqavilədə?
Tərifli müqavilə və tərifli hökumət niyə imkan verib ölkəmizin bu qədər ziyan çəkməsinə? Yaxud BP-nin doğrudan da öz öhdəlikləri vardısa, nədən yol verilib ki, o, yayınsın bundan?
Uğurlu neft strategiyamız, iqtisadi inkişafımız budurmu?
Iqtisadiyyatın başqa bütün sektorları pis gündə olduğunu bilirdik, indi isə aydın olur ki, ölkə iqtisadiyyatının üzərində dayandığı, hər şeyin yağ kimi getdiyi deyilən yeganə neft sektorunu da idarə edə bilmirlər. Hələ talanlar bir yana qalsın, bu sahənin idarəsində də çox ciddi problemlər varmış…
Təzad: prezident narahatdır, xalq isə yox…
Necə təəccüblənməyəsən, neft hasilatı azalıb, söhbət milyardlarla dollar gəlirin azalmasından gedir, prezident haray çəkir, amma xalq qətiyyən narahat deyil. Bəs hanı bu hakimiyyətin xalqı razı salan siyasəti? Xalq niyə narahat olmur hər an onu düşünən prezidentinin narahat olduğu bir problemə görə? Neft onun deyilmi? Niyə heç kimi qayğılandırmır bu məsələ?
Nəyin nəticəsidir bu?
Əvvəla, böyük oğurluğun. Xalq nefti özününkü saymır. O mənada ki, neft üzərində ağalıq var, bu da hakim ailəyə məxsusdur…
Ikincisi, hakimiyyət xalqın fikrinə, iradəsinə heç vaxt əhəmiyyət verməyib. O, xalqın fikri ilə hesablaşmaq əvəzinə, ona zorla fikir qəbul etdirib: belə düşünməlisiniz, belə danışmalısınız. Hakimiyyət özü xalqın səsi ilə müəyyənləşmək əvəzinə, hakimiyyət xalqın səsini də neft kimi bazara çıxarıb, alver edib, mandat satıb…
Ona görə də xalqın bir qismi açıq şəkildə neftə nifrət edir. Hesab edirlər ki, neft bu hakimiyyətin qalmasına yardım edən amildir. Olmasa, ölkəmiz daha azad və firavan yaşayardı. Yanlış və ya düzlüyündən asılı olmayaraq, bu cür düşünənlər az deyil. Bu da əsassız deyil. Çünki insanlar artıq neftsiz Gürcüstana həsəd aparırlar…
Xalqdan və parlamentdən gizlin…
BP ilə yaranan mübahisə, yaxud problem ölkə parlamentində ratifikasiya olunmuş bir müqavilə üzrə əməkdaşlığa aiddir. Amma yaranmış problem illərdir ölkədən və parlamentdən gizli saxlanılıb. Onun haqqında heç kim danışmayıb. Sanki bu yalnız prezidentin problemidir…
Problem gizlədilir, amma bu illərdə dayanmadan xalqa çox uğurlu neft strategiyası haqqında danışılıb. “Əsrin müqaviləsi”ni bizə az qala elmi kəşf kimi təqdim ediliblər. Internetdə axtarış verin, elə YAP fəalı yoxdur ki, bu günədək uğurlu neft siyasəti barədə bir neçə dəfə çıxış etməsin. Iqtidarın oxunmayan qəzetləri bu haqda ağlagəlməz sayda məqalələr dərc edib. Yəqin də onları yazanlardan başqa heç kim oxumayıb. Bir də mən bu yazı üzərində işləyərkən onlardan bəzilərini oxudum. Sanki bu adamlar həmin yazıları başqa planetdən olan adamlar üçün yazıblar. Ən maraqlısı odur ki, onların çoxu elə bil bir-birindən köçürülüb. Eyni fikirləri təkrar-təkrar yazıblar. Bundan əlavə, “əsrin müqaviləsi” və uğurlu neft siyasəti barədə elmi monoqrafiyalar, dissertasiyalar, kitablar da yazılıb. Amma indi bəlli olur ki, bu müddətdə BP uğurlu neft siyasətinə kölgə salırmış…