Aksiya mütləq olacaq!

Natiq Ədilov: «Biz konstitusion hüququmuzdan istifadə etməkdə qərarlıyıq»

Vətəndaş cəmiyyətinin fəaları parlamentin buraxılması tələbi ilə təyin etdikləri aksiyanı keçirməkdə israrlıdır. Aksiya ilə bağlı artıq “facebook”da ciddi təbliğat işləri başlayıb. Bunun üçün ayrıca “Parlament buraxılsın” səhifəsi açılıb. Məlumata görə, artıq 30 minə qədər internet fəalına aksiyaya qoşulmaq üçün dəvət göndərilib.
Aksiyanın təşkilatçılarından olan AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovÿ”Azadlıq”a açıqlamasında bildirib ki, onlar tədbirin sivil və qanuna uyğun formada keçirilməsində maraqlıdırlar. Bunun üçün aksiya ilə bağlı paytaxt meriyasına məlumat xarakterli məktub göndəriləcək.
N.Ədilov qeyd edib ki, aksiya ictimai təşkilatlar, bloggerlər və ictimai-siyasi baxımdan aktiv gənclər iştirak edəcək: “Aksiyanın uğurlu alınması üçün səylərimiz davam edir. Ən müxtəlif təbəqələrlə iş aparılır. Bu aksiya hər hansı siyasi qurumun yox, Gülər Əhmədova olayından sonra saxtakarlığa dözməyən, bu qanunsuz halla razılaşmayanlarındır. Şəhər rəhbərliyi razılıq verməsə belə, biz konstitusion hüququmuzdan istifadə etməkdə qərarlıyıq”.
Xatırladaq ki, aksiya oktyabrın 20-də saat 15.00-da Fəvvarələr meydanına təyin olunub.ÿ

Hikmət