Erkən evlilik, yoxsa erkən bəla?

Tez evlənmək bəzən xəstəliyi satın almağa bərabərdir!

“Valideynlərimi, xüsusilə də atamı hec vaxt bağışlamayacağam. Çünki məhz ona görə mən bədbəxt oldum…” – bunu Siyəzəndən olan, amma hazırda Bakıda kirayə yaşayan Lalə Vəliyeva deyir.

Bir qadının faciəsi…

Lalə xanımla söhbətimizin əvvəlində onun yaşını bilmirdik, amma zahiri görünüşündən təxminən 35-38 yaş vermək olardı. Söhbət əsnasında öyrəndik ki, onun hələ hec 28 yaşı tamam olmayıb. Elə bu gənc yaşında özünü dünyanın ən bədbəxt adamlarından biri sayır.
Lalə Vəliyeva 15 yaşının tamamına bir ay qalmış atasının iş yoldaşı və dostunun oğlu İlqarla ailə həyatı qurub. Lalə danışır ki, İlqarın atası Əkbər kişidə həmin dövrdə onkoloji xəstəlik aşkarlanıb. Ona görə də fikirləşiblər ki, tələm-təsik İlqarı evləndirsinlər, ata heç olmasa, bir övladının toyunu görsün. O zaman İlqarın da cəmi 21 yaşı olub. Ailənin əsas gəlin namizədi isə həm eyni kənddə yaşadıqlarından özünü yaxşı tanıdıqları, həm də soy-kökünə bələd olduqları Lalə olub…
Lalənin sözlərinə görə, cəmi bir ayın içində həm elçilik olub, həm nişan, həm də toy: “1999-cu ilin oktyabrında elçi gəldilər. Onda mən məktəbdə oxuyurdum. Onlar elçi gələn gün heç mən gəlişlərinin məqsədini bilmirdim. Elə bildim ki, həmişəki kimi qonaq gəliblər. Gecəyə qədər oturdular, təsəvvür edin, mən onlarla sağollaşdım ki, “yatıram, cünki səhər dərsə getməliyəm”. İndi yadıma salanda özüm-özümə deyirəm ki, bunlar niyə fikirləşmirdilər ki, biz məktəbə gedən uşağa elçi getmişik. Nə isə… Ertəsi gün biləndə ki, elçi gəliblər, daş atıb başımı tutdum ki, yox, getmirəm. Əsas səbəb də o idi ki, İlqardan acığım gəlirdi. Bunu anama dedim, gördüm xeyri yoxdur, sonra atamın ozünə də dedim. Atam qayıtdı ki, ay bala, biz Əkbərlə uşaqlıqdan bir-birimizi tanıyırıq, neçə illərdir çörək kəsirik, ən əsası, bu adam ağır xəstədir, mən ona necə “yox” deyim? Yenə etiraz elədim, axırda qayıtdı ki, onda gərək bir sənə görə bu boyda kənddə başıma arvad ləçəyi bağlayıb gəzim…”
Beləliklə, 1999-cu il noyabrın 16-da toy olub. Lalə Vəliyeva danışır ki, az sonra qayınatası dünyasını dəyişib, həyat yoldaşı da heç yerdə işləmədiyindən ailənin maddi durumu agır olub. Bu səbəbdən hamilə olduğu dövrdə həkimə gedib tibbi müayinələrdən də keçə bilməyib. Hamiləliyin 8-ci ayında Lalənin vəziyyəti pisləşib. Onu xəstəxanaya çatdıranda məlum olub ki, bətnindəki uşaq tələf olub. Hələ bu azmış kimi, Lalənin üzərində aparılan cərrahiyyə əməliyyatından sonra o, bir daha ana olmaq imkanından məhrum olub. Elə bu səbəbdən bir necə ildən sonra Lalənin ailəsi də dağılıb: “Doğrusu, evlənəndən sonra İlqara qarşı münasibətim dəyişmişdi. Çünki mənə qarşı yaxşı davranırdı. Amma o hadisə olandan sonra artıq hamı bildi ki, bizim uşağımız olmayacaq. İlqar yox, amma anası və bacısı bu barədə mənə nələrsə eşitdirirdi. Təxminən 6 il sonra İlqar gəlib dedi ki, icazə versən, səni atmamaq şərtilə evlənərdim, sırf uşağım olsun deyə. Buna kim razı olardı ki? Dedim ki, yox, buna razı deyiləm, amma onu da başa düşürəm ki, sən evin tək oğlusan, uşağın olmalıdır, gəl ayrılaq, özünə yeni həyat qur. Düzü, o, ayrılmaq istəmirdi, pis vəziyyətdə qalmışdı. Nə isə, son nəticədə ayrıldıq…”
Lalə hazırda Bakıda şirniyyat sexlərinin birində işləyir. Gələcəyilə bağlı çox bədbindir: “Xəstə, yarımcan adam kimə lazımdır? Bundan sonra mən ancaq həyat yoldaşını itirmiş və ya boşanmış kişilərə, ancaq uşaqlarına baxmaq ücün lazım ola bilərəm. Mən də bundansa, elə oz bacıma kömək eləyib onun uşaqlarına baxaram da… Bacımın həyat yoldaşı yol qəzasında dünyasını dəyişib”.

