“YAP bir daha mənəviyyatını ortaya qoydu”

gozel bayramli-itv-cixish“Bu ölkədə rüşvət və korrupsiya bir idarəçilik sistemidir və onun başında YAP dayanır”

Gözəl Bayramlı: «Əli Əhmədovun özü də hakimiyyətin seçki siyahısı ilə deputat olub»

Gülər Əhmədova olayında YAP maraqlı mövqedən çıxış etməkdədir. Ortada olan korrupsiya faktından heyrətləndikləri təsəvvürünü yaratmağa çalışan hakimiyyət nümayəndələri bu addımları korrupsiya və rüşvətin onlara yad olduğunu sübut etməyə çalışırlar. Baş verənlərə ilk sərt açıqlamanı YAP-ın icraçı katibi Əli Əhmədov verdi və o, G.Əhmədovanı partiyaya ləkə adlandırdı. Bugünkü müsahibimiz AXCP sədrinin müavini Gözəl Bayramlıdır.

– Gözəl xanım, 2010-cu il parlament seçkilərində Əli Əhmədovla rəqib olmusunuz. Hazırda rüşvət və korrupsiyanın YAP-a yad olduğunu bəyan edən Əli Əhmədovun özünün deputat seçilməsi nələrin hesabına başa gəlib?
– Əli Əhmədov həqiqətən də çox qəribə mövqe sərgiləyir. Guya YAP hakimiyyəti xalqın səsi ilə formalaşıb və rüşvətə, korrupsiyaya aidiyyəti yoxdur. Halbuki Azərbaycan cəmiyyəti yaxşı bilir ki, Əli Əhmədov hakimiyyətin siyahısının hesabına deputat olub. Gülər Əhmədovanın videosu parlamentin hansı yolla formalaşdığını göstərir. Əli Əhmədov çox gözəl bilir ki, parlament hansı yolla formalaşıb. Bu ölkədə rüşvət və korrupsiya bir idarəçilik sistemidir və bu sistemin başında YAP dayanır. Burada təəccüblü heç nə yoxdur. Gülər Əhmədovanın videosu xalqın bildiklərinin sadəcə, təsdiqi oldu.

Tənqid olar, amma təhqir yolverilməzdir

– Bu məsələdə belə demək mümkünsə, YAP-ın əsəbləri tab gətirmədi. YAP rəhbərliyində uzun müddət təmsil olunan bir xanım hakim partiyanın nəzarətində olan qəzetdə çox pis formada təhqir olundu. Bunu necə qiymətləndirirsiniz?
– Bu, gözlənilən idi. Çünki bununla YAP bir daha mənəviyyatını ortaya qoydu. Amma bundan çox məyus oldum. Gülər Əhmədovanın bu komandanın üzvü olmasına baxmayaraq ona qarşı bu cür davranıldı. Gülər Əhmədova bir Azərbaycan qadınıdır. Qadına qarşı bu cür yanaşma yolverilməzdir. Biz tənqidi başa düşürük, amma təhqirə keçmək olmaz. Qadına qarşı bu cür davranış milli mentalitetə də uyğun deyil. Cəmiyyət bunu anlamalıdır ki, bu ölkəni kimlər idarə edir.

– Müqayisə bir qədər yanlış olsa da, bilmək istərdik, siz Gülər Əhmədovanın yerində olsaydınız hansı addımları atardınız. Gülər Əhmədova YAP barədə az sirr bilmir. Həmin sirlərin açılması hazırkı situasiyada düzgün addım olmazdımı?
– Allah eləməsin ki, belə bir situasiyaya düşüm. Gülər Əhmədova indi səmimi olmalıdır. Hakimiyyətin bir çox sirlərini bilir. Burada yalnız Gülər Əhmədova məsələsi deyil. Bunun arxasında rüşvətxor, korrupsioner sistem dayanır. Cəmiyyətlə səmimi olub, baş verənlərin hamısını cəmiyyətə açmaq gərəkdir. Bu prosesin arxasında kimlərin durduğunu cəmiyyət bilir. Amma birbaşa açıq tekstlə gerçəkləri demək lazımdır. Onsuz da bu hakimiyyət Gülər Əhmədovanı xərclədi. Hakimiyyət Gülər Əhmədovanın kürəyindən balta vurdu. Gülər Əhmədova ilk video yazı ictimailəşəndən sonra susmamalı idi.

