Vidadi Isgəndərli: «Onun «mandat bazar»lığında dedikləri Azərbaycanda keçirilən seçki texnologiyasının milyonda biridir»
“Elşad Abdullayevin yaydığı video məni təəccübləndirmədi. Çünki seçki saxtakarlığının necə həyata keçirildiyinin canlı şahidi olmuşam. 7 noyabr 2010-cu ildə mənə cinayət işi qaldırdılar. Ədalət məhkəməsi adlanan bir qurum – Göyçay Rayon Məhkəməsi siyasi sifarişi can-başla yerinə yetirərək məni 3 il azadlıqdan məhrum etdi.
Heç bir apelyasiya şikayəti də təmin olunmadı və ola da bilməzdi. Nə üçün? Ona görə ki, Apelyasiya Məhkəməsi şikayətimi təmin etsəydi, seçki komissiyasının üzvlərinə cinayət işi qaldırılmalı idi. Həbs olunan şəxslər isə onlara bu göstərişin haradan gələcəyini deyəcəkdi. Bununla da məsələ daha da şişəcəkdi. Bu səbəbdən mənə qarşı qanunsuz addım atıldı? – bu sözləri 14 saylı Cəzaçəkmə Müəssisəsində məhbəs həyatı yaşayan hüquq müdafiəçisi Vidadi Isgəndərli deyir.
Hüquq müdafiəçisi “Azadlıq”a göndərdiyi məktubunda qeyd edib ki, son parlament seçkilərində namizəd olduğu üçün 5 noyabr 2010-cu ildə Ictimai televiziyada çıxış edib: “Bu çıxışıma yəqin ki, çoxları diqqət yetirib. Ancaq televiziyadan səsləndirdiyim bir fikri diqqətinizə çatdırıram. 20 faizi işğal olunmuş bir ölkənin qalan əraziləri ciddi rejimli kalon qanunları ilə idarə olunur. Dövlət məmurları rüşvət və korrupsiya içərisində boğulur. Korrupsiya ilə mübarizə aparan prokurorluq orqanları özü korrupsiyalaşır, meyit alveri edir. Məmurların saxladığı heyvanlar ölkənin ziyalılarından, müəllimlərindən, müharibə iştirakçılarından yaxşı dolanır. Vergi orqanları, nəqliyyat departamenti işçiləri sürücülərə divan tutur. Göyçayın icra başçısı Mənsur Məmmədovun dələduzluq, dövlət əmlakını külli miqdarda mənimsəmə barəsində Ilham Əliyevə məktub yazmışam. 2008-ci ildə Mənsur Məmmədov dələduzluq edərək Qaraməryəm və başqa kəndin sakinlərindən qaz pulu yığaraq on minlərlə manat mənimsəmişdir. Göyçaya su çəkilişi ilə əlaqədar 13 milyon manat yoxa çıxarılmışdı. 2010-cu ildə bələdiyyə hesabından pulu götürərək Almaniyaya istirahətə getmişdi. Mənsur Məmmədov xalası oğlu, nəqliyyat naziri Ziya Məmmədova 100 hektarlıq torpaq sahəsi, dəyəri milyonlarla ölçülən villa hədiyyə etmişdir. Mənsur Məmmədovun cinayəti bununla bitmir…”.
Vidadi Isgəndərli məktubunda yazır ki, televiziyada yalnız bir dəfə 4 dəqiqəlik çıxış etdiyi üçün problemləri ümumiləşdirib deyib: “Bir neçə dəfə efirə çıxa bilsəydim, başqa faktları da açıqlayacaqdım. Televiziyada deyə bilmədiklərimi, həyatda reallaşdırmışam. Qəzetlərdə, saytlarda ölkədə baş verən özbaşınalıqları dilə gətirmişəm. Yüzlərlə insanın hüquqlarını qorumuşam. Əksər vaxtı da proseslərdən qalib ayrılmışam. Bəzən isə hökumət gətirdiyim dəlil və sübutlara göz yumub, öz adamlarına toxunmayıb. Ictimai Palatada çıxışım, fəaliyyətim, mitinqlərdə apardığım monitorinqlər təbii ki, hakimiyyət xoşuna gələ bilməzdi. Xüsusəndə seçki saxtakarlığını videofaktlarla sübut etməyim ”yuxarı”da oturanları qəzəbləndirməyə bilməzdi. Məhbəsə salınmağım da buna görədir”.
Hüquq müdafiəsi sonra qeyd edir ki, Gülər Əhmədovanın “mandat bazar”lığında dedikləri Azərbaycanda keçirilən seçki texnologiyasının milyonda biridir: “Ölkənin hər yerində – bütün seçki komisûûsiyaları bu cür işləyir. Kimi tapşırsalar, qutudan onun adı çıxır. Mənim saxtakarlığa etiraz etməyim həbsimlə nəticələndi. Hakimiyyət bir daha gösətrdi ki, kimsə seçki saxtakarlığına qarşı çıxsa, faktlar ortaya çıxarsa, onu Vidadinin aqibəti gözləyir. Ancaq insanlar bu cür təhdidlərdən artıq qorxmurlar. Və bir gün hamı öz etirazını yüksəldə biləcək”.
Ramin DEKO