BP Azərbaycandan gedə bilər?

Azər Mehtiyev: «Şirkətlə bağlı yaranan qalmaqal qarşıdan gələn seçkilərlə bağlıdır»

Ölkə başçısı Ilham Əliyevin son üç ildə öhdəlikləri yerinə yetirmədiyinə görə BP şirkətinə iradlar bildirməsi artıq dünya mətbuatının da gündəminə çıxıb. Böyük Britaniyanın “Financial Times” nəşrinin yazdığına görə, BP-nin ünvanına səsləndirilənlər şirkətin Azərbaycandakı taleyini sual altında qoya bilər.
Eyni zamanda əldə etdiyimiz məlumatlara görə, Azərbaycan hökuməti ilə BP arasında narazılıq xeyli müddət əvvəl yaranıb. Hakimiyyət belə qənaətdədir ki, şirkət hasilatı qəsdən azaldıb. Başqa tərəfdən, müşavirədən dərhal sonra hakim ailə və digər məmurlara məxsus mülklər barədə məlumatların ortaya çıxması da təsadüfi deyil. Bu halda BP Azərbaycandan çıxa bilərmi və çıxsa, bu addım hansı nəticələr doğura bilər?
Iqtisadçı-ekspert Azər Mehtiyev transmilli şirkətlərin hər hansı ölkədən getməsinin asan məsələ olmadığını deyir. Bunun üçün ilk növbədə ölkənin siyasi kursunda ciddi dəyişlik olmalıdı. Çünki adətən sosialistlər, və ya solçuların hakimiyyətə gəldiyi təqdirdə bu cür şirkətlərin mülkü milliləşdirilir və onlar ölkədən getməli olur. Azərbaycanda isə bu gözlənilmir. Eyni zamanda şirkətin əlindən nəyinsə alınması da mümkün deyil: “Müasir dünyada mülkiyyət məsələləri ilə beynəlxalq səviyyədə məşğul olurlar. Belə bir hal olsa, bu, hakimiyyət üçün də xoşagəlməz nəticələrə gətirib çıxarar”.
Ekspert BP ilə bağlı yaranan qalmaqalı əsasən qarşıdan gələn seçkilərlə əlaqələndirdi. Çünki seçki ilinin öz tələbləri var. Həm iqtisadi artım göstəricilərinin yüksəldilməsi, həm dövlət büdcəsində əlavə vəsaitin nəzərə alınması ilə müxtəlif populist xarakterli layihələrin həyata keçirilməsi, həm də inkişaf templərinin neçə ildir sabit qaldığını və ölkənin davamlı olaraq inkişaf etdiyini göstərmək üçün hökumətin əlavə gəlirlərə ehtiyacı var. Narahatlıq daha çox bu baxımdan yaranıb. Son 4 ildə istehsalın azalması və xüsusilə BP-nin proqnozlardan az hasilat həyata keçirməsi, növbəti ildə də hasilatın daha da azalması təhlükəsi büdcə gəlirlərinin azalmasına gətirib çıxarır.
Ekspertin sözlərinə göər, hökumət seçki ilində dövlət büdcəsini 20 mlrd.-a qaldırmaq üçün əlavə gəlir mənbələrini axtarmağa möhtacdı. Bu halda onun yeganə ümid yeri Dövlət Neft Fondundan daha böyük transfertlərin həyata keçirilməsidir. Bu da siyasi debatlarda hakimiyyət üçün ciddi problemə çevrilir. Hakimiyyətin narahatlığı məhz bu səbəbdən yaranıb.
Rusiyada da seçki öncəsi BP ilə bağlı problemlərin yarandığını xatırladan ekspert şirkətin Azərbaycandan getməsinin gözlənilən olmadığını qeyd etdi.  

Fizzə