Ədalət Yusubov: «Ağlagəlməz addımlar partiyaya başucalığı gətirmir, əksinə, partiya məsxərə vəziyyətinə salınır»
»Partiyanın bir nümayəndəsini də YAP-a göndərmək lazımdır»
“Klassik Xalq Cəbhəsi” Partiyasının sədri tərəfindən razılaşdırılmamış addımlar atılmasından imtina olunarsa, Ali Məclisdə fraksiya ilə bağlı dediyim sözün sahibiyəm. Bu sözü sona qədər tutmağa da hazıram”. Bunu APA-ya KXCP sədrinin keçmiş müavini, partiya daxilində yaradılan “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Ədalət Yusubov deyib.
Ə.Yusubov partiya rəhbərinin fəaliyyətində narazı qaldığı məqamlar, tələb və təklifləri haqda danışıb:”Seçkilərdən dərhal sonrakı müddətdə Ictimai Palata-KXCP münasibətləri ilə bağlı qəbul olunan qərarların icrasına yönələn addımların atılmasını istəmişəm. Bu qərarlar zaman-zaman KXCP-nin bu və ya digər orqanlarında müzakirə olunaraq qəbul edilib. Bundan başqa, müxalifətlə geniş inteqrasiya ilə bağlı qərarın icrası da tələb mövzusudur. Partiya seçkidə iştirak edən 8 partiya ilə geniş əməkdaşlıq model üzərində işləməyə dair verdiyi qərarı da icra etməyib. Seçkidən sonra verilən qərarların özəyi isə geniş inteqrasiya alınmadığı təqdirdə, təkbaşına təşkilatlanma və güc mərkəzinə çevrilmək istiqamətində addımların atılmasının zəruriliyi olub”.
Ə.Yusubov IP-ə münasibətdə partiyanın Idarə Heyətinin sonuncu yığıncağında qəbul etdiyi qərarı təqdir etsə də, KXCP-də gərginlik yaradan addımların öz həllini tapmadığını da diqqətə çatdırıb:”Ancaq partiyada gərginlik yaratmış, bu günə qədər aradan qaldırılmayan, heç bir yerdə müzakirə olunmadan partiya sədrinin şəxsi təşəbbüsü ilə atılan addımlar da var. Partiya üzvlərinin əksəriyyəti KXCP-nin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında, Demokratik Qüvvələrin Məşvərət Məclisində iştirakına münasibəti birmənalı olmayıb. Partiya sədri Mirmahmud Mirəlioğlu da etiraf edib ki, şəxsi təşəbbüsə söykənən fəaliyyət olub. Hamıya bəllidir ki, bu, partiyanın siyasi iradəsini ifadə etməyib. Mən bu qurumlardan çəkilməyi də şərt olaraq ortaya qoymuşam. Partiyanın kollegial qərarı olmadan, nizamnamə pozuntusuna yol açaraq bu qurumlarda təmsil olunmaq, sonrakı dövrdə bunu partiyanın rəhbər strukturlarından birinin qərarı ilə qanuniləşdirməyi doğru hal hesab etmirəm. Bu birbaşa nizamnamə pozuntusudur. Biz sədrin bütün səlahiyyətlərinə hörmətlə yanaşırıq. Ancaq partiyanın kollegial qurumlarının qərarlarına da hörmətlə yanaşmağın tərəfdarıyıq”.
O qeyd edib ki, KXCP Idarə Heyətinin siyasi birliklərdə partiyanı təmsil edəcək nümayəndələrin təyinatının da əleyhinədir:”Bu qərar səfirlik institutunun yaradılmasına bənzəyir. Fikrimcə, nümayəndələrin göndərilmədiyi Milli Birlik Hərəkatı və “Qarabağ” bloku qalıb. Ən böyük siyasi güc də hakimiyyətdir. Nümayəndənin birini də Yeni Azərbaycan Partiyasına göndərmək lazımdır. Bütün siyasi qüvvələrlə məsafədə dayanmağın mahiyyəti onların məntiqinə görə budursa, düzgün deyil. Bu nə məntiqdir? Söhbət əməkdaşlığın konkret prinsiplərindən, mahiyyətindən getməlidir. Burada isə mahiyyət yoxdur. Belə aldadıcı, ağlagəlməz addımların atılması partiyaya başucalığı gətirmir. Əksinə, partiya məsxərə vəziyyətinə salınır”.