Gənc fəal barədə qərarların məhkəmədə hazırlanmadığını sübut edən fakt ortaya çıxdı
Müsavat partiyası Gənclər Təşkilatının sədr müavini, gənc fəal Nigar Yaqublunun həbsinin siyasi xarakter daşıdığı onsuz da heç kimə sirr deyildi. “Azadlıq”ın əldə etdiyi fakt isə bunu konkret sənəd-sübutla təsdiqləyir. Söhbət Abşeron Rayon Məhkəməsinin qərarından gedir.
Nigar Yaqublunun vəkilləri onun barəsindəki həbs qərarının digər növ qətimkan tədbirilə (məsələn, ev dustaqlığı) əvəz olunması üçün bir müddət əvvəl Abşeron Rayon Məhkəməsinə müraciət etmişdilər. Lakin hakim Ilham Kərimli müraciəti təmin olunmaması haqda qərar çıxardı. Həmin qərarda çox ciddi saxtakarlığa yol verilib. Məhkəmə qərarında göstərilib ki, Rafiq Həsənov həmin müraciətə baxılan məhkəmə iclasında çıxış edərək, Nigar Yaqublunun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsinin əleyhinə oldu. Halbuki, Rafiq Həsənov Nigar Yaqublunun işinin istintaqını araşdıran müstəntiq olsa da, o, sözügedən məhkəmə iclasında ümumiyyətlə, iştirak etməyib. Həmin məhkəmə iclasında Rafiq Həsənovu müəyyən səbəblərdən Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsinin rəisi Hikmət Kərimov əvəz edib.
Bu faktın özü Nigar Yaqublunun barəsindəki məhkəmə qərarının əvvəlcədən, özü də məhkəmə binasından kənarda hazırlandığını düşünməyə kifayət qədər əsas verir.
Nigar Yaqublunun müdafiəçiləri Abşeron Rayon Məhkəməsinin sözügedən qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən bu saxtakarlıq faktını da məhkəmənin diqqətinə çatdırıblar. Lakin Bakı Apellyasiya Məhkəməsi bunu “texniki xəta” kimi qiymətləndirərək, onun üstündən keçib.
Nigar Yaqublunun vəkili Adil Ismayılov “Azadlıq”a açıqlamasında bildirib ki, həbs-qətimkan tədbirilə bağlı qərarlardan Avropa Məhkəməsinə şikayət etmək üçün ölkədaxili hüquq-müdafiə vasitəsi kimi son instansiya apellyasiya məhkəməsi sayılır. Bu baxımdan artıq Nigar Yaqublunun barəsindəki həbs qərarının qanunsuz və əsassızlığını Avropa Məhkəməsi müstəvisinə çıxarmaq üçün artıq sənədlər hazırlanır.
“Təbii ki, bu faktdan istifadə olunacaq. Ümumiyyətlə, Nigar Yaqublunun işində bu cür qanun pozuntuları həddindən artıq çoxdur. Avropa Məhkəməsinə şikayətimizdə onların hamısı öz əksini tapacaq. Avropa Məhkəməsi bu iş üzrə qərar çıxaranda Azərbaycanın məhkəmə-hüquq sistemi növbəti dəfə biabır olacaq”, – deyə Adil Ismayılov bildirib.
Aytən Məmmədova