Erkən nikahlar heç də xoşbəxt ailə vəd etmir!

Kliniki Tibbi Mərkəzin mama-ginekoloqu Təranə Həsənova deyir ki, ərə getmək üçün qızların orqanizmi müəyyən qədər formalaşmalı, endokren orqanlar öz funksiyasını tamamlamalıdır. Bu baxımdan hələ 18 yaşı tamam olmayan bir qız ərə gedən zaman orqanizmdə reproduktiv funksiyanı yerinə yetirən, birbaşa beyinlə əlaqədar olan endokren orqanlar öz funksiyasını hələ tam şəkildə başa çatdırmamış olur. Ona görə də belə qızlarda bir sıra fəsadlar üzə çıxır: “Birinci elə gözlə görünən patologiyanı deyim. Məsələn, 10 ildən sonra həmyaşıdları ilə müqayisədə belə qızlar xeyli yaşlı görünürlər. Hamiləliyi erkən taksikoz və başqa bir sıra fəsadlarla müşayiət olunur. Doğuş zamanı qanaxmalar çox rast gəlinən patologiyalardan biridir”.
Gördüklərindən çıxış edən ginekoloqun sözlərinə görə, erkən ana olan qadınların bir sıra hallarda körpəyə münasibəti də fərqli olur: “Doğuşu həyata keçirən həkim də başa düşməlidir ki, bu, digər doğuşlardan daha artıq məsuliyyətli, ciddi işdir. Bir neçə dəfə bu faktla da qarşılaşmışıq ki, o analar dünyaya gətirdikləri uşaqlara qarşı hədsiz dərəcədə laqeyd olurlar. Bu, hətta ətrafdakılara da qəribə görünür. Tibb bacısı uşağı anaya təqdim edəndə əli ilə körpəni kənara tullayır ki, “başım ağrıyır, halım yoxdur, sonra gətirərsiniz”. O, sadəcə olaraq, uşağa yaxın durmaq, üzünə belə baxmaq istəmir. Özü hələ uşaq olan, gəlinciklərlə oynamaqdan doymayan bir insanın özünün övladı dünyaya gələndə o uşaq ona artıq kimi görünür. Analıq hissini qətiyyən dərk etmirlər. O qızlarda analıq hissi yerli-dibli inkişaf etmir. Analıq hissinin inkişafı üçün qadına müəyyən yaş həddi lazımdır. Həmin yaş həddi yetişmədiyinə görə, ana olmaq onlar üçün psixoloji zərbədir. Hətta bir neçə il əvvəl baş vermiş bir hadisəni xatırlayıram. Yeni doğulmuş uşağını hər yanına gətirəndə ana ağlayır və deyirdi ki, “bir də o uşağı gətirsəz, ya onu öldürəcəm, ya da özümü. Mən onu görmək istəmirəm. Qısa və konkret”. Doğum evindən çıxanda da uşağı qaynanasına təhvil verdilər. Qız qabaqda gedirdi, uşağı isə arxada aparırdılar. Erkən yaşda ərə gedən qızların ana olması onlar uçün birbaşa psixoloji zərbədir. Sonrakı mərhələdə də aydındır ki, uşağa normal baxa, qulluq edə bilmirlər”.
Təranə Həsənova onu da əlavə edir ki, bir çox hallarda erkən ailə quran qızlarda ana bətnindəki dölün inkişafı da tam şəkildə yetişmir. Hamiləliyin inkişafı müəyyən qədər geri qalır. Pediatrların da apardığı müşahidələrə görə, bu uşaqların əqli və fiziki inkişafı həmyaşıdlarından xeyli dərəcədə geri qalır: “Aydındır ki, ananın hələ tam yetişməmiş orqanizminin yetişdirdiyi övlad da tam yetişkən olmayacaq”.
Mama-ginekoloq fizioloji və psixoloji baxımdan qızların ailə qurması üçün ən yaxşı yaş həddinin 20-30 yaş arası olduğunu vurğulayır.
Ginekoloq erkən nikahlardan danışarkən qohum evliliklər mövzusuna da  toxunmağı vacib sayır. Deyir ki, işlədiyi təxminən 15 il ərzində rast gəldiyi erkən nikahların əksəriyyəti məhz qohumlar arasında olub ki, bu da riski ikiqat artırır: “Valideyn fikirləşir ki, elə oz tanıdığım uşaqdır, nə qədər “gözü acılmayıb” alıb gətirim, öz xasiyyətimə uygunlaşdırım. Amma bu addımın fəsadlarını fikirləşmirlər. Əgər ailədə ən mühüm amillərdən birinin məhz sağlamlıq olduğunu nəzərə alsaq, deməli, erkən nikahlar, qohum nikahlar heç də xoşbəxt ailə vəd etmir”.