Bu rejim uzun müddət davam edə bilməz

– Ictimai Palata sosial tələbi nəzərə alaraq hazırkı qalmaqalla bağlı aksiya keçirmək niyyətini açıqlayıb. Aksiyaya hazırlıq ötən müddət ərzində necə gedib?
– Bu aksiyanın keçirilməsini zəruri edən səbəblər ortadadır. Azərbaycanın qanunverici hakimiyyətinin xalqın iradəsi ilə deyil, siyasi iqtidarın istəyi ilə formalaşdığı ortadadır.
Ictimai Palatanın aksiyasına hazırlıq yüksək səviyyədə gedib və təşkilat aksiyaya hazırdır. Aksiyaya hazırlıqda həm sosial şəbəkələrdə təbliğatdan, həm də tərəfdarlarımızla birbaşa görüşlərdən istifadə etmişik. Əminəm ki, gözlənildiyi kimi aksiya möhtəşəm alınacaq. Biz “parlamentin buraxılması” tələbini aksiyada qəti şəkildə qoyacağıq.

– Son vaxtlar əyalətlərə səfərləriniz olub. Regionlarda əhalinin ovqatı, Azərbaycandakı durumun ciddiliyinə xalqın münasibəti necədir?
– Görüşlərimizdə iştirak edənlər ölkədəki vəziyyətin acınacaqlı olduğunu bilirlər. Ictimai Palatanın, partiyamızın yerli şöbələrinin toplantılarında regionlara səfər zamanı yerli əhali ilə də görüşlər baş tutur. Ümumi fikir ondan ibarətdir ki, bu rejim uzun müddət davam edə bilməz. Bu video olayından sonra sərt təpki var. Hətta belə fikirlər də var ki, video olayı ilə bağlı Ictimai Palata aksiya keçirmək addımını bir qədər də gecikdirib. Bütün cəmiyyət proseslərdən xəbərdardır. Hamı gözəl anlayır ki, baş verənləri belə qoymaq olmaz və hökmən sərt reaksiya sərgilənməlidir. Sonuncu səfərim dövlət başçısının Tərtər, Yevlax, Bərdə səfəri ilə eyni vaxta düşdü. Nəticədə mən də 3 saatdan çox yolda qalmalı oldum. Insanlar baş verənə kəskin etiraz edirdilər. Onlar Ilham Əliyevin adi bir parkın açılışına gəlməsinin xalqa heç bir fayda vermədiyini bəyan edirlər. Hətta cənazəsi olan bir ailə də məcbur olub tıxacda xeyli müddət qalmalı oldu. Xalqın etirazı yetərincədir. Hətta prezident Yevlaxda olarkən insanlara evdən çıxmaq qadağan olunmuşdu. Bu isə onu göstərir ki, hakimiyyət xalqda narazılığın hansı səviyyədə olduğunu bildiyindən bu cür qadağalara əl atıb.

Gürcüstandakı demokratiyaya həsəd aparıram

– Gürcüstanda keçirilmiş ədalətli seçkidən sonra demokratiyanın daha bir təntənəsi müxalifət lideri ilə dövlət başçısının görüşü oldu. Hər iki siyasətçi bəyan etdi Gürcüstanda baş verənlər gürcü xalqının nə dərəcədə mədəni bir millət olduğunu sübut edir. Bir siyasətçi kimi qonşu ölkədə bu cür hadisələri görəndə hansı hissləri keçirirsiniz?
– Bu cür hadisələri görəndə sadəcə olaraq həsad aparıram. Təəssüflənirəm ki, Azərbaycanda da belə ola bilərdi. Ilham Əliyev Saakaşvilidən nümunə götürərək demokratiyanın memarı ola bilərdi. Amma təəssüflər olsun ki, Ilham Əliyev belə bir siyasi iradə göstərə bilmədi. Əksinə, hakimiyyət Azərbaycanda avtoritarizmin dayaqlarının möhkəmlənməsi üçün çalışdı. Atasının heykəlləri vasitəsilə bütləşdirmə siyasəti yürütdü. Biz də arzu edərdik ki, Azərbaycan demokratik cəmiyyət olsun, iqtidarla müxalifət arasında münasibətlər normal səviyyəyə çatdırılsın. Hazırda müxalifətə qarşı düşmən münasibət sərgilənir. Bu siyasətin də başında hakimiyyət dayanır.
Fürsətdən istifadə edib gürcü xalqını demokratiyanın təntənəsi, əladlətli seçki yolu ilə parlament formalaşdırmaq münasibəti ilə təbrik edirəm. Azərbaycanda da nə vaxtsa belə bir rejimin qurulmasını arzulayıram.

