Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, bp-ni Azərbaycanın neft-qaz sektorundakı öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün beynəlxalq məhkəməyə vermək olar.
Deputat “Media forum” saytına açıqlamasında deyib ki, bp “Əsrin müqaviləsi”nin şərtlərini yerinə yetirməyib, razılaşmanı pozub: “1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda hasil olacaq neftin pay bölgüsünə münasibət birmənalı deyildi, amma ölkədə ictimai-siyasi, iqtisadi vəziyyət ağır idi və müqavilə imzalanmalıydı. Müqaviləyə görə, Azərbaycanın payı ildən-ilə artırdı. 2008-ci ildən sonra hasil olunan neftin 75 faizi Azərbaycana, 25 faizi isə şirkətlərə çatır. Amma son beş ildə bp 16-17 milyon ton nefti çıxarmadı. Vaxtilə özlərinə lazım olan nefti çıxarırdılar və oradan 75 faiz pay götürürdülər. Konsorsium neft-qaz sektoruna 28,7 milyard dollar vəsait yatırıb, 73 milyard dollar qazanc götürüb. Üç dəfə artıq gəlir götürüb. Amma Azərbaycana əlavə sərmayə yatırmadı”.
Vahid Əhmədovun sözlərinə görə, bp-nin öz öhdəliklərinə əməl etməməsi məsələsi bir il əvvəl gündəmə gəlib, şirkət öhdəlikləri yerinə yetirəcəyinə söz verib: “Amma sonra yenə də öhdəlikləri yerinə yetirməkdən imtina etdi. “Əsrin müqaviləsi” beynəlxalq müqavilədir, qeydiyyatdan keçib. Ona görə də bp çıxarmalı olduğu nefti çıxarıb Azərbaycana təhvil verməlidir. Bunun üçün əlavə investisiya tələb olunur. Şirkət qazandığından əlavə investisiya qoymalıdır”.
Deputatın fikrincə, Azərbaycan məsələni gündəmə gətirməkdə gecikib, məsələ 2008-2009-cu illərdə həll olunmalıydı.