mirvari qahramanli

“Gülər Əhmədovaya yazdım ki, bildiklərini danış…”

mirvari qahramanli«Məmurların əməliyyat şirkətlərinin vurduğu ziyanın yanında BP-nin 8 milyardı heç nədir»

Mirvari Qəhrəmanlı: «Bu şirkətin Azərbaycandan çıxarılması asan məsələ deyil»

Dövlət başçısı Ilham Əliyevin üç gün əvvəl Nazirlər Kabinetinin iclasında bp-nin Azərbaycandakı fəaliyyətilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq aləmdə böyük rezonansa səbəb oldu. Artıq dünyanın nüfuzlu mətbuat orqanlarından “Financial Times”, “Forbes” jurnalı bu olaya diqqət ayıraraq, hətta bp-nin Azərbaycandan çıxarılmaq ehtimalından bəhs edirlər. Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı ilə söhbətimizə elə bu məsələdən başladıq:

– Belə fikirlər də səslənir ki, bp ilə Azərbaycan hökuməti arasındakı problem ictimailəşməmişdən əvvəl də tərəflər arasında ciddi ziddiyyətlər olub. Bu barədə sizə nə isə məlumdurmu?
– Ilham Əliyev London Yay Olimpiadasında iştirak etmək üçün Böyük Britaniyaya səfər edərkən orada bp-nin prezidenti ilə də görüşmüşdü. Görünür, bir sıra məsələlər yüksək səviyyədə həll olunmalı idi.
Ümumiyyətlə, baş verənləri qiymətləndirmək üçün ilk növbədə bp-nin hazırda istismar etdiyi yataqların durumuna və onların istismar tərzinə diqqət yetirmək lazımdır. bp-yə qarşı oxşar mövqe hələ 2005-2006-cı ildə də sərgilənmişdi. O zaman mənim təcrübəli bir ekspertlə söhbətim oldu. O bildirdi ki, bp şirkətinin çox sürətlə çox neft çıxarmaq metodunun gələcəkdə fəsadları ola bilər. Çünki bu metod nəticəsində laylar arasında qatlaşma gedə və nəticədə neft bir laydan o biri laya sıza bilər. Bir çox ekspertlər də düşünürdü ki, Azərbaycanda neft hasilatının pik nöqtəsi 2010 və ya 2011-ci ildə olmalıdır. Bunu hökumət də gözəl bilir.
Digər tərəfdən, Ilham Əliyev ittihamları bp-yə deyil, Beynəlxalq Əməliyyat Şirkətinə ünvanlamalıydı. Çünki bp bu layihədə sadəcə operatordur. bp Azərbaycanda yeganə şirkətdir ki, fəaliyyəti barədə vaxtaşırı hesabat verir və audit yoxlamalarını açıqlayır.
Hasilatın aşağı düşəcəyi əvvəlcədən məlum idi və hökumətin buna təəccüblənməsi başadüşülən deyil. Proqnozlar bəzən özünü doğrultmaya bilər. Hələ Bakı-Tbilisi-Ceyhan kəməri çəkilərkən xeyli ekspertlər bildirdilər ki, Azərbaycan həmin kəməri dolduracaq qədər neftə sahib deyil. Məsələn, deyirdilər ki, “Şahdəniz”də yaxşı neft yatağı var. Amma neftin yerinə iri qaz yatağı çıxdı. Indi də BTC-ni doldurmaq üçün Türkmənistan və Qazaxıstan neftinə ehtiyac duyulur. Hakimiyyət bp ilə hasilatın aşağı düşməsi nəticəsində azalanan gəlirlərin mübahisəsini aparmaqdansa, nəyə görə bu şirkətin vitse-prezidentlərindən yalnız birinin azərbaycanlı, digərlərinin şotland olduğuna aydınlıq gətirsin. Aydınlıq gətirilsin ki, nəyə görə Azərbaycanın neft və qaz mütəxəssisləri bp-də işləməyi deyil, xarici ölkələrdə çalışmağı üstün tuturlar.

“8 milyard itki hasilatın düşməsinin nəticəsidir”

– Ilham Əliyev ötən müddətdə neftdən gələn gəlirlərdə 8 milyard dolların itirildiyini deyir. Bu itki hasilatın aşağı düşməsinin nəticəsidir, yoxsa, başqa səbəblər var?
– Əlbəttə ki, bu, hasilatın aşağı düşməsinin nəticəsidir. Amma bu təkcə neftlə deyil, qazla da əlaqədar ola bilər. Bəzi mənbələr vurğulayır ki, qarşılıqlı hesabatlarda uyğunsuzluq yaranıb. Amma Azərbaycan tərəfi müstəqil audit keçirərək həqiqətləri ortaya çıxara bilər.
Bir məqamı da vurğulamaq lazımdır, onsuz da sözügedən 8 milyard dollar Azərbaycana gəlsə də, xalqa qismət olmayacaqdı. Ən nəhayət, 8 milyard dollarlıq uyğunsuzluq Azərbaycanın hazırladığı hesabatda ortaya çıxıb.