– Azərbaycan Şərqdə ilk demokratik dövlətin qurucusudur. Amma buna baxmayaraq Azərbaycan məmurları – başda Ramiz Mehdiyev olmaqla – cəmiyyətimizi demokratiyaya hazır saymırlar. Bu nə dərəcədə məntiqə uyğundur?
– Bu, absurddur və həqiqətdən uzaq yanaşmadır. Şərqdə ilk demokratik dövləti Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı Qafqazda demokratik ənənələrə ən sadiq və demokratik prinsiplərin önündə gedən millət olub. Biz demokratiyaya bağlılığımızı 20-ci əsrin sonlarında müstəqillik uğrunda mübarizəmizlə sübut etmişik. Hakimiyyətdəkilər avtoritar rejimlərinə bəraət qazandırmaq üçün bu cür təbliğat aparır. Bununla hakimiyyət bir daha sübut edir ki, o, Azərbaycanda demokratik rejimin qurulmasından narahatdır. Amma Azərbaycan xalqı ölkədə demokratiyanın qurulmasına nail olacaq. Buna xalqımızın demokratiya ənənələri, potensialı da imkan verir.

Azərbaycanda köklü dəyişikliklərin əsasını xalq qoyacaq

– Ilham Əliyev regionlara səfərində belə bir açıqlama verib ki, onlar korrupsiyaya qarşı mübarizə çərçivəsində məmurlara qarşı inzibati yolla tədbirlər görürlər. Amma onların yerlərinə gələnlər də eyni fəaliyyətlə məşğul olurlar. Sizcə, bu qüsur idarə sistemindən irəli gəlmir ki?
– Ilham Əliyev çox gözəl etirafda bulunub. Bununla Ilham Əliyev etiraf edir ki, onun banisi olduğu rejimin mahiyyəti avtoritar, rüşvətxor, korrupsionerdir. Və heç bir yolla hakimiyyət dəyişiklik edə bilməz.

– Gürcüstanda seçkilər keçirilən zaman Qərb bəyan etmişdi ki, hökmən demokratik prinsiplərə əməl olunmalıdır. Yəni Qərb sevimlisi olan Saakaşviliyə belə güzəştə getmədi. Ekspertlər hesab edir ki, əslində Gürcüstana demokratiya ilə bağlı ünvanlanan mesaj eyni zamanda digər Cənubi Qafqaz ölkələrinə – Azərbaycan və Ermənistana da aiddir. Gürcüstanda baş verənləri nəzərə alsaq, 2013-cü ildə Azərbaycandakı prezident seçkisi nələr vəd edir?
– Qərbin Azərbaycandan və Ermənistandan demokratik seçki tələb etməsi haqlı mövqedir. Qonşu Gürcüstanın timsalında bunun bir daha şahidi olduq. Hakimiyyətin davranışından açıq görünür ki, bunlar 2013-cü ildə də normal seçki keçirmək niyyətində deyil. Amma buna baxmayaraq xalqın növbəti prezident seçkisi ilə bağlı ümidləri olduqca böyükdür. Seçkilərdə iştirak edən vətəndaşlarımız səslərini müxalifət nümayəndələrinə verirlər. Hesab edirəm ki, Azərbaycan Gürcüstanın qoyduğu ənənəni davam etdirə bilər. Azərbaycanda demokratik yol ilə prezident, sonra parlament seçkiləri baş tuta bilər. Amma prezident seçkisinə gedən yolda hazırkı situasiyanın tələbinə uyğun olaraq yeni parlament seçkilərinin keçirilməsi insanlarda gələcəyə ümid yarada bilər. Insanlar hazırkı rejimdən narazıdırlar. Əyalətlərdə də bu narızılıq paytaxtdan daha artıqdır. Insanlar əmindirlər ki, siyasi fəallığı artırmaqla dəyişikliyə nail ola bilərlər. Hər şey xalqın iradəsindən asılıdır. Azərbaycanda köklü dəyişikliklərin əsasını xalq qoyacaq. Xalq iradəsini ortaya qoyub demokratiyaya dəstək versə, dünya da Azərbaycandakı prosesləri müdafiə edəcək. Xalqın aktivləşdirilməsi isə müxalifətin və hazırda demokratik düşərgənin avanqardı olan Ictimai Palatanın üzərinə düşür. Ictimai Palata da bu istiqamətdə uyğun addımları atmağa hazırdır.

Xəyal