Dünyanın heç bir ölkəsinin şagirdlərindən Azərbaycan şagirdləri qədər imtahan götürülmür. Orta məktəbin 1-ci sinfinə getmək istəyən uşaqdan imtahan götürürlər. Yaxşı, bir ölkədə ibtidai təhsilin birinci sinfinə gələn uşaqların cəmi 15 faizi məktəbəqədər təhsillə əhatə olunursa, onda yerdə qalan 85 faiz uşağı nədən imtahan edirlər? Burdakı “materialist” məqsədlər artıq hamıya gün kimi aydındır. Ibtidai təhsilin sonunda imtahan, sonra 10-ci sinfə keçmək üçün imtahanlar. Sonra buraxılış imtahanları, qəbul imtahanları, bunların sınaq imtahanları da öz yerində. “Araz” və “Kaspi” tipli kursların imtahanları və s. Bir sözlə, ölkəmizin adını imtahanlar ölkəsi də qoymaq olar. 2011-2012-ci tədris ilinə qədər imtahanların yalnız birini, qəbul imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçirirdi. Hamıya bəllidir ki, bu tədris ilindən ümumi orta təhsil bazasında (9 illik) və tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanları TQDK-ya həvalə olundu. Buraxılış imtahanlarından sonra Məleykə Abbaszadə iki qurumun keçirdiyi imtahanları belə müqayisə etdi:
“Şagirdlər elə bilirdilər ki, buraxılış imtahanlarına girərək əvvəllər olduğu kimi, hansısa formada qiymət ala biləcəklər. Çünki bu vaxta kimi buraxılış imtahanları qeyri-real keçirilib.
Şagirdlər telefon vasitəsilə müəyyən suallara cavab alıb və ya ətrafdakılardan köçürərək qiymət alırdılar. Amma bu il imtahanlar tam şəffaf keçirildi, real kriteriyalara əsasən təşkil olundu”. Əla.
Reallıqda Təhsil Nazirliyinin keçirdiyi buraxılış imtahanlarını kəskin tənqid atəşinə tutan Abbaszadə və onun komandası necə imtahan keçirdi? Bu prosesin izinə TQDK-nın sözçüsü Elnur Nağızadənin açıqlaması ilə düşmək olar. “I ixtisas qrupunun qəbul imtahanlarında 2616 nəfər 0-20, 4140 nəfər 20-40, 3748 nəfər 40-60, 2989 nəfər 60-80, 2410 nəfər 80-100, 1928 nəfər 100-120, 1632 nəfər 120-140, 1453 nəfər isə 140-160 bal nəticə göstərib. 234 nəfər 600-dən yuxarı bal toplayıb”. Tam şəffaf və real kriteriyalara söykənən buraxılış imtahanlarının nəticələri belə olmalı idi? Buraxılış imtahanlarında 16 minə yaxın məzun riyaziyyat və ana dilindən yüksək qiymətləndirilib və elə özünüzün keçirdiyiniz qəbul imtahanlarında 0-100 bal toplayıb. Bundan əvvəl isə deyirdiniz ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının nəticələri üst-üstə düşməlidir… Yaxşı, indi niyə üst-üstə düşmədi?
M.Abbaszadə müsahibələrinin birində deyir ki, orta məktəb proqramını mənimsəyən abituriyent minimum 350 bal toplamalıdır. Bu qurumun analitik hesabatlarının birində isə göstərilir ki, orta statistik abituriyent məktəb proqramının yalnız 25-53 faizini mənimsəyir. Başqa sözlə 47-75 faizini mənimsəmirlər. Onda Komissiyanın keçirdiyi buraxılış imtahanlarından “yaxşı” və “əla” qiymətlər alan yalnız I ixtisas qrupu üzrə qəbulda 0-100 bal toplayan həmin 16 min məzun proqramın hansı faizini mənimsəyib? Bunun elmi satatistik təhlilini niyə vermirsiniz?
Deyəsən TQDK-nın ötən illərdəki kimi gurultulu və təntənəli elmi statistik araşdırması olmayacaq. Buna səbəb işlərin TQDK-nın xeyrinə getdiyi bir vaxtda Təhsil Ictimaiyyətinin (yəni Misir Mərdanovun) Məleykə Abbaszadəyə verdiyi sərt (həm də kobud) cavab oldu: “Son aylar müxalifət mətbuatının əsas qəhrəmanına çevrilmiş iqtidar nümayəndəsi Məleykə Abbaszadənin Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı verdiyi müsahibələrindəki məlumatlar araşdırılaraq onların əsassız, qərəzli və böhtan olduğu müəyyən edilib. M.Abbaszadənin Təhsil Nazirliyinin indiyə kimi keçirdiyi imtahanların gözdən pərdə asmaq məqsədi daşıması barədə fikrinə gəldikdə isə bildiririk ki, son illərdə Təhsil Nazirliyinin apardığı qiymətləndirmə islahatları, o cümlədən buraxılış imtahanları beynəlxalq təcrübəyə əsaslanıb və Azərbaycan hökumətinin təsdiq etdiyi Konsepsiyaya uyğun həyata keçirilib. Bu mənada TQDK sədrinin fikirləri qeyri-ciddidir və hansı arqumentlərə əsaslandığı məlum deyildir. Halbuki, kifayət qədər əsaslı arqumentlər var ki, TQDK-nın həyata keçirdiyi imtahanların heç bir elmi, metodiki və pedaqoji əsası yoxdur və dünyanın heç bir ölkəsində bu üsulla ali məktəblərə qəbul imtahanları keçirilmir”.
Nazirliyin (yəni Mərdanovun) bu cavabı TQDK sədrini pis vəziyyətdə qoydu. Bu durum indi də davam edir. Hələlik nə elmi-statistik təhlil var, nə də ki, artıq əskik açıqlamalar. Necə deyərlər, “işlər qaydasına düşdü”.
Bu “möhtəşəm cavab”dan sonra Məleykə xanım ölkə başçısının onun rəhbərlik etdiyi Quruma həvalə etdiyi Dərsliklərin monitorinqi kimi vacib bir işi də apara bilmədi. Yəni dərslikərin monitorinqi keçirilmədi. Söhbət TQDK-nın bu sahədəki təcrübəsindən getmir, siyasi və psixoloji savaş bu işi dondurdu.
Vəziyyətdən çıxış yolu buraxılış və qəbul imtahanlarını birləşdirməkdir. Bu həm də sosial sifariş, həm də Beyəlxalq tələbdir. Görəsən bu ideyanı Abbaszadə irəli sürsə sayın Mərdanov onun bu ideyasını da “əsassız, qərəzli və böhtan” adlandırmayacaq ki? Hər halda qorxuludur.