– Beynəlxalq media bp-nin Azərbaycandan çıxarıla biləcəyi ehtimalından yazır. Sizcə bu hadisə baş verə bilərmi? Baş verərsə, hansı nəticələri doğura bilər?
– bp Böyük Britaniyada ölkə daxilində bir dövlətdir. bp olduqca böyük və qüdrətli şirkətdir. Bu şirkət təkcə Azərbaycanla məhdudlaşmır. bp-nin Azərbaycandan çıxarılması o qədər də asan məsələ deyil. Azərbaycan beynəlxalq müqaviləyə qol çəkib, onun şərtləri var. bp-nin Azərbaycandan çıxarılması üçün ciddi iş görülməlidir. Bu, Dövlət Neft Şirkəti deyil ki, Natiq Əliyevi çıxarıb, Rövnəq Abdullayevi onun yerinə təyin edəsən…

“Məmurlar hasilata ciddi ziyan vurur”

– Demisiniz ki, Azərbaycanda bp-dən çox ziyan vuran şirkətlər var…
– Son müşavirə zamanı dövlət başçısının qarşısına qoyulan sənəd gərək yalnız bp-nin fəaliyyətilə bağlı olmayaydı. Ümumilikdə neft sektorundakı durumu əks etdirən bir hesabat hazırlanmalıydı. Hasilat hər ötən ay aşağı düşür. Köhnə yataqların istismarı off-şor zonalarda qeydiyyata alınmış şirkətlər vasitəsilə həyata keçirilir. Əməliyyat şirkətlərinin Azərbaycana vurduğu ziyan bp-nin 8 milyardının yanında heç nədir. Hər gün bir əməliyyat şirkəti yaradılır. Bunlara misal olaraq, “Balaxanı Oil”, “Suraxanı Oil”, “Abşeron Oil”, “Qarasu Oil”, “Bahar Enerji”ni göstərmək olar. Bu əməliyyat şirkətlərinin çoxu eyni şəxsə sahibdir. Onlar Azərbaycanın hasilat sənayesinə ciddi ziyan vururlar. Ölkədə işsizliyin kəskin olduğu, büdcənin neftdən asılı olduğu bir zamanda belə bir siyasət yolverilməzdir. Bu əməliyyat şirkətləri heç bir sərmayə qoymur və hasilata da nəzarət etmir. Bu şirkətlərdə işləyən fəhlələrin durumu da acınacaqlıdır. Vaxtilə Sabit Bağırov Dövlət Neft Şirkətinin rəhbəri olanda şirkəti illik 10 milyon ton ilə Natiq Əliyevə təhvil verdi. Natiq Əliyev 2006-cı ilə qədər işləyib. Rövnəq Abdullayev Dövlət Neft Şirkətinə prezident gələndən sonra əməliyyat şirkətlərinin sayı durmadan artdı. Nəyə görə neftdən gələn gəlir infrastruktur layihələrinə yönəldilir, amma köhnə yataqların yenilənməsinə diqqət ayrılmır? Nəyə görə bütün bunlar dövlət başçısı qarşısında qaldırılmadı? Görünür bp ilə bağlı sənəd təsadüfən dövlət başçısının masasının üzərinə qoyulmayıb.

“Bu hakimiyyət heç kimə zəmanət vermir”

– Mirvari xanım, gündəmdəki digər bir mövzu ilə bağlı da fikirlərinizi bilmək maraqlıdır. Söhbət Gülər Əhmədova ilə bağlı olaylardan gedir…
– Elşad Abdullayevin bu videoları məhz indi gündəmə gətirməsi təsadüfi deyil. Burada təbii ki, qardaş intiqamı var. Amma “beş ildən sonra bu videodan necə istifadə edəcəyəm” məqsədi olmasaydı, onlar yazılmazdı. Gülər Əhmədova olayı göstərir ki, bunların çörəyi dizinin üstündə imiş. Siyasətdə qadın və kişi anlayışı yoxdur. Bu gün mən siyasətə gəlmişəmsə, müəyyən məqamları nəzərə almalıyam. Gülər Əhmədova özü vaxtilə bu ifadəni işlədib. Amma bir əxlaq məsələsi var. Kişiyəm, “əxlaqlı qadınam” deyən kəs qadın əxlaqına toxuna bilməz. Gülər Əhmədovanın “Səs” qəzetində pis formada təhqir olunması yolverilməzdir. Bir də ki, bu qəzetin imici hamıya məlumdur. Gülər Əhmədova hələlik böyük bir qruplaşmanın adının hallandığı rüşvət olayını üzərinə götürüb və yalnız o, günahkar sayılır.

