“Kapital Bank”ın Mingəçevir qalmaqalı

Filial müdiri ətrafında müəmmalar davam edir

Icra başçısının oğlunun «ölmüş» pullarını almaq istəyən əmanətçilərin güdazına getdiyi iddia olunur
Ötən həftə mətbuatda Goranboy rayon Icra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quiyevi polisin saxladığına dair məlumat yayıldı. Qeyd edək ki, R.Quliyev yaxın bir neçə ildir ki, “Kapital Bank”ın Mingəçevir filialının müdiridir. Onun atası N.Quliyev də Goranboy rayon Icra Hakimiyyətinin başçısı postunu tutmazdan öncə “Kapital Bank”a rəhbərlik edib.
Yayılmış məlumatlarda icra başçısının oğlu R.Quliyevin “Kapital Bank”ın Mingəçevir şəhər filialında yol verdiyi maliyyə yeyintisinə görə saxlanıldığı iddia olunur. O da qeyd olunur ki, bu, əslində daha çox nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi tanınan Nizaməddin Quliyevin “vurulmasına” yönəlik bir addımdır. Başqa sözlə, bununla icra başçısnın tutduğu postdan kənarlaşdırılmasına hazırlıq görülür.
“Azadlıq” olaraq onu əlavə edək ki, “Kapital Bank”ın Mingəçevir filialından xeyli vətəndaş, özəlliklə keçmiş SSRI Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri narazıydı. Çünki filialda həmin əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi əvvəlcədən də gözlənildiyi kimi, heç də şəffaf aparılmadı. Əmanətçilər bütün günlərini pullarını almaq ümidiylə növbələrdə keçirməli oldular. Ərizələrin baxılması və qərarın çıxarılması müddəti 5 gün nəzərdə tutulduğu halda bu müddət üzrə gecikmələr oldu. Bankdan bu cür gecikmələrin yalnız sənədlərdə, ərizələrdəki problemlərlə, arxiv sənədlərinin axtarılması və bu kimi məsələlərlə bağlı olduğunu izah etməyə çalışsalar da, əslində vəziyyət tam fərqliydi. Çünki gecikmələr kütləvi xarakter daşıyırdı. Əksər hallarda bankdan ümidsiz qayıtmalı olan vətəndaşlardan fərqli olaraq müəyyən məbləğdə pul ödəyən əmanətçilər (bunun üçün bankda xüsusi dəllallar var – A.) çox rahat şəkildə əmanətlərini ala bildilər. R.Quliyevin məhz “ölmüş” pullarını almaq istəyən əmanətçilərin güdazına getməsi iddiası daha çox səslənən verisyalardandır.
Biz mətbuata yol tapmış məlum informasiyanı dəqiqləşdirmək üçün bir neçə dəfə “Kapital Bank”ın Mingəçevir şəhər filialıyla əlaqə saxlasaq da, hər dəfə filialdan “müdir yerində yoxdur”, “Ramal müəllim icra hakimiyyətindədir” kimi cavablar aldıq.

Azər