Son bir neçə gündə oxuduğum ən maraqlı yazı A.Mixniklə müsahibə olub. O çox maraqlı insandır… publisist, keçmiş dissident, Polşa “Solidarnost”unun liderlərindən biri. Mən onu bir dəfə Polşada görmüşdüm. Bizi onun başçılıq etdiyi “Vıborça” qəzetinin redaksiyasına aparmışdılar… Qəzetin beynəlxalq siyasət şöbəsinin müdiri ilə söhbət edirdik. Birdən yanımızdan iti və tələsik addımlarla bir nəfər keçdi. Dedilər ki, Adam Mixnikdir…
Onun haqqında çox oxumuşdum, bəzi yazıları ilə də tanış idim. Intellektual adamdır. Bu cür insanları çox sevirəm. “Solidarnost”dan daha bir intellektual vardı, artıq bu adam dünyasını dəyişib – bəli, M.Novitskini nəzərdə tuturam. Adam isə hələ yaşayır və yazır. Amma bilmirdim ki, o, V.Havel ilə dostluq edib. Bunun özü çox maraqlı detaldır. Bəlkə də nə vaxtsa o vaxtın dissidentləri haqqında çox böyük yazılar çıxacaq. Bəlkə bizə də həmin yazıların oxucusu olmaq qismət olacaq. A.Mixniki ABŞ universitetləri mühazirə oxumağa dəvət edir. Təbii ki, bu etimadı qazanmaq lazımdır. Varşava Universitetinin belə təşəbbüsdə və cəhddə bulunub-bulunmadığını bilmirəm. Bizə gəldikdə isə… Burada necə deyərlər, Kərəmi ağlamaq tutur. Bizim fəallar öz tədbirlərini az qala məxfi və gizli keçirirlər. Hərə öz yaxın ətrafından bir-iki tanışını çağırır, danışırlar və dağılışırlar. Əvvəllər bir qədər məyus olurdum ki, bəs məni nədən belə tədbirlərə çağırmırlar. Bir-ikisində iştirak etdim və qənaətim bu oldu ki, elə yaxşı ki, iştirak etmirəm. Sonralar azı yüz dəfə dəvət ediblər, getməmişəm… Səbəbi? Səbəbi sadədir. Bu tədbirlərdə intellekt qığılcımı görmürəm. O ki var boş-boş danışırlar. Və qənaətim budur ki, QHT-lər bu ölkədə kiçik biznesdir. Biznes əslində pis iş deyil. Lakin o halda ki, gördüyün işlərə bir can yandırasan. Bunlar isə nəinki işdən, hətta adamdan da qorxurlar. Bir neçə gün bundan əvvəl dayanacaqda durmuşdum, avtobus gözləyirdim. Bir fəal yanımdan ən azı dörd dəfə o tərəf-bu tərəfə keçdi. Salam vermədi. Mən də heç onun üzünə baxmadım. Cəhənnəmə versin. Bizim ictimaiyyət fəalları çox çalışırlar ki, adamı təcrid etsinlər. Bəzən ona nail olurlar, bəzən də yox. Amma ümumilikdə götürəndə, onlar kimdir ki, kimi də təcrid etsinlər? Adam Mixnik kimi adamların yazısından impuls daha çox gəlir, nəinki bizim əziz-xələf ictimaiyyət fəallarından…
Sağ olsun ki, jurnalistlər operativ şəkildə bu müsahibəni götürüblər. Lakin Mixnik Azərbaycan haqqında danışmayıb. Bu mənim yadıma M.Novitskini saldı. Bir dəfə Bakıya gəlmişdi. O vaxt hələ indi olduğu kimi abadlıq yox idi, şəhər ticarət “toçka”ları, “tolkuçka”ları ilə dolu idi. Təkcə vağzalın ətrafı elə kifayət idi… O vaxt Marek çıx qısaca demişdi ki, Bakı mənə qara Afrikanı xatırlatdı. Indi Adamın da rəyini bilmək çox maraqlı olardı. Amma danışmayıb. Bəlkə də düz edib, çünki özünün dediyinə görə, o Bakıda çox az olub, qısa müddətə gəlib. Bəlkə də başqa səbəb olub. Indi bunu araşdırmağa nə həvəsim, nə də vaxtım var… Doğrusu, onun səfər proqramı haqda da mənə heç bir şey məlum deyil. Müsahibədə bu haqda və ümumiyyətlə, gəlişin təfərrüatları haqda heç nə deyilmirdi. Amma bunun elə bir mənası varmı? Əsas odur ki, maraqlı müsahibəni oxuduq, maraqlı fikirlə təmasda olduq. Əsas budur. Qalanlar isə ötəridir… Yadda qalan Polşa və bu ölkə, onun böyük insanları ilə bağlı təəssüratlardır. Bu təəssüratlar isə ötəri ola bilməz. Mən, məsələn, ömürlük A.Mitskeviçi yadda saxladım. Mənə görə o polyakların M.F.Axundovudur, baxmayaraq ki, daha lirikdi, daha kövrəkdi!
Nə isə. A.Mixnik və Polşa haqda bu qədər. Hər halda, müsahiəbəni götürən müxbirlərə təşəkkür etməyə dəyər…
Kiçik sözardı
Daha bir yazı bitdi. Mən artıq onların sayını itirmişəm. Soruşsalar ki, indiyə qədər nə qədər yazmısan, çaşıb qalaram. Bilmirəm. Çoxu da itib-batıb. Bu da bir həyat tərzidir. Mən çoxdan, lap çoxdan yazıları gündəlik kimi yazıram.
Arabir ürəyimdən böyük yazılar yazmaq da keçir… Amma macal tapa, onu reallaşdıra bilmirəm. Kiçik yazılar məni sovurub aparır, külək dağları-daşları sovuran kimi…

Bu dünyada bir maraqlı adam da var – Adam Mixnik…
•