Yeri görünən yazıçı – Altay Məmmədov
Altay Məmmədov ədəbiyyata nasir kimi gəlmiş, 1950-ci ildən başlayaraq hekayələrini müxtəlif mətbuat olqanlarında çap etdirmiş və bu yazıları ilə ədəbi ictimaiyyətin diqqətini çəkmişdir. O, həm də ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin mükəmməl bilicisi idi.
Altay Yusif oğlu Məmmədov 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 1949-cu ildə H.Zərdabi adına Pedaqoji Institutun dil-ədəbiyyat fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmiş, həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır.
Hələ tələbəlik illərində “Kirovabad fəhləsi” qəzeti redaksiyasında korrektor, “Gəncə kommunisti” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır.
1950-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilən “fəhləlikdən alimliyə” oçerki ilə ədəbi aləmə qədəm qoyan Altay Məmmədov özü artıq belə bir işıqlı ömür yolunun yolçusuna çevrilmişdi. Filologiya elmləri namizədi, əməkdar incəsənət xadimi idi. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialına rəhbərlik etmişdi. Gəncə şəhər Sovetinin deputatı kimi sayılıb-seçilirdi, orden və medallarla təltif edilmişdi, çalışdığı universitetdə yüksək vəzifələrdə işləmişdi. Bir sözlə, əsl nüfuz sahibi idi. Ancaq bu nailiyyətlərin heç biri onun şəxsi davranışında hiss olunmurdu. O, tələbələrinin yaxın dostu idi və hər zaman onların yanında idi. Dərs dediyi tələbələrin əksəriyyətinin 10-15 ildən sonrakı düşkün, əzgin görkəmi onu çox ağrıdırdı. Altay Məmmədov həssas bir sənətkar kimi yaxşı bilirdi ki, bu düşkünlük, əzginlik sovet həyat tərzinin yerlərdə ziyalılara olan təpkisindən qaynaqlanır. Həmişə bu ağrısını ifadə edər, tələbələrinə “geyim-geciminizə fikir verin, şux olun, özünüzü zəmanənin ayağına verməyin” deyərdi. Bir də deyərdi: “Küçədən-filandan keçəndə özünüzü maşından qoruyun, elə sürücülər var, adamı vurub, meyidinə də iş kəsdirər”. Bu sözlər Altay Məmmədovun yaşadığı mühitin qanunlarına üstüörtülü ironiyası idi… Onun nəzərdə tutduğu maşın əslində sovet idarə sisteminin dəmir mancanağı idi.
Iki ən maraqlı tamaşa “Həmyerlilər” və “Kişilər”…
O dövrdə yazıçının iki çox məşhur olan televiziya tamaşası vardı – “Həmyerlilər” və “Kişilər”. Indi televiziya ekranlarında belə tamaşaların yoxluğu daha artıq hiss edilir. Altay Məmmədovun “Həmyerlilər”, “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və b. dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və Iranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib. Onun “Dəli Domrul” əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşa Istanbulda keçirilən “Kitabi-Dədə Qorqud” günlərində uğurla nümayiş etdirilib və türk mətbuatı tərəfindən yüksək qiymət alıb.
Altay Məmmədov eyni zamanda tərcümə ilə məşğul olmuş, Əbdüqəhhar Ibrahimovun “Ilk busə”, Otar Ioselianinin “Araba hələ aşmayıb”, Vasili Şukşinin “Diribaş adamlar” pyeslərini rus dilindən azərbaycancaya çevirmişdir.
Altay Məmmədov həmin dövr gəncliyinin sevimli şairi Əli Kərimin ən yaxın dostu, sirdaşı idi. Əli Kərim haqqında qəzet-jurnal səhifələrində olan unudulmaz xatirələrini çap etdirərdi. Əli Kərim itkisi onu çox ağrıdırdı, bu niskili daim ürəyində gəzdirirdi.
