Sovet vaxtı Bakıda Səttarxan adına Maşınqayırma Zavodunda 15 min fəhlə çalışırdı.
15 min fəhlənin zəhməti hesabına yaradılan əmtəənin faydasını bir yana buraxın.
15 min insan faydalı işlə məşğul idi.
15 min insanın sayəsində azı 15 min ailənin təminatı həll olunmuşdu.
“Səttarxan” zavodunu yıxdılar, yerində Heydər
Əliyev Mərkəzi tikdilər.
H.Əliyev Mərkəzindən neçə adam, neçə ailə nəsibini alır, özünüz deyəcəksiniz.
Sovet Bakısının məşhur ayaqqabı fabrikində nə qədər fəhlə çalışıb, dəqiq bilmirəm. Bildiyimsə, o zavodun da artıq yer üzündə olmamasıdır.
Prezident Administrasiyasının sözçüsü Əli Həsənovun o zavod üçün verdiyi nekroloqu oxuyub bunu öyrəndim. Zavodun yerində Əliyevlər ailəsinə məxsus “Narmobile” ofis tikib.
Həsənov sevincək deyib: “Əvvəllər ən keyfiyyətsiz ayaqqabı istehsal edən bu fabrikdə indi keyfiyyətli rabitə xidməti göstərən şirkət yerləşir”.
Daha sonra özü başqa operatorun xidmətindən istifadə edən Əli müəllim o mobil şirkət haqqında boğazdan yuxarı xeyli tərif deyib, bununla işim yox. Işim olsaydı, yazardım ki, əlin yağlıdırsa, elə öz başına çək.
“Keyfiyyətsiz ayaqqabı” məsələsi məni daha çox düşündürür. Fikir verirsinizsə, hakimiyyət yaxşı bəhanə tapıb. Sovetdən nə miras qalıbsa, hamısını bir adla söküb-talayıb, ona yiyələnirlər.
Iki başqa nümunə verəcəyəm.
Bir: “Azadlıq”ın Xaqani 33-dəki ofisinin qəzetin əlindən alınıb sökülməsi zamanı qibleyi-aləm Ilham müəllim təxminən belə demişdi: “Bu bina şəhərin çox yaxşı ərazisində yerləşir, ancaq dövlət üçün çox gəlirsiz işləyir. Ona görə də oradan çıxarılmalı və yeri daha çox gəlir gətirən qurumlara verilməlidir”.
Ikinci fakt: Iki il yarım olar, Mədəniyyət və Turizm Nazirliyi kənd və bəzi şəhər kitabxanalarını ləğv edib onların yerini biznes qurumlarına satdı. Soruşduq, niyə belə edirsiniz? Cavab verdilər ki, “dövlətə ziyanla başa gəlir”.
Nə qədər “uşaq bağçası”nı da “pis işlədiyinə” görə ləğv elədilər.
Pis işləyən müəssisələri yaxşılaşdırmaq barədə fikirləşən yoxdur.
Mənim dərdim ayaqqabı ilədir. Keyfiyyətsiz ayaqqabıları bəyənmədiniz, lap yaxşı, bəs keyfiyyətlisini niyə düşünmürsünüz?
Bir mobil operatoru tərifləmək üçün sovet ayaqqabılarını pisləmək, ancaq Əli Həsənovun ağlına gələ bilərdi. O zavodun ayaqqabılarını geyinərək böyümüşük. O zavodun məhsulları bizim yükümüzü çox çəkib. Indi Həsənovun onu aşağılaması keyfiyyət dərdindən yana deyil. Vətəndaşlar üçün keyfiyyətli mal-məhsul qayğısına qalan dövlət məmurunun özü gərək keyfiyyətli xidmət göstərə.
Elə indicə yadıma düşdü, Moskva Univermağının yanındakı ən böyük kitabxananın hara yoxa çıxdığını bilirsinizmi? O da “keyfiyyətsiz xidmət” göstərdiyi üçün Əli müəllim tərəfindən özəlləşdirilərək keyfiyyətli mənzilə çevrilib.
Keyfiyyətli ayaqqabını da bir küncə ataq.
Əli müəllim, lütf edib bizə deyə bilərmi, keyfiyyətli Azərbaycan istehsalı olan corabı hardan ala bilərik?
Ayaqqabı yox, corab yox, amma ölkəmiz pilotsuz təyyarə istehsal etmək fikrindədir; kosmosa peyk buraxır. Kərəminə şükür, Ilahi!
Erməni işğalından da betər
Ermənilərin ucbatından torpaqlarımızın 20 faizini itirmişik. Ancaq bu torpaqları itirilmiş saymaq olmaz, geci-tezi var, qaytaracağıq. Ermənilərin aldığı torpaqların dərdini çəkdiyimiz vaxtda əlimizdə olanları itirmişik, xəbərimiz yox. Hə, əlimizdə olan torpaqlar da gedib işinin dalınca. Iqtisadçı ekspert Rövşən Ağayevdən öyrəndiyimə görə, hətta rəsmi sənədlərdə əkinə yaralı torpaqlarımızın 50 faizi şoranlaşıb. Şoran torpağın olmasıyla olmaması arasında çox az fərq var. Təkcə onu yazım ki, şoran torpaqlarda heç qoyun otarmaq da olmur.
Torpağı ermənidən təmizləmək şorandan təmizləməkdən xeyli asandır.
Şoranlaşan torpaqların məsuliyyətini isə ha çalışsaq da, ermənilərin boynuna qoya bilməyəcəyik. Bu torpaqlar hökumətin aqrar siyasətinin yaramazlığı ucbatından əldən çıxdı. Vəziyyət bu qədər ağırdır…

Corabsızlıq
•