Fraksiyaçılar Mirəlioğlunu düşünməyə səslədi

KXCP-ni Ictimai Palatadan məsafə saxlamaqda kim rol oynayıb?

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlunun hədəsinə baxmayaraq partiya daxilində yaradılan fraksiya oktyabrın 13-də Müsavat partiyasının ofisində  növbəti iclası keçirildi. Media üçün açıq iclasda “Demokratik Birlik” fraksiyanın yaradılması və fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı. Gözlənildiyinin əksinə olaraq Mirəloğlu tərəfdarlarının iclasın gedişinə müdaxiləsi baş vermədi. Iclas KXCP Xətai rayon şöbəsinin sədri Rafiq Abdullanın sədrliyi ilə keçdi.

R.Abdulla dedi ki, fraksiya obyektiv tarixi-siyasi şəraitin diktəsindən irəli gələn, Rəsulzadə-Elçibəy ideoloji-siyasi xəttinin məqsədlərinin həyata keçirilməsi istiqamətində təşkilati, institusional özək kimi yaradılıb. Onlar fəaliyyətlərini cəmiyyətdə ifadə və söz azadlığının, demokratiya və demokratik idarəetmənin təşəkkülünün realizəsi istiqamətində quracaq: “Xeyli müddətdir ki, KXCP-nin siyasi kursu narazılığımza səbəb olmuşdu. Biz dəfələrlə bu proseslə bağlı fikirlərimizi bildirdik. Qurultay keçirildikdən sonra bizə deyilmişdi ki, partiyanın rəhbər strukturunu yenidən müəyyən edəcəyik. Amma bu vədə əməl olunmadı. Ictimai Palatada təmsil olunduqdan sonra bizə qarşı basqılar oldu. Bir müddət sonra isə deyildi ki, Ictimai Palatanı tərk etməlisiniz. Amma biz prosesə kimi Ictimai Palatanın rayonlarda şöbələrini yaradıb kifayət qədər güclənmişdik. Daha sonra bizim siyasi kursumuza əks mövqeydə duran ”Müqavimət hərəkatı” ilə bağlı narazılığımızı bildirsək də bunun əhəmiyyəti olmadı. Bütün bu prosesləri nəzərə alaraq biz də məcbur olub “Demokratik Birlik” fraksiyasını yaratdıq. Yaratdığımız bu fraksiyaya başqa siyasi təşkilatlardan da qoşulanlar var. Burada ancaq Elçibəy və Bütöv Azərbaycan ideyasının daşıyıcısı olan insanlar təmsil oluna bilər. Fraksiyanın yaranması heç də KXCP-nin dağılmasına, parçalanmasına hesablanmayıb. Məqsədimiz müxalifətə stimul verməkdir. Ehtimal edirik ki, bu yolda xeyli insan bizə dəstək olacaq. Ona görə tələb edirik ki, KXCP siyasi kursunu bir daha müəyyənləşdirsin və təkliflərimizi nəzərə alsın. Bizim yeganə amalımız müxalifət partiyalarının birliyinə nail olmaqdır”.

KXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Qaya Əliyev çıxşı zamanı KXCP-nin hakimiyyətin nəzarətindən çıxardığını bildirdi. Onun sözlərinə görə, əsas çalışmaları KXCP-ni əvvəlki siyasi kursuna qaytarmaqla bağlıdır: “KXCP-nin indi getdiyi siyasi yol Rəsulzadə, Elçibəy yolu deyil. Istəyirik partiyadakı bu dözülməz mühit aradan qaldırılsın. Bu fraksiyaya Azərbaycana istiqlaliyyətini qazandırmış insanlarımız qatılıb. Biz inanırıq ki, onların vasitəsi ilə qarşıya qoyduğumuz məsələləri qısa zamanda həll edəcəyik. Fraksiyanı yaratmaqda məqsəd Azərbaycanda demokratikləşmə prosesini sürətləndirməkdir”.

KXCP Salyan rayon şöbəsinin sədri Ədalət Yusubov isə IP ilə təmsil etdiyi partiya arasında yaranan ziddiyyətin tarixçəsini açıqladı. “Azərbaycan müxalifətinin ən güclü birliyi olan Ictimai Palatada təmsil olunmağımız və təşkilatlanmağımız olduqca yüksək səviyyədə davam edirdi. Lakin bir qədər sonra partiya rəhbərliyindən göstəriş gəldi ki, IP-i tərk etməlisiniz. Biz müxtəlif vaxtlarda bu kimi problemlərlə bağlı çıxış yolunu partiyanın rəhbər strukturlarına təqdim etmişik. Dörd ay müddətində idarə heyətinin cəmi iki toplantısı keçirilib. ”Demokratik Birlik” partiyadaxili fraksiya deyil. Partiya rəhbərliyində təmsil olunanlar fraksiyada təmsil olunanları xəyanətkarlıqda ittiham etdilər. Bizim üçün onların fikirlərinin bir önəmi yox idi. Mirmahmud Mirəlioğlunu gözlədik və onun fikri bizim üçün daha önəmli idi. Mirmahmud Mirəlioğlu isə reaksiyasında çox tələsdi”

Ədalət Yusibov rəhbərlik etdiyi KXCP-nin Salyan rayon şöbəsini separatizmdə, dağıdıcılıqa ittiham edənlərə də cavab verdi.
Çıxış edən KXCP sədrinin əlaqələr üzrə müaviniÿ Fikrət Cəfərov partiyanın bu rejimə qarşı heç vaxt passiv mövqedə dayanmadığını qeyd etdik: “Partiyanın siyasi kursunu mərhum Əbülfəz Elçibəy müəyyən edib. Bu kursu dəyişməyə haqqınız yoxdur. Mən Mirmahmud Mirəlioğlunu düşünməyə dəvət edirəm. Mirmahmud Mirəlioğlu məzuniyyətdən qayıdandan sonra özünü elə apardı ki, sanki heç bir şey olmayıb. Əzilən isə M.Mirəlioğlunun imici oldu”.

Natiq