«Hökumət hansısa şərtlər müqabilində əlinizdə olan başqa videoları yaymamağı xahiş etsə, mənim oğlumun işinin araşdırılmasını da şərt kimi irəli sürün»
Naxçıvan sakini Abasət Əliyevin oğlu Məhəmməd Əliyev Muxtar Respublikada hərbi xidmət keçərkən məsuliyyətsizlik üzündən dünyasını dəyişib. Bu barədə “Azadlıq” qəzetində dəfələrlə yazılıb. Yada salaq ki, əsgər atası oğlunun ölümündə tabor komandiri Rəşad Cəlilov və bölük komandiri Samir Babayevi ittiham edir.
Çünki məhz bu şəxslər Məhəmməd Əliyev xəstələnərkən heç bir tədbir görməyiblər, onu hospitala göndərmək əvəzinə posta çıxarıblar. Məhəmməd Əliyevin vəziyyəti daha da ağırlaşıb. Hərbi hissənin feldşeri Amin Babayev ona “tibbi yardım” edəndə isə artıq gec olub. Məhəmməd Əliyev ona vurulan iynədən sonra dünyasını dəyişib. Bu işin istintaqını Kəngərli Rayon Prokurorluğu aparıb. Prokuror Müşfiq Həsənov hansısa maraqlar üzündən Rəşad Cəlilovla Samir Babayevi məsuliyyətdən kənarda saxlayıb. Amin Babayevə şərti cəza verilib.
Iki ilə yaxındır ki, Abasət Əliyev oğlunun ölüm işini obyektiv araşdırılmasını və təqsiri olanların məsuliyyətə cəlb olunmasını tələb edir. Bununla bağlı dəfələrlə Baş Prokurorluğa, ölkə başçısı Ilham Əliyevə, xanımı Mehriban Əliyevaya müraciət edib. Hətta çarəsiz qalan əsgər atası Heydər Əliyevin məzarına da məktub yazıb. Amma yenə də heç bir nəticəsi yoxdur. Amma Abasət Əliyev mübarizəsini davam etdirir. Bu günlərdə redaksiyamızla əlaqə saxlayan əsgər atası bildirib ki, o, son günlərin ən populyar adamına çevrilən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə müraciət etmək niyyətindədir: “Mən görürəm ki, heç kimin Müşfiq Həsənova gücü çatmır. Hətta ölkə başçısı Ilham Əliyev də adi bir rayon prokuroruna söz deyə bilmir. Bu baxımdan düşünürəm ki, artıq dövlət qurumlarına və ölkə başçısına deyil, Elşad Abdullayevə müraciət edim. Təsəvvür edin, Elşad Abdullayev bir video yayan kimi qardaşının oğurlanması ilə bağlı cinayət işi yadlarına düşdü. Prokurorluq dərhal bu işlə bağlı müəyyən addımlar atmağa başladı. Halbuki 9 il idi ki, bu məsələ Zakir Qaralovun yadına düşmürdü. Mən belə başa düşdüm ki, hökumət Elşad Abdullayevin videolarından qorxur. Ona görə əl-ayağa düşüblər ki, Elşad Abdullayev yeni videolar yaymasın. Ona görə də sizin qəzetiniz vasitəsilə üzümü Elşad müəllimə tutaraq deyirəm: Elşad müəllim, hökumət sizin videolarınızdan qorxur, əgər onlar hansısa şərtlər müqabilində sizdən əlinizdə olan başqa videoları yaymamağı xahiş etsələr, mənim oğlumun işinin araşdırılmasını da şərt kimi irəli sürün. Bəlkə onda Müşfiq Həsənova bir söz deyən tapılar”.