(“Bazar oxuları” – 4)
Yəqin ki, aranızda xatırlayanlar olacaq, 80-ci illərdən başlayaraq Azərbaycanda məşhur bir seriya vardı: “Müəllifin ilk kitabı”.
Bu günlərdə kənddə olarkən oradakı kitabxanamda həmin seriyadan xeyli kitab gördüm. Həmin kitabların çoxununun müəlliflərinin adları bu gün üçün heç nə demir.
Ortada olan bir çoxlarının adlarını isə əsl ədəbiyyatla bir arada çəkmək çətin məsələdir, hətta mümkün deyil, biz bu gün onları olsa-olsa, Yazıçılar Birliyinin və Anarın cangüdənləri, qoçuları kimi tanıyırıq. Təqaüd saçyoldularının, mənzil şivənliklərinin mərkəzində görürük.
Nə isə, bunları söhbətə körpü salmaq üçün yazdım, mövzumuz ilk kitab sindromu ilə bağlıdır.
Doğrudanmı, ilk kitab həlledicidir, müəllifin vizit kartıdır?
Doğrudanmı, hər şey ilk kitabla başlayır və ya hər şey ilk kitabla bitir?
***
Örnəklərə baxsaq, bu suallara qəti, birmənalı cavab vermək çətindir. Çox çətindir.
Əslində belə demək daha doğrudur: ilk kitab da ilk təəssürat kimidir və çox vaxt aldadıcıdır. Bəzən uğurlu bir ilk kitab müəllifin elə birinci və sonuncu uğurlu kitabı olaraq da qala bilir, bəzən isə uğursuz bir ilk kitab hansısa yazarın bioqrafiyasında istisnaya, “pis təsadüf”ə çevrilir, neçə uğurlu kitaba qapı rolunu oynayır.
Bunun hər birinin saysız örnəkləri var. Mənsə iki nümunə ilə kifayətlənəcəm.
Azərbaycanda və dünyanın bir çox yerində müasiri Drayzer qədər məşhur olmasa da, 20-ci əsr nəsrinin ən yaxşı hekayəçilərindən biri kimi tanımlanan Andersonun ilk kitabı (“Qəsəbəmiz”, 1919) böyük səs-küy doğrudur. Hekayələrdən ibarət həmin toplu Amerikada seksual inqilabın əsasını qoydu. Patriarxal Amerika cəmiyyəti Andersonu düşmən elan etdi. O uzun müddət toplumun hücumlarının hədəfindəki bir nömrəli adam olaraq qaldı.
Ilk kitabla başlayan uğur “Uaynsberq, Ohayo” kitabı ilə davam etdi, amma uzun çəkmədi, səhv etmirəmsə, 1926-cı ildə yazdığı “Qara gülüş” romanı ilə Anderson ədəbi şöhrətin zirvəsindən başıaşağı yuvarlandı və bir daha heç vaxt əvvəlki yüksəkliyinə qayıda bilmədi.
Bəzən isə tam tərsinədir – ilk kitab uğursuzluğa düçar olur, amma elə növbəti kitabla həmin uğursuzluq unutdurulur, müəllifin qeyri-adi şöhrəti hər yana yayılır. Buna parlaq nümunələrdən biri Herman Hessedir.
Onun ilk kitabı heç bir əks-səda yaratmadı. Bu kitab ədəbiyyata yeni bir yazıçının gəlişindən xəbər vermirdi.
Elə ikinci kitab da Herman Hesse haqqında heç nə demirdi.
Yalnız dördüncü cəhddə onun imzası diqqət çəkməyə, müəllifə uğur gətirməyə başladı. Onda Hessenin 27 yaşı vardı, 65 yaşında isə o artıq “Nobel” mükafatına layiq görüldü.
Düzdü, Hesse sağlığında layiq olduğu populyarlığı yetərincə yaşamadı, amma bunda onun yaradıcılığının heç bir rolu yox idi.
O, sadəcə faşizmə qarşı duruşuna görə vətənində qəzəbə gəldi. Aşırı millətçiliyə qarşı dirənişi onu artıq sürətlə faşizmlə zəhərlənən toplumun gözündən saldı.
Faşizmin çöküşünün ardından isə Herman Hessenin dəyəri yenidən ortaya çıxdı. Onun 1919-cu ildə yazdığı roman (“Demian”) alman gəncliyinin stolüstü kitabına çevrildi, ən çox oxunanların başında gəlməyə başladı.
***
Ilk kitabın uğuru və uğursuzluğu haqqında bu iki örnəklə əslində söhbətə nöqtə də qoymaq olardı.
Ilk kitabların bəzən şöhrəti aldadıcıdır, bəzən uğursuzluğu.
Nə birindən havalanmaq, nə də o birindən depressiyaya düşmək, sınmaq lazımdır.
Vacib olan özünü ədəbiyyata aid edə bilmək, ədəbiyyatı həyat tərzinə çevirmək, özünü gəlişdirmək, formalaşdırmaq, zəhmətə qatlaşmağı bacarmaqdır.
Çox çalışmağı öyrənməkdir.
Kitabları ilk deyə, son deyə nömrələməməkdir.
Hər kitabı yeni bir başlanğıca çevirməyi bacarmaqdır.
***
Bu arada, qismət olsa, növbəti bazar günü dünyanın ən məşhur romanlarından birinin olduqca maraqlı bir hekayətini anladacam.
Həm maraqlı, həm də kədərli.

İlk kitabların anlatdıqları
•
•