YAP-ın dələduzu baş redaktoru hələ də həbsdə saxlatdırır

YAP-çılar yeni söz əzbərləyiblər: “Müxalifət Gülər Əhmədova olayından sui-istifadə edir, hakimiyyətə qarşı qara piar aparır”.
Guya seçki korrupsiyasını sübut edən faktla bağlı hakimiyyət üzərinə düşən vəzifəni yerinə yetirir, qanunun aliliyi təmin olunur, ancaq bəzi müxaliflər “hər il 25 min üzv qəbul edən” YAP-ın bir nümayəndəsinin dələduzluğunu “gündəmdə saxlamaqla” iqtidarın imicinə zərbə vurur.
YAP Qadınlar Şurasının üzvü, hakimiyyətin təbliğat aparatlarından birinin başında duran və iqtidar partiyasının deputat fraksiyasında aparıcı sima sayılan Gülər Əhmədovanın “sıravi üzv kimi” göstərilməsi, əslində, olayı kiçiltmək cəhdi kimi nə qədər uğursuzdursa, “mövzunu gündəmdə saxlama” suçlaması siyasi təfəkkür çatışmazlığını bir o qədər özündə əks etdirir. Ya bunlar həqiqətən nələrin baş verdiyini dərk etmək imkanında deyillər, ya bu cür dələduzluqlara alışdıqları üçün faktın doğurduğu rezonansı anlaya bilmirlər, ya da videoyazının hüquq-mühafizə və məhkəmə sisteminin siyasi iradənin qulu olduğunu bütün çılpaqlığı ilə üzə çıxarmasından elə şoka düşüblər ki, artıq özlərini və sözlərini itiriblər; nə demək, necə danışmaq gərəkdiyini müəyyənləşdirə bilmirlər.
Bu videoyazı və müraciətlər təkcə hakimiyyətin seçki korrupsiyası, vəzifələrin rüşvət qarşılığında çirkin yollarla milyonlar toplayan yaramazlara satılması və dələduzların siyasi bazarlaşma aparmasını deyil, həm də hakimiyyətin söz azadlığına qarşı repressiyasını üzə çıxardı.
Adicə bir fakt: “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ötən il oktyabrın 28-də, Internet televiziyalardan birinə müsahibə verməyə gedərkən gündüzün günorta vaxtı küçədən oğurlanmışdı. Yalnız gecəyə doğru, saat 22 radələrində, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə bəlli oldu ki, Əvəzi oğurlayanlar Korrupsiyaya qarşı Mübarizə Idarəsinin əməkdaşlarıdır; demə, 19 oktyabr 2012-ci ildə deputat Gülər Əhmədova bu idarəyə Əvəz Zeynallının ondan rüşvət istəməsi ilə bağlı ərizə ilə müraciət edibmiş, sübut kimi isə “səs yazısını” göstəribmiş. Bu bir vərəqlik ərizə və “səs yazısı” əsasında Əvəz Zeynallı barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçildi.
Ancaq bu il – 19 sentyabrda – Elşad Abdullayevin yazılı müraciəti yayılanda bəlli oldu ki, Gülər Əhmədovanın 2 milyon rüşvət alması ilə bağlı şikayət ərizəsi, fakt və videoçəkiliş bir neçə ay əvvəl Baş Prokurorluğa göndərilibmiş. Hətta bu ictimai açıqlamadan sonra da hüquq-mühafizə orqanları hərəkətə keçmədi, əksinə, keçmiş rektora qarşı ittihamlar, suçlamalar başlandı.
Yalnız sentyabrın 25-də, Elşad Abdullayev Gülər Əhmədova ilə aralarındakı danışığın videyazısını ictimailəşdirəndən sonra əndişəyə düşən hakimiyyət məcburiyyət qarşısında müəyyən tədbirlərə start verdi.
Elşad Abdullayevin ərizəsi və videofakt aylar öncə Baş Prokurorluğa göndərilmişdisə, niyə hüquq-mühafizə orqanları dərhal hərəkətə keçmirdi? Gülər Əhmədovanın ərizəsi və “səs yazısını” əsas götürən prokurorlar cəmi 9 gün sonra Əvəzi küçənin ortasından oğurlaya, istintaq müddətində həbs etdirə bilirlərsə, eyni münasibət niyə Gülər Əhmədovaya göstərilmir? G.Əhmədovanı Zakir Qaralov hansı əsaslarla aylarla istintaqdan yayındırır?
Deməli, həbs üçün Birincinin razılığı alınmalıdır? Deməli, bütün həbs olunanların – azad sözü təmsil edənlərin, fəal gənclərin, müxalif düşüncəli ziyalıların… cibindən narkotik çıxması, “rüşvətxorluğu”, “xuliqanlığı” Birinci ilə razılaşdırılır?
Dəhşətli bir mənzərə yaranıb: Əvəz Zeynallını rüşvət istəmə ittihamı ilə həbsə atdıran və bu vaxta qədər heç bir sübut təqdim etməyən Gülər Əhmədova, demə, “dələduz və əxlaqi göstəriciləri aşağı olan” (sitat YAP icra katibi Əli Əhmədovundur), “tərbiyəsiz” (sitat YAP IH üzvü Kərim Kərimovundur), “cinayətkar” (sitat YAP-çı deputat Eldar Ibrahimovundur) imiş; bəs, necə olur ki, haqqında partiyadaşlarının belə təhqiramiz ifadələr işlətdiyi, əleyhinə cild-cild faktlar olan “dələduz-cinayətkar-tərbiyəsiz…” Gülər Əhmədova hələ də azadlıqda, onun heç bir sübut olmadan, yalnız bir ərizəsi əsasında həbs edilən Əvəz Zeynallı türmədədir?