“23 manatlıq” vətəndaşın və Əli Əhmədovun şərəf və ləyaqəti…

Iki gündür ki, “on günlük kəlmə orucu tutan” iqtidar rəsmiləri və Milli Məclis üzvləri Gülər Əhmədova ilə Elşad Abdullayevin mandat bazarlığına münasibət bidirmək üçün adəta yaxa cırırlar, sanki yarışa giriblər… 
On gündən çoxdur ki, “istintaqı gözləyək, tələsməyək”, “bəlkə bu montajdı”, “videodan da görünür ki, xanım deputat özünü ləyaqətlə apardı, bazarlıqda güzəştə getmədi” deyənlər tufan qoparırlar.
Əziz oxucu, mən bu hadisələrin hansı sonluqla bitəcəyindən sonra, proses başlanan gündən izlədiyim dəhşətli xronologiyanı ardıcıllıqla sizlərə təqdim edəcəm, mövqeyini hər gün , hər saat dəyişən deputat və məmurlarla bir daha “tanış olacaqsınız”, tələsməyin, hələlik gələk 23 manat söhbətinə…
Gülər Əhmədovanın bazarlıq etdiyi dairədəki seçicilərin sayını onun Elşad Abdullayevdən istədiyi məbləğə bölsək, təxminən 23 manat edər. Bu, ümumilikdə rejimin sadə vətəndaşa verdiyi ən yüksək qiymətdir, çünki Gülər və onun bağlı olduğu şəxslər oradan komissiyonunu götürdükdən sonra məbləğ bir qədər də aşağı olacaqdı. Bəli, əziz oxucu, illərdir gizli aparılan deputat sövdələşmələri haqda geniş məlumatımız, seçki saxtakarlığından xəbərimiz olsa da, rejim irəli sürülən ittihamların heç birisini yaxına buraxmırdı və israrla demokratik seçkidən dəm qılırdı. Arxayınçılığın o həddə gəlib çıxmasına ən parlaq nümunə kimi, deputat Etibar Hüseynovun Milli Məclisdə döş nişanının fərqli dizayn edilməsinin vacibliyi haqda çıxışını misal göstərmək olar, çıxışdan sitat: “Bir çox millət vəkillərinin iki və daha artıq müddətə seçildiyini nəzərə alsaq, yeni döş nişanı o qədər də xərc aparmaz”.
Yəqin ki, eyhamı anladınız, Liderin, ümimiyyətlə, Azərbaycanın teleməkanın ən böhtançı jurnalistlərindən biri (bu adam hətta təbii fəlakət zamanı da müxalifəti günahlandırmaq qabiliyyətinə malikdir – X.Ə.) arxayındır ki, o, əbədi deputatdır və növbəti seçkilərdə yalnız döş nişanının getdikcə böyüyən əndamının fonunda kiçik görünəcəyindən narahatdır.
Çox maraqlıdır ki, Etibar Hüseynov bu çıxışı, Gülər-Elşad olayından bir neçə gün sonra edib, çünki o zaman deputatlar “sus” əmrini almışdılar. Bir az qabağa gedərək deyim ki, bu deputat da dünən tvitter hesabında Güləri yıxıb sürüyüb…
Bəs necə oldu ki, 10 gün bütün deputatlar və ölkə rəsmiləri susdular, vətəndaşın səsini 23 manata hərraca çıxaran deputatı qınamadılar, “istintaqı gözləyirik” deyə başdansovdu cavab verənlər bir günün içərisində şirə döndülər. Hətta “məhşur” bir telejurnalist Gülər Əhmədova üçün “halal olsun, Yasamal qızı Elşada bir qəpik də güzəştə getmədi” frazasını elə tonda dedi ki, elə bil güləşçimiz finalda erməni rəqibinə qalib gəlmişdi…
Qəribədir ki, hazırda deputatın Azərbaycan xalqına etdiyi hörmətsizliklərə görə yox, facebook səhifəsinə qoyduğu “Xoruz baba” şerinə görə tənqid edirlər. Məlum olub ki, Xoruz baba, YAP-ın icra katibi Əli Əhmədova partiyadaşlarının sevgi ilə verdiyi “kliçka” imiş, deputat da bu “sirri” açıb. Lakin cavablardan məlum oldu ki, bu ləqəbin tarixi çox qədimdir. Şəxsən mən burada qəbahət heç nə görmürəm, amma “Səs” qəzetindəki, biədəb şeirləri şiddətlə qınayıram, ən azı Heydər Əliyevin “”Səs” mənim sevimli qəzetimdir” ifadəsinə görə bunu etməməliydilər. Allahdan Gülər yumşaq status paylaşıb…
Çox qəribədir ki, deputatlar Gülər Əhmədovanı “xoruz baba” statusunu qoymasından sonra üç gün “fikirləşiblər” və cavab vermək qərarına gəliblər…
Məni qınamayın, hadisələrin lap əvvəlində fikirləşirdim ki, ən azı 2-3 deputat istefa verəcək. Hətta onları təxmin də etmişdim, 2-si ağsaqqal idi…
Indi başqa fikirdəyəm, hesab edirəm ki, yenidən… “Güləri müdafiə et!” (bu mümkündür və gələn yazıda bu haqda yazacam – X.Ə.) komandası verilsə, bunlar Əli Əhmədov haqda elə statuslar qoyacaqlar ki, xoruz onun yanında hinə getməli olacaq…
Nədənsə, növbəti yazımın qəhrəmanlarından biri Aydın Mirzəzadəni xatırladım…