Ölkədə dəhşətli şeylər baş verir. Bir zamanlar gizli səhnələrdə yazılmış ssenarilərdə rol alanların sandığından hər gün yeni-yeni “dəhşət filmləri” çıxır. Ölkədə dövlət piramidasına yüksələn rüşvətin, əxlaqsızlığın, intriqaların, satqınlığın hekayətlərini anladan bu “filmlər” həqiqətən vahiməlidir. Ingilis kralı VIII Henrinin həyatından bəhs edən məşhur “Boleyn qızı” filmini görənlər Azərbaycan hakimiyyətinin də bənzər oyunlar içində olduğunu təsdiqləyə bilərlər. Amma daha dəhşətlisi, bu oyunlara qadınların alət edilməsi, bəzən isə onların könüllü şəkildə həmin səhnələrdə yer almasıdır…ÿ
Rüşvət bu xalqın nəfəsini kəsib, insanları lal-kar edib, müqavimət hissini öldürüb. Bir cəmiyyətin başına rüşvətin açdığı bəlanı heç nə aça bilməz. Yer üzündəki ən böyük əxlaqsızlıqların kökündə çirkli pullar dayanır. Azərbaycan gündəmi “rüşvət prodakşn” silsiləsindən yeni “serial”la çalxandığı, hakim təbəqənin Çexiya mülklərinin siyahısının mətbuata çıxarıldığı bu arada Isveçdə baş verən bir hadisəni nümunə gətirmək yerinə düşər. Bu günlər hay-küylü rüşvət qalmaqalı Isveç hökumətinin də başını bəlaya soxub. Ölkədə həftələrdir “TeliaSonera” telefon şirkətinə qarşı irəli sürülən rüşvət ittihamları müzakirə olunur. Şirkətin Özbəkistanda 3G lisenziyası almaq üçün ölkə prezidenti Islam Kərimovun qızı Gülnarə Kərimovaya 320 milyon dollar rüşvət verdiyi iddia edilir. Bu şirkətdə 37% paya sahib olan Isveç hökuməti səslənən ittihamı ilk gündən bir əxlaq məsələsi kimi qəbul edərək, ciddi ölçü götürüləcəyini bildirib. “Reuters” yazır ki, bu iddialar hər zaman əxlaqi dəyərlərə önəm verdiyi ilə öyünən Isveç hökumətinə utanc gətirib. Hökumət artıq şirkətə öz təmsilçisini təyin etmək və orada əxlaq məsələləri üzrə ekspert vəzifəsinin zəruriliyini müzakirəyə çıxarıb. Bu qalmaqaldan sonra həmin lisenziyanın da ləğv ediləcəyi gözlənilir.
Maraqlıdır ki, burada da rüşvətin izləri gəlib keçmiş sovet məkanına çıxır. Bu rüşvət qalmaqalında Özbəkistanda “Takilant” şirkətinin rəhbəri olan Ermənistan doğumlu Qayane Avakyan adlı gənc qadının adı hallanır. Deyildiyinə görə, Gülnarənin bütün maliyyə işlərini aparan bu qadını Özbəkistanda onun sağ əli kimi tanıyırlar.
Bu xəbəri oxuduğum zaman iki məqam üzərində dayanıb müqayisə apardım. Bir, Azərbaycanda rüşvətin “dövlət işi” olduğunu sübuta yetirən məlum videodan sonra yüksək rəsmilərdən hər hansı açıqlama gəlməməsi və kimsənin cəzalanmaması. Isveç hökumətinin isə bir biznes şirkətinin qaranlıq məsələsinə görə utandığını və bunun əxlaq məsələsi olduğunu etiraf etməsi. Iki, hər iki rüşvət hadisəsinin keçmiş sovetlər məkanında baş verməsi və çirkli pulların o sistemin böyütdüyü qadınların əliylə “yuyulub” sahibinə ötürülməsi.
Bəli, ortada acı bir gerçəklik var. Bəhs etdiyim bütün vahiməli işlərin içindən qadınlar çıxır. Könüllü və ya könülsüz, bu, bir çirkinlik, bir rəzillik, bir istismardır. Heç bir cəmiyyət öz qadınlarını belə oyunlara alət etməklə irəli gedə bilməz. Bu düşüncədə, bu tərbiyədə, bu tamahda qadınları olan cəmiyyət şüursuz və debil nəsil yetirməkdən başqa bir şeyə yaramaz. Heç bir qadına da Gülər Əhmədovanın düşdüyü məlum duruma düşməsini arzulamazdım…
O yerdə ki, dəyərlərin çəkisi itir, orada insaf, xeyirxahlıq, mərhəmət hissi də ölür. Elə buna görə indi biz də həmin deputat xanımın öz çevrəsindən məruz qaldığı eybəcər söyüş savaşına qulaq şahidliyi etmək məcburiyyətindəyik. Adını çəkdiyim filmdəki “Boleyn qızı” hakimiyyəti əldə saxlamaq istəyənlərin alətinə çevrildiyi üçün başını qurban verməli oldu. Qadınlar, heç bir halda kiminsə qurbanı olmayın!

Ah qadınlar, qadınlar…
•