Murakaminin «Nobel» almamasına niyə sevindim?

Dünən 109-cu “Nobel” ədəbiyyat ödülünün sahibi açıqlandı, bu, Çin yazıçısı Mo Yandır. Onun adı bizə heç nə demir, elə buna görə dünən bizimkilər sosial şəbəkələrdə Nobel Akademiyasının ünvanına babat döşədilər.
Bu çox gülməlidir; əvvəla azərbaycanlılara tanış imza olmaması Mo Yanın “Nobel”ə layiq olmamasından xəbər vermir.
Ikincisi, biz dünyanın əksər ölkələrində ün salmış bir çox yazıçıları məhz “Nobel” sayəsində tanımağa, oxumağa başlamışıq, onların varlığından məhz bu ödül vasitəsilə xəbər tutmuşuq. Mo Yanın da onlardan biri olmadığına kim təminat verə bilər?
Üçüncüsü, belə məlum oldu ki, bizdə bir çoxları Kamal Abdullanın namizədliyini (bu namizədliyin necə komik şəkildə baş tutduğunu belə, unudaraq!) doğrudan-doğruya ciddiyə alıblarmış, onun bu ödülü ala biləcəyinə özlərini inandırıblarmış.
Yazıq, çox yazıq! Belə qeyri-ciddi adamların ölkəsində “Nobel” ədəbiyyatı ödülləri haqqında danışmaq özü adama gülməli gəlir. Kimə nə anladasan, kimə nə başa salasan?
Murakami məsələsi
Builki ədəbi “Nobel”i Mo Yanın qazandığı açıqlanınca təəccüblərin, təəssüflərin çoxu Haruki Murakami ilə bağlı oldu. Bəli, çoxları, həm də haqlı olaraq, məhz bu ünlü yapon yazarının ödülləndiriləcəyini gözləyirdi.
Son vaxtlar Murakaminin adı “1Q84″ romanı ilə yenidən dünya oxucusunun diqqət mərkəzindədir, bu roman indiyədək milyonlarla tirajla satılıb, çap edildiyi hər ölkədə bestsellerə çevrilib.
Söhbət təkcə “1Q84″dən də getmir, ümumiyyətlə, çağdaş dünya ədəbiyyatını Murakami olmadan təsəvvür etmək çətindir. Hətta mümkün deyil. Mən təzəlikcə onun ”Norveç meşəsi”ni oxudum. Oxumayanlara da tövsiyə edirəm.
Ancaq Murakaminin namizədliyi ilə bağlı mənim diqqətimi başqa bir məqam çəkdi. O, bir neçə gün əvvəl ölkəsi ilə Çin arasındakı mübahisəli, zaman-zaman müharibə həddinə çatan adalar məsələsindən danışarkən hər iki tərəfi “millətçilik isterikası”na qapılmaqda ittiham etmişdi. Onun belə mövqeyi təqdirəlayiqdir.
Di gəl ki, bir çoxları Harukinin bu cür mövqeyinin məhz “Nobel”ə hesablandığını yazıb-çizməyə başladı. Söhbət Azərbaycandan da getmir. Məsələn, rus saytlarında Murakaminin Nobel Akademiyasının “incə” damarını tutmaq və yaponların “milli məsələsi”ndə “kosmopolit münasibət” sərgiləməklə ödülü qarantiləmək məqsədilə belə çıxış etdiyini deyirdilər.
Bilirsiniz ki, indiyədək “Nobel” ədəbiyyat ödüllərinin verilməsində siyasi rənglərin də mühüm rol oynadığına dair möhkəmlənmiş qənaət var. Ona görə də Murakaminin çıxışı ilə bağlı belə düşünənlər tam haqsız da sayılmaz.
Amma çox maraqlıdır ki, sonda “Nobel” ödülünü ölkəsini və Çini “millətçilik isterikası”na görə suçlayan yapon yazarı yox, mübahisəli adalar məsələsində heç bir mövqeyi olmayan Çin yazıçısı aldı.
Murakami “Nobel”ə nə qədər çox layiq olsa da, məhz bu il və məhz o çıxışdan sonra onun bu mükafatı almamasına sevindim. Çünki istedadı, ədəbiyyata töhfələri bir yana qalacaqdı, hər kəs onun ödülü qapmasında siyasi izlər axtarışına çıxacaqdı. “Nobel”i qazanmasını məlum çıxışına bağlayacaqdı.
Sevincimin bir başqa səbəbi
Murakaminin builki “Nobel”i almamasına sevincimin bir başqa səbəbi də var.
Əgər ödül Mo Yana yox, Harukiyə getsə, indi azərbaycanlıların Nobel Akademiyasına söyüş, təhqir, hədyanının biri bir qəpik idi. Vətənşüvənlik çoxdan alıb başını getmişdi.
“Nobel” ödülünün Bakı neftindən qazanılan pullarla maliyyələşməsini Nobel Akademiyasının başına vuranların sayı-hesabı yox idi.
Hamı bu saat üç aşağı, beş yuxarı eyni şeyi deyir, yazırdı: “Kamal Abdulla da çıxıb Azərbaycan və Ermənistanı Qarabağ məsələsində millətçilik isterikasına qapıldığına görə ittiham etsə, mükafatı çoxdan ona vermişdilər”.
Belə zəvzəkliyin, boşboğazlığın, qaraqışqırığın baş alıb getməməsi üçün də Murakaminin “Nobel”i qazanmaması yaxşı oldu.
Gülər həngaməsindən sonra bir də bu hay-küyü çəkmək asan olmayacaqdı.