YAP-çılar təqsirsizlik prezumpsiyasını pozurlar

Müzəffər Baxış: «Gülər Əhmədova xüsusi ittiham qaydasında həmin şəxslər barəsində məhkəməyə müraciət edə bilər»

Elşad Abdullayevin yaydığı videomaterialla bağlı cinayət işi üzrə istintaq başa çtmasa da, olayın əsas qəhrəmanı Gülər Əhmədovanı hakim partiya təmsilçiləri dələduz adlandırıb. YAP rəhbərliyindən Əli Əhmədov, Siyavuş Novruzov, Mübarizə Qurbanlı, Hadı Rəcəbli və başqaları məhkəmə qərarı olmadan partiyadaşlarını ittiham etməkdən çəkinmir. Eyni zamanda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də Gülər Əhmədovanı dələduz adlandırıb.
Ortada fakt olsa da, məhkəmə qərarı olmadan hər hansı şəxsi cinayətkar adlandırmaq ölkə qunanlarına da ziddir. Bu, həmçinin istintaqa təsir kimi də qiymətləndirilə bilər. Qanun Gülər Əhmədovaya onu cinayətkar adlandıranları cəzalandırmaq məqsədi ilə məhkəməyə müraciət etmək hüququ da verir.
Hüquqşünas Müzəffər Baxış hesab edir ki, G.Əhmədova xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək onu cinayətkar adlandıran şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə məsuliyyətə cəlb olunmasını tələb edə bilər. Lakin bu baş verəcəyi halda məhkənin onun ərizəsini icraata qəbul edəcəyi inandırıcı deyil: “Inanmıram ki, Gülər Əhmədova xüsusi ittiham qaydasında həmin şəxslər barəsində məhkəməyə müraciət etsə də, məhkəmə onun ərizəsini təmin etsin və həmin ərizəni öz icraatına qəbul etsin. Hər bir halda onun belə bir hüququ var. Çünki həm Azərbaycan Konstitusiyasının 62-ci maddəsi, həm də Cinayət Prosessual Məcəllənin 21-ci maddəsi təqsirsizlik prezumpsiyası hüququnu nəzərdə tutur. Vətəndaşın cinayət törətməsi barədə məhkəmə hökmü yoxdursa, o, təqsirsiz sayılır”.
Ekspert vəzifəli şəxslərin bu tipli bəyanatlarının Avropa Məhkəməsinin qərarlarına zidd olduğunu da qeyd etdi: “Avropa Məhkəməsi bir sıra qərarlarında bu barədə qeyd edib ki, dövlət vəzifələrində çalışan şəxslər bu və ya başqa şəxslərin cinayət törətməsi barədə xüsusi bəyanatlarla çıxış etməməlidirlər, belə məsələlərdən çəkinməlidirlər. Bu çox mənfi hal kimi qiymətləndirilir”.
Ekspertin sözlərinə görə, Azərbaycan kimi qeyri-demokratik, hüquq-mühafizə orqanları müstəqil olmayan bir dövlətdə bu kimi çıxışlar istintaq orqanlarına təsir kimi qiymətləndirilə bilər. Çünki Azərbaycanın hüquq-mühafizə orqanları bu və ya digər cinayətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən deyil, onlara verilən sifarişlər əsasında tövsif edirlər.

Fizzə