Şakiranın konsertinə bilet satışında böyük maxinasiya

Ən baha yerin qiyməti 230 avro elan olunduğu halda 1000 manat hardan çıxdı?

Dünya şöhrətli müğənni Şakiranın “Bakı Kristal Zal”da konsertinə fantastik qiymətə bilet satılıb. “Facebook”da VİP yerlərə biletlərin 1000 manata satıldığını əks etdirən fotolar yayılıb.
Bəlkə də Şakiranın “çəkisinə” görə bu rəqəm çoxlarına adi gələcək. Əlbəttə, hansısa konsert-tamaşaya biletin qiyməti 1000 manat, hətta bundan da baha ola bilər. Bunu təşkilatçılar və tədbirə olan maraq, sifariş müəyyən edir. Üstəlik indi Bakıda geniş məmur-oliqarx dairəsi var ki, belə bahalı xərcləmələr onların dəbdəbəli həyatlarının bir hissəsinə çevrilib.
Ancaq məsələ burasındadır ki, təşkilatçılar Şakiranın konsertinə biletlərin ən baha qiymətini 230 avro həddində göstərmişdi. Bu, Şakiranın, eləcə də ondan əvvəl Cenifer Lopez və Rihannanın Bakıda konsertlərini təşkil edən “Omnikomo Music Group”un rəsmi məlumatında göstərilirdi – hələ bu ulduzların konsertlərinə biletlərin satışa çıxarıldığı iyun ayından.
Bundan başqa, biletlərin onlayn satışını təklif edən www.ticketmaster.de saytında da “Bakı Kristal Zal”dakı yerlərin qiyməti 230-35 avro arasında dəyişirdi.
Cenifer Lopezin təşrif gətirdiyi sentyabr ayında onlayn bilet almağın mümkünlüyü yoxlayan əməkdaşımız da orada yalnız 80 və 125 avroluq yerlərin qaldığını, qalan yerlərin isə broun edildiyini müəyyənləşdirmişdi. Bu vəziyyət hər üç ulduz müğğəninin konserti üçün eyni idi.

Açığı, Cenifer Lopez və Rihannanın “Bakı Kristal Zal”dakı konsertlərinə biletlərin rəsmən elan edilən qiymətlərdən baha satılıb-satılmadığı haqda dəqiq məlumatımız yoxdur. Lakin Şakiranın konsertinə biletin təqdim etdiyimiz fotosu təşkilatçıların qabaqcadan elan edilən qiymətdən 4 dəfəyə yaxın baha yer satdığını sübut edir.
Bunun səbəbini və məsuliyyəti kimin – “Omnikomo Music Group”un, yoxsa “Bakı Kristal Zal”ın daşıdığını isə növbəti iş günlərində müyyənləşdirməyə çalışacağıq.