“Azadlıq”ın köşə yazarı Elnur Astanbəylini bu dəfə bir qədər fərqli ampluada təqdim etmək istəyirik. Daim cəsarətli məqalələrini oxuduğunuz yazar qarşınıza şeirləri ilə çıxır.
Günəş tələsərkən
səbail polisi önündə gecənin bir yarısı
gözlərimin dolduğunu hiss edirəm hərdən
siqaret istəyirəm yanımdakı sısqa oğlandan
səsim titrəyir ya qəzəbdən ya qəhərdən
gözlərimin dolduğunu hiss edirəm
ən sevgili dostun çiyinlərinə qoymaq başımı
və
sonra hönkürmək istəyirəm
boynuyoğun bir polis
“kənara çəkilin” deyə mırıldanır durmadan
və
mən onun acığına hürmək istəyirəm
itlərə hörmətimdəndir ki
vaz keçirəm o anda da
səbail polisi önündə gecənin bir yarısı
içəridə savaş dostlarımız
çöldə ümidli bəkləyişlər
məcidi görürəm, bizim məcidi
soruşmaq istəyirəm:
– bəy, necədi işlər?
səsim titrəyir – ya qəzəbdən ya qəhərdən
bir qadın
gözləri polis idarəsinin
pəncərələrindədir səhərdən
üzündən oxunur iztirabları
və
bütün dahilərin kitabları!
gözlərimin dolduğunu hiss edirəm
oysa içim çoxdan qürurla dolu!
bunca zülmə-zillətə
bunca şərə, şərəfsizliyə rəğmən
hələ də bu ölkənin
yürümək istəyənləri varsa bu yolu
hələ də daşımaq istəyənləri varsa bu yükü
hələ də azadlıq uğruna çarpışanları varsa
savaşanları varsa bu ölkənin
başqa necə,
başqa necə olmalıdır
əlbəttə, şübhəsiz, yüz faiz
gözlər qürurdan dolmalıdır!
kim çıxırsa qarşıma –
böyüklərin əllərindən
kiçiklərin gözlərindən öpmək istəyirəm
yaşlı bir ana
hayqırır polis idarəsinə doğru:
“Burax oğlumu, ay cəllad!
Burax oğlumu, ay oğru!”
və
mən onun sözlərindən öpmək istəyirəm
səbail polisi önündə gecənin bir yarısı
gözlərimin dolduğunu hiss edirəm
səhərə çooox, lap çox var hələ
amma mən günəşin artıq tələsdiyini
və
indidən doğduğunu hiss edirəm
26 may 2012
***
Susmuş ölkə hekayəsi
(Nigar üçün)
bir gün çəkib getsəm
və
illər sonra
qarşı-qarşıya gəlsək
səni tanımaram
bu darmadağın halınla –
bir az da solmuş üzünlə
bir az da çüxura düşmüş gözlərinlə
bir az da bükülmüş belinlə
bir az da ağarmış saçınla
“məni tanımadınmı?” deyə soruşsan
səsindən belə tanımam
hardan tanıyım ki
zatən sən heç səsini çıxarmadın
mən sənin səsini heç eşitmədim ki
ölkəm…
ölkəm…
ölkəm!
***
Uşaqlıq travması
uşaqlığımdan bəri
bir dəniz gəzisində öləcəyimi
xəyal etmişəm həmişə
bir gəmidə fırtınaya düşməyi
və
dalğaların qoynunda boğulmağı
odur ki illər sonra
dünyaya gələcək körpələrə
nə arzulaya bilərəm –
sadəcə və sadəcə
balıq kimi doğulmağı!…
mart, 2012
***
Sonuncu ümidin də öldüyü yerdən reportaj
Əslində ümid heç vaxt ölmür
ümid həmişə öldürülür
və
bütün sözlər qatildir!
məsələn,
dayanacaqlardakı skamyalara əyləşən
ya da eləcə ayaq üstə təlaşla
tez-tez saatına baxan
adamların üzündə son bir ümidi görürəm mən
son bir ümidi –
heç olmasa dayanacaqlarda
illərin sürətini
zamanın su kimi axışını
dayandıra biləcəklərinə dair
amma, şair,
əgər dayanacaqlarda da vaxt dayanmırsa
və
ömür yenə at kimi çapıb
su kimi axıb gedirsə
kimsə
məni sözün qüdrətinə
inandırmağa çalışmasın
sözlərin
ən sonuncu ümidi belə
necə öldürdüyü
“dayanacaq” sözündən bəlli
bütün sözlər qatildir!
fevral, 2009
***
Saçlarını oxşamaq axşamı
bu axşam yenə
o axşamlardan biridir
nə sevişməyin günü
nə savaşmağın yeridir
bu axşam sadəcə
saçlarını oxşamaq axşamı
saçlarını öpmək
saçlarını dağıtmaq
saçlarını hörmək axşamı bu axşam
bu axşam sadəcə
saçlarını qoxlamaq axşamı
yadındamı,
ən son saçlarını oxşamaq axşamında
bir ağ tel bulmuşdum
saçlarının arasında;
bir baxsam yenisi varmı –
bu axşam saçlarını yoxlamaq axşamı…
iyul, 2007
***
Ağrı
ona çox darıxdığımı deyin
çox ağrıdığımı
çox ağladığımı
çox içdiyimi
səndələyərkən divarlara deyil
divarların səssizliyinə
söykəndiyimi deyin
deyin ki artıq unutsun məni
deyin ki, unudulmadığını bilmək
unuda bilməməkdən daha ağır,
daha betər
ona
unudulmadıqca
unutmağın mümkünsüzlüyü
öldürür məni deyin
deyin, unutsun artıq
deyin, yetər!..
2006, dekabr
***
Sən, mən və Bağdad
ilk sevişdiyimiz gün
bağdadda savaş vardı
sonrakı gün də
ondan sonrakı gün də
bağdadda hələ də savaş var
amma biz sevişmirik artıq
artıq biz də savaşırıq
fevral, 2006
***
Yaşıl xəbərdarlıq
bu bir xəbərdarlıqdı –
hamı üçün!
hamı üçün!
hamı üçün!
hazır olun
ağaclar yeriyə bilərlər bir gün
meşə qoşun kimi gələr üstümüzə
qırıb atdığımız budaqların
yolub tökdüyümüz yarpaqların
və
boşuna udduğumuz havanın
intiqamı üçün!
iyul, 2012
***
Payız kəndi
payız şorgöz kişilər kimi
soyundurur ağacları
və
südə dolmuş qadın döşləri kimi
göynəyir budaqların ucları
indi bir az da tez oğurlayır
dağlar günəşin saqqızını
qoynundakı qaranlığa çəkib aparır
göylərin gözəl, sarışın qızını
yəni dostum, əslində
bizim oyandığımız hər yeni gün
dağların və günəşin oğludur
atası dağlar, anası günəş
budur
gecədən yağan yağış
dincəlir xırda gölməçələrdə
birdən birə adamı
dəhşətli bir yalnızlıq qorxusu bürüyür –
sənə elə gəlir
bu dəfə köçüb gedəcək sərçələr də…
oktyabr, 2012