“Azadlıq” etiraz aksiyası keçirəcək

Rahim Hacıyev: «Etiraz tədbirlərimiz təkcə piketlərdən ibarət olmayacaq»

Yəqin ki, oxucuların yadındadır, bu il avqustun sonlarında Azərbaycan Nəşriyyatının rəhbərliyi “Azadlıq” qəzetinin çapının dayandırılması haqda rəsmi şəkildə xəbərdarlıq etmişdi. Səbəb isə “Azadlıq”ın Nəşriyyata olan borcu idi.
Belə bir vəziyyətin yaranması “Qasid” yayım firmasının “Azadlıq” qəzetinə külli miqdarda borclu olmasından irəli gəlirdi. Qəzet rəhbərliyinin səyləri nəticəsində beynəlxalq təşkilatlar məsələyə müdaxilə etdilər və bundan sonra Prezident Administrasiyasının işə qarışması problemin həlli görüntüsünü yaratdı. “Azadlıq” qəzeti ilə Azərbaycan Nəşriyyatı və “Qasid” arasında sentyabrın 18-də razılıq əldə olundu. Rəsmi razılaşma ondan ibarət idi ki, “Qasid” “Azadlıq”a olan borcunu birbaşa Nəşriyyata ödəyəcək.
Razılaşmadan keçən təxminən bir ay müddətində “Qasid” firması Azərbaycan Nəşriyyatına heç bir vəsait ödəməyib. Bunun nəticəsi olaraq, son bir həftə ərzində Azərbaycan Nəşriyyatının rəhbərliyi qəzetə çapın dayandırılmasıyla bağlı iki dəfə şifahi xəbərdarlıq edib.
Qeyd edək ki, “Qasid”in “Azadlıq”a ümumilikdə 35 min manat borcu var. Bu məbləğin 20 min manatı razılaşmaya görə, Azərbaycan Nəşriyyatına ödənilməli idi.
Yaranmış ağır vəziyyətdən çıxış yolu kimi, qəzetin kollektivi gələn həftədən “Qasid”in qarşısında etiraz aksiyaları keçirmək qərarına gəlib.
“Etiraz tədbirlərimiz təkcə piketlərdən ibarət olmayacaq. Bir sıra başqa etiraz formaları haqda da düşünürük”, – deyə “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev əlavə edib.