Fuad Qəhrəmanlı: «Hakimiyyətlə müxalifət arasında anlaşmadan söhbət belə gedə bilməz»
Gülağa Aslanlı: «Belə bir danışıqlar olubsa da, Müsavat partiyası orda iştirak etməyib»
Azərbaycan hakimiyyəti ilə müxalifət arasında 2013-cü il prezident və 2015-ci il parlament seçkilərini əhatə edən ciddi siyasi kompromis təklifi əsasında müzakirələr gedir. Bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb.
Qəzetin yazdığına görə, söhbət birbaşa danışıqlardan yox, dolayı müzakirələrdən, yəni vasitəçilərin köməyi ilə tərəflərin bir-birlərinə çatdırdıqları mesajlardan gedir. Ilkin anlaşma əldə olunacağı təqdirdə isə birbaşa müzakirələr də başlaya bilər. Kompromis təklifinin qısa mahiyyəti ondan ibarətdir ki, əsas müxalifət partiyaları prezident seçkilərinin nəticələrinin legitimliyini tanısa, yəni hakimiyyət namizədinin qələbəsini şübhə altına almamağa razılaşsa, o zaman bunun əvəzində hakimiyyət ölkədə “parlament islahatları” həyata keçirə bilər. Söhbət seçki qanunvericiliyində ciddi dəyişikliklər edilməsindən və referendum yolu ilə proporsional sistemin bərpasından, eyni zamanda müxalifətə yeni parlamentdə sanballı təmsilçilik imkanı yaradılmasından gedir.
Bu məlumat nə dərəcədə reallığı əks etdirir və aparıcı müxalifət partiyaları hakimiyyətlə belə bir razılaşmaya gedə bilərmi?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu fikirlərin reallığı əks etdirmədiyini deyir. Çünki hakimiyyətlə müxalifət arasında anlaşmadan söhbət belə gedə bilməz.
F.Qəhrəmanlının sözlərinə görə, hakimiyyətlə yalnız şəffaf, hakimiyyət-müxalifət formatında görüş keçirilə bilər və görüşün predmeti ölkədə demokratik seçkilərin keçirilməsi, sərbəst toplaşmaq azadlığının təmin olunması tipli məsələlər olar. Hər hansı qapalı görüşün keçirilməsi, razılaşmanın olması ilə bağlı deyilən fikirlərin əsası yoxdur.
AXCP sədrinin müavini hesab edir ki, bu cür fikirlərin dövriyyəyə buraxılması Gülər Əhmədova olayından sonra hakimiyyətin düşdüyü çətin vəziyyətdən diqqəti yayındırmaq və Azərbaycan cəmiyyətində müxalifəti qınaq obyektinə çevirmək məqsədi daşıya bilər. Çünki son olaylardan sonra hakimiyyət cəmiyyətin qəzəbi ilə rastlaşıb. Belə bir şəraitdə gündəmi dəyişmək və müxalifəti hakimiyyətlə hər hansı separat danışıqlara getdiyinə görə qınaq obyektinə çevirmək istəyi var. Ancaq bu fikrin cəmiyyətdə inam yaradacağı mümkün deyil: “Baş verən hakimiyyət daxilində narahatçılıq yaradıb. Müxalifəti gözdən salan bu cür informasiyalarla hakimiyyətdaxili qruplarda əminlik yaratmaq istəyirlər ki, artıq müxalifət hakimiyyətlə anlaşmağa hazırdı və müxalifət bunların əbədiliyi faktını reallıq kimi qəbul edir”.
F.Qəhrəmanlının sözlərinə görə, müxalifət 2013-cü ilin seçkilərində yalnı hakimiyyət dəyişikliyini qarşısına məqsəd kimi qoyub. Hakimiyyətlə anlaşmaya getmək isə mümkün deyil: “Bu rejimlə hər hansı separat anlaşmaya getməyi əxlaqımıza, keçdiyimiz yola sığışdırmırıq. Kimlərsə bu cür iddiaya düşəcəksə, onlar yollarını bizdən ayırmış olacaq. Biz birmənalı şəkildə ölkədə demokratik dəyişikliklərin həyata keçirilməsi uğrunda çalışırıq. Qarşıdakı aylarda Azərbaycan cəmiyyəti Ictimai Palatanın prinsipial mübarizəsini görəcək və bu cür fikirlərin əsassızlığı təsdiqlənmiş olacaq”.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə belə bir müzakirələrin olması ilə bağlı heç bir informasiyası olmadığını bildirdi. Hətta belə bir danışıqlar olubsa da, Müsavat partiyası orda iştirak etməyib: “Mənim üçün bu, yenilikdir. Ona heç bir əlavə şərh verə bilmirəm. Elə bir danışıqlar olubsa, hər halda Müsavat partiyasının rəhbərliyi o danışıqlarda, o yerlərdə olmayıb və iştirak etməyiblər”.
Öz növbəmizdə qeyd edək ki, bu məlumat “Yeni Müsavat” qəzetində dərc ediləndən sonra sosial şəbəkələrdə geniş müzakirə edilib və qəzetin ünvanına sərt ittihamlar səsləndirilib. Öz növbəsində qəzet ittihamlara cavab verib. Belə ki, yazının strateji mənada müxalifətin xeyrinə olduğunu yazan qəzet məqalənin bir sıra məqsədlərə xidmət etdiyini deyir. Qəzetin yazdığına görə, bunu anlamaq üçün sadəcə həmin yazının təkcə başlığını yox, həm də içini oxumaq lazımdır. Içini oxuyanlar görəcəklər ki,ÿbeynəlxalq səviyyədə gedən böyük bir dəyişim prosesində Qərb də, iqtidar da indiki Azərbaycan müxalifətini əsas olaraq nəzərə alır, onun yaxın gələcəkdəki rəyinə oynayır. Iqtidar isə çalışır ki, sadəcə, bu dəfə də müxalifəti və Qərbi aldatsın, tələbləri 2015-ə çəksin.
Fizzə