Gülər Əhmədovanın hədəsi partiyadaşlarını geri çəkilmək məcburiyyətində qoydu
Gülər Əhmədovanın hədə tonlu “ağzımı açdırmasınlar” bəyanatından sonra keçmiş deputatın təmsil olunduğu partiyadan maraqlı reaksiya gəldi. Sən demə, YAP funksionerlərinin bugünə qədər G.Əhmədova barədə dediklərində təhqir yox imiş. Onlar keçmiş deputatı sadəcə tənqid edirlərmiş. Reaksiya ilk olaraq YAP Siyasi Şurasının üzvü, deputat Mübariz Qurbanlıdan gəldi. O bildirdi ki, YAP üzvlərinin Gülər Əhmədova haqqında səsləndirdikləri fikirlərdə hər hansı təhqiramiz fikirlər olmayıb. Sadəcə G.Əhmədovanın hərəkətinə və fəaliyyətinə qiymət verib tənqid ediblər.
Əslində məsələnin heç də belə olmadığına, Gülər Əhmədovanı rəhbərlikdən tutmuş, funksionerlərə qədər əksər YAP-çıların təhqir və ittiham yağışına tutduğuna bu günlər ərzində hər kəs şahid oldu. Unudanlar üçün isə bugünə qədər G.Əhmədova barədə deyilən “tənqidləri” xatırladaq.
“Qadın üçün dələduz sözündən ağır söz olmaz, ayıb olsun”
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli: “Gülər Əhmədova Azərbaycan hakimiyyətinə və parlamentinə heç vaxt şərəf gətirməyib.
Əli Əhmədov qalmaqalla bağlı hakimiyyətin və partiyamızın fikirlərini vaxtında isti isti səsləndirdi və dedi ki, bu adam dələduzdur. Qadın üçün dələduz sözündən ağır söz olmaz. Zaman göstərəcək ki, o, sözün tam mənasında dələduzdur. Heyf ki, bu qalmaqalda Gülər çox təmiz və hörmətli adamların adını çəkir, onlara ləkə yaxır. Ayıb olsun”.
“Dələduz, cinayətkar…”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP-ın yaradıcılarından olan Eldar İbrahimov:”Gülər Əhmədova kimi dələduz, cinayətkar adamların Əli Əhmədova qarşı bu cür ifadələr işlətməsi ona yapışmayacaq. Hansısa qüvvələrə söykənərək belə ifadələr işlədir. Gülər Əhmədovanın Elşad Abdullayevlə olan videosuna baxanda burada hüquq-mühafizə orqanına ehtiyac qalmır. Gülər Əhmədovanın tezliklə YAP-dan çıxarılma məsələsi həll edilməlidir. Eyni zamanda, prokurorluq orqanları Gülər Əhmədova barədə həbs-qətimkan tədbiri seçməlidir. Belə adamların YAP-da olması partiyaya ləkə gətirir. Hətta bu cür hərəkət bizi beynəlxalq aləmdə biabır edir. Ona görə də qısa müddətdə bu biabırçılıqdan yaxa qurtarmaq üçün məsələni bitirmək lazımdır”.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov: “Azərbaycan ictimaiyyəti canlı, real video və stenoqram şəklində kimin-kim olduğunu gördü. Ayrı-ayrı dövrlərdə dələduzlar da olub. Azərbaycan cəmiyyəti açıq şəkildə bunun şahidi oldu ki, ilk növbədə, heç bir dələduz kiminləsə dövlət arasında əlaqə yaratmaq imkanına malik deyil”.
YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmov: “Gülər Əhmədova isə son zamanlar üzə çıxan dələduzluq əməlindən çıxış yolu axtara-axtara qeyri-səmimi bəyanatları ilə özünü gündəmdə saxlayaraq daha da çirkaba bulaşır. Barəsində cinayət işi açılan andan o, ilk növbədə partiyadan xaric olunmalı idi”.
“Ləyaqətsiz, şərəfsiz, mənəviyyatsız…”
Deputat Məlahət İbrahimqızı: “Həmkarlarımın fikirlərini yüksək qiymətləndirirəm. Hər zaman səbri və təmkini ilə və əsl mənada ağsaqqallığı ilə seçilən hörmətli Eldar Ibrahimovun ibrətamiz sözündən sonra deməyə fikir də qalmır. Bizim ölkəmiz böyük deyil. Hamının hətta uşaqlıqda hansı şeiri sevdiyinin də çox asanlıqla bilmək olur. Əgər cəmiyyətdə mənəviyyatsız birisi mənəviyyata qarşı çirkli su atırsa, ləyaqətsiz bir adam ləyaqətliyə dərs verirsə, şərəfsiz və dələduz bir cinayətkar mənəviyyatlı bir insanın nüfuzu ilə oynayırsa, buna cəmiyyətin bütün dəyərli və ləyaqətli insanları öz səslərini qaldırmalıdırlar. Burada susqunluq belə yaramazları müdafiə etmək ilə demək olar ki, eynidir. Belə insanlar öz əməllərini ört-basdır etmək üçün başqalarını da ləkələməyə cəhd edirlər. Öz çirkin əməlləri və nəfsi ilə cinayət törətmiş belə insanlar bu gün hətta bir nəfərə qarşı fitnə-fəsad edirlərsə, onlar sabah cəmiyyətin başqa dəyərli insanlarına qarşı da eyni cür çıxış edəcəklər. Belələri üçün dəyər və ya mənəviyyat məvhumu yoxdur. Bu isə çox pis fəsadlarla nəticələnə bilər. Təbii ki, bütün ölkələrdə və cəmiyyətlərdə belə çirkli insanlar mövcuddur. Əsas odur ki, ona qarşı mübarizə aparılsın və bu bizim dövlətin prioritetidir və elə YAP-ın kəskin bəyanatı da bundan qaynaqlanırdı. Hesab edirəm ki, bu insanlar təkcə qanun qarşısında cavab verməməlidirlər. Çünki onlar təkcə cinayət etməyiblər. Vicdan və ləyaqət hissini itirmiş belə insanlar cəmiyyətin ən ağır tənə və qınaq obyektinə də çevrilməlidirlər”.
Bütün bunlara YAP icra katibi Əli Əhmədovun, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin G.Əhmədovanı dələduz adlandıran açıqlamalarını, hakimiyyətin nəzarətində olan “Səs” qəzetinin 9 və 10 oktyabr saylarında dərc edilən və Gülər Əhmədovanı yumuşaq desək, təhqir edən “Mirzə Qərənfildən Gülər Əhmədovaya ərmağan”, “Gülərə ikinci ərməğan” adlı şeirlərini də əlavə etsək, YAP-çılar üçün tənqidlə təhqir arasında sərhədin haradan başlayıb, harada bitdiyini müəyyən etmək olar.