Erkən nikahların psixoloji fəsadları

Elə psixoloqlar da erkən nikahlarla bağlı həyəcan təbili çalır. Onlar da deyir ki, hələ psixoloji cəhətdən tam yetkinləşməmiş yeniyetmələr ailə qurmağa hazır olmurlar.
Psixoloq Səbinə Musayevanın sözlərinə görə, cinsi yetişmənin 6 variantı fərqləndirilir. Bütün variantlarda bu proses qızlarda 11-13, oğlanlarda 13-15 yaşda daha intensiv olsa da, cinsi yetişmənin ləng başlaması halı da müşahidə olunmaqdadır. Bu zaman proses qızlarda 17, oğlanlarda 19 yaşadək davam edə bilər. Erkən yaşda ailə quran qızlarda isə belə müstəsna halların ola biləcəyi haqqında heç kim düşünmür. Həmçinin yeniyetmələrdə səbrsizlik, dözümsüzlük daha çox olduğundan, onlar ailədə yaranan hər bir problemin ağırlığı altına düşürlər ki, bu da sonradan depressiyalara, bəzən hətta ağır psixika pozuntusunadək gətirib çıxara bilir.
Digər psixoloq Azad İsazadə isə erkən nikahların psixoloji baxımdan hansı fəsadlar törədəcəyindən söhbət açdı. Onun sözlərinə görə, insan fizioloji, bioloji daha tez inkişaf edir. Arxasınca isə insanın psixikası, psixologiyası formalaşır: “İstər oğlan, istərsə də qız bioloji cəhətdən daha tez ana-ata ola bilir. Psixoloji baxımdan isə hələ vaxt lazımdır ki, bir insan kimi tam formalaşaq, böyük adam olaq. Bu baxımdan hesab edirəm ki, erkən nikahla ailə qurmağa hazır olmayan insanı faktiki bunu etməyə məcbur edirik. İkincisi, onlar hələ tam real qərar qəbul edə bilmirlər. Deməli, onların əvəzinə kimsə qərar qəbul edir. Bu kimsə adətən ata-ana olur. Demirəm ki, ata-ana pis qərar qəbul edəcək. Amma razılaşaq ki, bu, insanın öz həyatıdır və onun öz həyatında heç olmasa hansısa düşünülmüş formada iştirak etməyə ehtiyac var. Bu baxımdan mən tam razıyam ki, erkən nikahların sonradan “N” qədər fəsadları çıxır. Qız uşağı ərə gedərkən onda heç emosiyalar da oyanmır. Ərə gedəndən 5-6 il sonra tam formalaşanda ona sevgi də gələ bilər. Mümkündür ki, bu sevgi həyat yoldaşına qarşı yox, başqasına qarşı olsun. Bu da sabah real böyük problemlərə gətirib çıxarır”.
Psixoloq erkən ərə gedən qızların ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşmasının real problem olduğunu deyir: “Çünki onun özü hələ uşaqdır. Ana ilə uşaq arasında 14-15 yaş fərq olur. Bacı-qardaş arasında da belə fərq ola bilər. Həm də onların emosiyası da tam böyük insanın emosiyası deyil. Onlar üçün orta rəng yoxdur. Həyat ya qara, ya ağ, yaxşı, ya da pisdir. Ona görə də reaksiyaları bəzən çox kəskin olur. O cümlədən öz uşaqlarına qarşı. Bu cür ailələrdə hətta ər-arvad arasında da problem yaranır. Çünki bir müddətdən sonra belə qadın artıq ərinə maraqlı olmur. Nə məktəbi normal qurtarıb, nə institutda oxuyub, nə də özülə məşğul olub. Ərə gedən kimi uşaq doğub, uşağa baxıb. Sözsüz ki, bir neçə ildən sonra o, ərini bir qadın kimi də maraqlandırmaya bilər. Bunun özü də problemdir.”
Bu cür problemlərin ciddi psixi pozğunluğa gətirib çıxara biləcəyini vurğulayan Azad İsazadənin sözlərinə görə, sırf psixoloji cəhətdən ailə qurmaq üçün 30 yaş və bir az çox optimal sayılır. Amma: “O zaman fizioloji baxımdan problemlər çıxır, qadının hansısa xəstəlikləri yarana bilir. Sonra uşağı tam böyüdüb boya başa çatdırmaq qabiliyyətində olmur. Bütün amilləri nəzərə alsaq, 19-25 yaşa qədər optimal hədd sayılır. Ancaq sırf psixoloji baxımdan 30 yaş yaxşı ola bilər. Çünki artıq o yaşda ana bir insan kimi tam formalaşır”.

Aytən Məmmədova