– Hakimiyyətin məsələyə münasibəti bir qədər təəccüblü oldu. Əvvəlcə sərt mövqe sərgiləndi, amma məsələ parlamentdə müzakirə olunmadı. Bir gün sonra isə parlament üzvləri özləri sərt açıqlamalar verməyə başladılar…
– Parlament dirijorun hərəkətilə bəyanat verir. Parlament üzvləri yalnız onlara göstəriş veriləndə danışırlar. Bir müddət sonra, hətta zəhmətkeş məktubları yazıla və kollektivlərdə toplantılar da keçirilə bilər. Gələcəyi hələ qabaqda olan cavan qız uşağı Nigar Yaqublunu günahı sübut olunmadan həbs edəsən, amma bu cür dövləti cinayətə göz yumub, təqsirkarı hələ gözaltına almamaq anormallıqdır.

“37-ni yenidən yaşayırıq”

– Gülər Əhmədova prezidentə müraciətində açıq mətnlə ifadə etdi ki, onu danışdırmasınlar, yoxsa, çox şeyi açıqlaya bilər. Bu açıqlamadan sonra ona qarşı kampaniya nisbətən səngidi. Sizcə, bu, nəyin təzahürü idi?
– Parlamentdəki 125 nəfərin hamısı nəyinsə hesabına Milli Məclisdə əyləşib. Deputatlar başqa iddiada bulunsalar, çox gülünc görünər. Bu şəxslərin millət qarşısında o qədər günahları var ki, Gülər xanım danışsa, onda yeni həbsxana korpusu tikilməlidir.

– Gülər Əhmədova olayı ilə bağlı dələduzluq maddəsilə cinayət işi başlanıb. Sizcə bu faktın özü bəri araşdırmalara şübhə salmırmı?
– Mən həmişə fərəhlə danışırdım ki, Azərbaycanda qadın türməsi bir, kişi türməsi isə çoxdur. Qadınların rüşvətə görə həbs olunmasını nadir hallarda görərsən. Hesab edirəm ki, burada dələduzluq maddəsinin tətbiqi tamamilə yanlışdır. Gülər Əhmədovanın fəaliyyəti dələduzluq deyil, rüşvət və korrupsiyadır. Gülər Əhmədova başqasının haqqını tapdalayıb.

– Bu yaxınlara qədər hökumətdə hörmətli şəxslərdən sayılan Gülər Əhmədovanın ailəsinə qarşı hazırda repressiya həyata keçirilir. Məsələn, həyat yoldaşı dərhal işdən çıxdı…
– Bəli baş verənlər 37-ci ilin ab-havasını xatırladır. Bu hakimiyyətdəkilər hər şeyi – dostu, hətta övladı da siyasi iqtidardan ötrü qurban verərlər. Vaxtilə Ilham Əliyevdən bir rus kanalı müsahibə götürmüşdü. O bildirmişdi ki, vaxtilə Qorbaçov Heydər Əliyevə görə ona xeyli təzyiq edib. Valideynə görə övlada təzyiq etmək düzgün deyil. Məsuliyyəti hərə özü daşımalıdır. Mənə bu hisslər yad deyil. Dövlət Neft Şirkətilə apardığım mübarizəyə görə bu şirkətdə işləyən kiçik qızımı döyüb, pilləkəndən aşağı atmışdılar. Həyat yoldaşıma, bacıma və qardaşıma təzyiq etməyə başladılar. Bütün bunları yaşamışam. Gülər Əhmədova da etdiyi əmələ görə özü cavab verməlidir. Hakimiyyətdəkilər unutmasınlar ki, hər birini Gülər Əhmədovanın taleyi gözləyir.
Mən Gülər Əhmədovanın “facebook” ünvanına fikirlərimi yazmışam. Bildirmişəm ki, susmasın. Əgər Gülər Əhmədova səmimi olaraq bütün hadisələri desə, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti onu müdafiə edər. Mən Gülər Əhmədovaya demək istəyirəm: sən gördük ki, bu hakimiyyət sənin ailənə qarşı heç bir güzəşt etmədi. Ona görə də danış! Hüquq müdafiəçiləri sənin yanında olacaq!

Xəyal