ETTALAAT milli fəalın evində axtarış aparıb

Günəş partiyasının qurucusu Tehran rejiminin təzyiqlərinə məruz qalıb

İranın xüsusi xidmət orqanı ETTELAAT-ın əməkdaşları bir neçə gün əvvəl Təbrizdə Günəş partiyasının qurucusu Mənuçehr Əzizinin evinə axtarış aparıblar. Gecə saatlarında milli fəalın evinə daxil olan 4 ETTELAAT əməkdaşı Əzizinin kitablarını və CD-lərini müsadirə edib. Günəş Partiyasının sədri sənədlərinin qanunsuz olaraq müsadirə olunmasına etiraz edərək bu haqda məhkəmə orqanlarına məktub ünvanlayıb.

“Amerikanın Səsi”nə açıqlama verən Mənuçehr Əzizi Günəş partiyasının məruz qaldığı basqılardan və İran rəsmilərinin konstitutsional hüquqlara hörmət etməməsindən, cəmiyyəti qorxu içərisində saxlamasından danışıb: “Bizim fəaliyyətimiz İran qanunları çərçivəsindədir”.

Mənuçehr Əzizi İran Azərbaycanında milli şüurun tədricən gücləndiyini və insanlarda siyasi fəallığın artdığını qeyd edib. O, İran hökumətinin basqıları qarşısında milli fəalların geri çəkilməyəcəyini və öz siyasi hüquqları uğrunda mübarizəni davam etdirəcəklərini bəyan edib.