Bəs, Heydər Əliyev nə qədər VER-ib?..

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı şərlənib həbs edildikdən sonra onun haqqında yazılan köşələr, özünün yazdığı məqalələr içində hələ indiyədək də yadımda qalan Əvəz bəyin etdiyi qarğışdı: “Məni şərləyənlərin də balaları mənim övladlarım kimi başsız qalsın”. 
Adətən, qarğışı sinəsinə dağ çəkilən, şərlə, haqsızlıqla savaşmağa gücü çatmayan qadınlar edir. Necə deyərlər, ah-naləsi, qarğışı yerdə qalmır uzun saçlının. Amma artıq ölkə o qədər şərxanaya, şeytan yuvasına çevrilib ki, nəhəng kişilərin də son ümidi, mübarizəsi qarğış olub. Kaş ki, Əvəz Zeynallı onu şərləyən Gülər Əhmədovaya “məni şərləyənlər də mənim kimi başsız qalsın” qarğışını edəydi. Çünki BIZlər başçısı olmayan vətəndaşlarıq. Bu ölkədə ancaq deputat olanların, yüksək vəzifəyə təyin olunanların başçısı var.
Bizim də sahibimiz olsaydı normal işimiz, əsəbsiz-stressiz həyatımız olardı. Bizi haqsız incidəndə, şərləyəndə, adi bir kağız almaq üçün məmurlar rüşvət tələb edəndə başçımız basıb onun gözünü çıxardardı. Biz başçısı olmayan, sahibsiz vətəndaşlarıq. Yaxşı deyiblər, sahibsiz yurdda qanqallar bitər, çaqqallar ulayar. Sahibsiz yurdumuzda qanqallar, çaqqallar o qədər çoxaldı ki, hər addımda əl-ayağımızı daş-kəsək əzir, üz-gözümüzə tikan batıb qanadır, üstümüzə əcaib heyvanlar hücüm edir, hər yerdən qorxulu, dəhşətli səslər eşidilir. Burda qanunlar insanları qorumaq, işlərini asanlaşdırmaq üçün yox, vətəndaşlardan rüşvət almaq, onları incitmək, bir sözlə, VER-mək üçün yazılır. VER-mək alnımıza yazılıb sanki. Başqa necə olmalı idi ki?
Axı Yeni Baba bizə “Vermək, vermək, yenə də vermək!” vəsiyyətini miras qoyub. Babaların vəsiyyətinə əməl etmək borcumuzdur. Bir vaxtlar Lenin baba deyirdi ki, “oxumaq, oxumaq, yenə də oxumaq!”, ona görə də hamı oxuyurdu. Oxumayanı müəllim şkafa salırdı, küncdə bir ayağı üstə saxlayırdı. Indi isə “vermək, vermək, yenə də vermək!” dəbdə olduğu üçün verməyənləri zirzəmiyə salırlar, idarə qapılarında günlərlə bir ayağı üstə saxlayırlar. Artıq bu ölkədə qayda-qanun, adət-ənənə belədir: yaşamaq üçün mütləq nəsə qurban VERməlisən. Cınqırımızı çıxartmadan veririk də… Kimi ev-eşiyini, kimi malını-pulunu, kimi abır-həyasını, kimi vicdanını, kimi də ömrünü… VERmək bu ölkənin qanunlarına yazılıb! Misal üçün, hökumət gördü ki, işsiz-gücsüz qalan camaat çarəsizlikdən yaşadığı ev-eşiyi banka girov qoyub kredit götürür, tez-tələsik yeni qanun yazıb gizli dövriyyəyə buraxdı. Məmurların daha ürəklə, problemsiz rüşvət alması üçün yazılan yeni qanuna əsasən, şəxsi mülkünü girov qoyub bankdan kredit götürmək istəyənlərdən evin yeni “kupça”sı tələb olunur. Yeni sənədi almaq üçün isə bir xeyli dövlət rüsumu ödəyib, bir ay gözləməlisən. Yox, əgər kredit sənə təcili, 2-3 günə lazımdırsa, onda, “n” qədər “məmur rüsumu” ödəməyə məcbursan. Əgər bu qanun insanlardan pul qopartmaq üçün yazılmayıbsa, onda niyə vətəndaşlara məlumatlar verilmir. Camaat da işini bilər. Biri var bir aya arxayınlıqla VERəsən, biri də var 2-3 günə təcili VERmək. Əslində, belə qanunlar yazılan gündən əlavə dərs kimi məktəblərdə tədris edilməlidir. Onsuz da bu ölkədə yaşamaq üçün bütün yollar banklardan, mülkiyyət hüquqlarının qeydiyyatı idarələrindən, notariuslardan keçir. Amma dərd odur ki, bu ölkədə qanunları da seyflərdə gizlədirlər, qanunları da əlaltı satırlar. Şəxsən mən, yeni “kupça” haqqında xəbəri qonşumdan öyrəndim. Bir halda ki, həmin qanun 2009-cu ilin avqustundan camaata qan uddurur. Əsl zıqqıltılar yeni sənədləri düzəldəndən sonra başlayır. Təsəvvür edin, bankdan kredit götürmək istəyən qonşumun 100 min manatlıq evinə 35 min dəyər qoyuldu, Milli Məclisdən, üzürlü sayın, bankdan fotoqraf gəlib ev-eşiyinin şəklini çəkdi, min bir sənədi imzaladılar, min manat “şirinlik” VERdikdən sonra əlinə 25 min manat verdilər. Ən dəhşətlisi isə, əgər zavallı krediti ödəyə bilməsə, 100 min manatlıq evi 35 minə satılacaq. Və bir ailə də küçələrdə qalacaq. VER-mək üçün yazılan yeni qanunlardan biri də odur ki, gecə saat 12-dən sonra sərhəd postlarından avtobuslar keçə bilməz. Guya sürücülər yuxulu, yorğun olur, dəhşətli qəzalar baş verir. Amma elə ki, postdakı çaqqala 50-100 manat verilir, şlaqbaum dim-dik yuxarı qalxır, avtobuslar gəlin aparan avtomobillər kimi siqnal verə-verə gedirlər. Daha bir misal: qanuna əsasən ümumvətəndaş pasportunu bir həftədən tez almaq mümkün deyil. Yalnız ölkə xaricinə müalicəyə gedən ən ağır xəstələrə, Səhiyyə Nazirliyindən arayış təqdim etdikdən sonra 48 saat içində pasport verilə bilər. Amma kimdir ona baxan? “Ovir”in qapısı ağzındakı dəllallar qırmızıyanaq alverçiyə pasportu 2-3 saata verirlər, amma müalicəyə gedən xəstə nazirliklə xəstəxanalar arasında həftələrlə yol ölçür…
Kəsəsi, bu ölkədə süpürgəçi vəzifəsinə keçəndə də, ölüm sənədi alanda da, mütləq rüşvət verməlisən. Maraqlıdır, bəs, Heydər Əliyev oğlunun “Uzunmüddətli Prezident” sənədi üçün nə qədər VERib?..