Altay Məmmədov 1958-ci ildə çapdan çıxan “On birinci açar” adlı ilk hekayələr kitabı ilə ədəbiyyata istedadlı bir nasir kimi daxil oldu. Onun yaradıcılığında hekayə janrı mühüm yer tutur. “Narınc”, “Anam qocalmışdı”, “Uvertüra”, “Məhəbbətin səsi”, “Gülab nəfəsli” və s. hekayələri bu janrın gözəl nümunələrindən sayılır. Xüsusilə, “Məhəbbətin səsi” və “Gülab nəfəsli” hekayələri o illərdə oxucuların ən çox sevdiyi nəsr əsərlərindən idi. Bu iki hekayədə müəllif saf, təmiz məhəbbətin əbədiliyi ideyasını irəli sürürdü. Cavan bir həkim gözəl gələcəyi olan bir müğənni qızı yol qəzası zamanı xilas edib həyata qaytarır. Sonra bir-birini sevən iki gəncin evlənmək arzusu ürəyində qalır. Çünki oğlanın atası bu evliliyə razılıq vermir. Amma müğənni qızın səsi bütün ömrü boyu həkimi təqib edir, dünyanın hər yerində o səs nəğmələr oxuyur. “Mən üzümü yuxarı tutdum: oxu, bülbül dedim, mənim kimiləri sənin qədrini bilməzlər”. Müəllif “Gülab nəfəsli” hekayəsində yenə həmin mövzuya qayıdır.
Yadigar qalan kitablar
Altay Məmmədov iki görkəmli Azərbaycan yazıçısı – Ilyas Əfəndiyevdən və Ənvər Məmmədxanlıdan sonra lirik hekayə janrının gözəl nümunələrini yaradıb, bu iki görkəmli yazıçının yolunu davam etdirib.
Altay Məmmədov “Azərbaycan hekayəsi” adlı çox sanballı bir monoqrafiyanın da müəllifidr. Müəllif bu əsərində Azərbaycan hekayəsinin qaynaqlarına üz tutur, realist hekayənin yaranmasına qədərki mərhələni araşdırır. Burada heç şübhəsiz, şifahi xalq yaradıcılığı – dastanlar, qaravəllilər, zərbi-məsəllər, rəvayətlər, daha sonra epik poeziyamızda mənzum hekayələr mühüm rol oynamışdır.
Altay Məmmədov Gəncədə Nizami Dövlət Poeziya Teatrının yaradıcılarından biriydi və o teatrın bir çox tamaşalarının ssenarilərini də o yazmışdı. Altay Məmmədov Gəncədə yaşayırdı, amma onun əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və başqa dillərə tərcümə edilirdi, Moskvada üç kitabı çapdan çıxmışdı, “Mahnı” povesti Şri-Lankada, Hindistanda ayrıca kitab şəklində oxuculara çatdırılmışdı.
Altay müəllim ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin də mükəmməl bilicisi idi. Həm klassik, həm də çağdaş ədəbi prosesi dərindən mənimsəmişdi. “Dədə Qorqud”u, Nizamini, Füzulini, Vaqifi, Mirzə Cəlili, Əbdürrəhim bəy Haqverdiyevi hansı elmi səriştəliklə şərh edirdisə, S.Vurğunu, R.Rzanı, B.Vahabzadəni, I.Şıxlını, M.Arazı, Y.Səmədoğlunu, Anarı, Elçini, Ə.Əylislini, M.Süleymanlını, R.Rövşəni, Ə.Salahzadəni, I.Ismayılzadəni də eyni duyum və fikir aydınlığı ilə tələbələrinə öyrədirdi. Sabir Əhmədlinin “Qanköçürmə stansiyası” əsəri haqqında danışanda deyirdi ki, mən bu mövzunun dəfələrlə böyründən ötüb keçmişəm, ancaq bu mövzuda belə gözəl bir əsər yazmağın mümkünlüyü heç ağlıma da gəlməyib.
Altay Məmmədov 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir