«Qadının əxlaqına dil uzatmaq nə hakimiyyətə, nə vətəndaş cəmiyyətinə yaraşır»
Hakim Yeni Azərbaycan Partiyasının əsas təbliğat ruporlarından olan “Səs” qəzeti 9 və 10 oktyabr saylarında dərc etdiyi şeirlərlə Gülər Əhmədovanı təhqir edib. “Mirzə Qərənfildən Gülər Əhmədovaya ərmağan” və “Gülərə ikinci ərməğan” adlı şeirlərdə hələ də YAP üzvü olan keçmiş deputat barəsində xoşagəlməz ifadələrə yer verilib.
Hüquq müdafiəçisi İradə Cavadova hesab edir ki, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq bir qadını təhqir etmək yolverilməzdir: “Əvvəla istintaq gedəcək, kimin nə qədər günahkar olduğu o zaman bəlli olacaq. Ikincisi də, Gülər Əhmədova bu əməli törədibsə belə, onun cavabı bu deyil. Bir qadının əxlaqına bu formada dil uzatmaq nə hakimiyyət, nə vətəndaş cəmiyyəti, nə də mətbuat nümayəndələrinə yaraşan haldır. Mətbuatın belə bir şeyi yayması ümumiyyətlə ayıbdır. Gülər Əhmədova ”Səs” qəzetini məhkəməyə verə bilər. Çünki onu təhqir ediblər, şərəf-ləyaqətini alçaldıblar. Təbii ki, baş verən qalmaqal araşdırılmalı, günahkar cəzasına çatmalıdır. Amma bu üsula əl atmaq olmaz”.