Gülər Əhmədovanı YAP-dan çıxara bilmirlər

guler ahmedova3Sabiq deputat haqqında sərt ifadələr işlədən partiyadaşları haqda nə deyib?

Sabiq deputat Gülər Əhmədova hələ də hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında təmsil olunur. YAP-ın rəhbərliyi Gülər Əhmədova barədə kəskin açıqlamalar versələr də, onu dələduz adlandırsalar da, partiyadan çıxarmağa “tələsmirlər”.
Onlar bildirirlər ki, Gülər Əhmədova YAP-ın sıravi üzvüdür və onun xaric edilməsi məsələsi ilk partiya təşkilatında müzakirə olunmalıdır. Gülər Əhmədova YAP-ın Yasamal rayon təşkilatında qeydiyyatdadır. Amma məsələ burasındadır ki, təşkilatın sədri Fikrət Ismayılov ölkədə olmadığını bildirir və beləliklə də Gülər Əhmədova haqqında müvafiq qərar “yubanır”.
Əslində isə bütün bunlar sadəcə bəhanədir. Baş verənlərdən gəlinən nəticə odur ki, YAP rəhbərliyi Gülər Əhmədovanı partiya sıralarından xaric etməkdə acizdir.
Əgər belə niyyət olsa idi, Gülər Əhmədova dərhal YAP sıralarından uzaqlaşdırılmışdı. YAP-ın Nizamnaməsinin 7-ci maddəsində göstərilir ki, partiyanın üzvləri Nizamnamənin müddəalarına əməl etməyə və onun rəhbər orqanlarının qərarlarını yerinə yetirməyə borcludurlar. Bu tələblər yerinə yetirilmədikdə, ilk partiya təşkilatı və partiyanın digər rəhbər orqanları tərəfindən onların haqqında partiya üzvlüyündən azad edilməyə qədər intizam tədbirləri görülə bilər. Deməli, Gülər Əhmədovanın məsələsi YAP-ın Idarə Heyətində və yaxud Siyasi Şurasında da müzakirə edilə bilər. Sadəcə hansısa səbəbdən YAP-ın rəhbərliyində təmsil olunan şəxslər məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar. Və bir də Gülər Əhmədova hakim partiyanın yuxarı orqanlarında təmsil olunmasa da, sıradan bir YAP-çı deyil. Bu şəxsin parlament seçkilərində namizədliyini hakim partiya irəli sürüb. Bu baxımdan məsələni ilk partiya təşkilatının üzərinə atmaq bəhanədən başqa bir şey deyil.
Bu arada redaksiyamıza məlumat daxil olub ki, bəzi YAP-çılar Gülər Əhmədova barədə hakim partiyanın rəhbər şəxslərinin sərt danışmasını yaxşı qarşılamayıb. Gülər Əhmədova da yaxın çevrəsilə, eyni zamanda həmin YAP-çılarla söhbətində bildirib ki, bu şəxslərin onunla ədavəti var. Bunun nə dərəcədə həqiqət olduğunu araşdırdıqda bəlli oldu ki, doğrudan da sabiq deputatın haqqında ən sərt ifadələri işlədən Hadı Rəcəbli və Məlahət Ibrahimqızı onunla 10 ildən çoxdur ki, küsülüdürlər. Eldar Ibrahimovla Hüseynbala Mirələimov isə Hadı Rəcəbli ilə dostluqlarına görə Gülər Əhmədovaya münasibətləri mənfidir. Bir daha qeyd edək ki, məhz bu şəxslər sabiq deputatı ən sərt sözlərlə tənqid ediblər.

Namiq