BP siyasi rejimin partnyorudur

Məhəmməd Talıblı: «Şirkətə hücum onu ictimai-siyasi proseslərdən mümkün qədər kənarda saxlamağa hesablanmış addımdı»

Nazirlər Kabinetinin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı Ilham Əliyevin BP şirkətinin ünvanına sərt ittiham və tənqidlər səsləndirməsi diqqəti cəlb edib. Neft hasilatında gözlənilməyən tənəzzülün sırf “Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində mümkün olduğunu deyən ölkə başçısı nəticədə Azərbaycanın 8 mlrd. dollar gəlirdən məhrum olduğunu bildirib.
Ölkə başçısının ardınca hakimiyyətə yaxınlığı ilə seçilən digər şəxslər də BP-nin ünvanına ittihamlar səsləndirib. Millət vəkili Zahid Oruc şirkətin Azərbaycan büdcəsinə vurulmuş 8 milyard dollarlıq ziyanı ödəməli olduğunu deyib.
Lakin ekspertlər I.Əliyevin BP-yə qarşı hücuma keçməsini yalnız bununla bağlı olmadığını deyir. Ekspertlər hesab edir ki, Azərbaycan iqtisadiyyatı hazırda BP-nin qərar və davranışlarından asılıdır və şirkətlə müqavilələrə yenidən baxılması real deyil. Prezidentin dedikləri isə sadəcə bir mesaj idi.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı BP-nin Azərbaycana ən çox investisiya qoyan şirkət olduğunu deyir. Ölkə iqtisadiyyatında BP-nin rolu inkarolunmazdır. Şirkətə qarşı son münasibət isə sadəcə proqnozların yerinə yetirilməməsi ilə bağlı deyil. Şirkət biznes qurumu olmaqla yanaşı siyasi rejimin partnyoru kimi də çıxış edib. Azərbaycanda hakimiyyətin qorunmasında, cəmiyyətin narazılıqlarının zərərsizləşdirilməsində BP-nin də səhnəarxası kifayət qədər rol olub. Şirkətin vətəndaş cəmiyyətinin, medianın inişafında rolu passiv olub. Bütün zamanlarda hökumətlə sinxron davranıb. Bu baxımdan ölkə başçısının ittihamları iqtisadi maraqlarla bağlı deyil. Bu artıq BP kimi böyük şirkətin hökumətlə münasibətlərdə soyuqluğunun yaranması deməkdir.
BP ilə bağlı problemlərin əməkdaşlığa zərbə olduğunu deyən ekspert bununla belə şirkətin Azərbaycanda fəaliyyətini məhdudlaşdırmayacağını da qeyd etdi. 2020-ci ilə qədər BP-nin Azərbaycanda fəaliyyət imkanları qalacaq. Ancaq hər halda ölkə başçısının səsləndirdikləri BP rəhbərliyinə ciddi bir siqnaldır və şirkəti ictimai-siyasi proseslərdən mümkün qədər kənarda saxlamağa hesablanmış addımdı.

Fizzə