Daha 3 milyonluq söhbətin anonsu verildi; Gülər Əhmədovaya hücum şiddətləndi
Hakim Yeni Azərbaycan Partiyasının nümayəndələrinin sabiq deputat Gülər Əhmədova ilə bağlı açıqlamaları davam edir. Dünən YAP-ın icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı bu məsələyə münasibət bildirib. YAP yetkiliki deyib ki, Gülər Əhmədovanın hərəkəti partiyanın adına layiq deyil:
“Gülər Əhmədova partiyanın adına layiq olmayan hərəkətlər etdiyini anladığına görə, öz səhvini başa düşərək istefa verib. Bu gün həmin hadisə Prokurorluq tərəfindən araşdırılır və istintaq materialları toplanılır. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin əməlləri ilə bağlı da materiallar toplanılır. Yəni, bu iki şəxsin biri digərini aldatmaqla vəsait əldə etmək digəri isə vəsait hesabına hansısa bir məqama çatmaq istəyini ortaya qoyub. Lakin heç birinin istəyi baş tutmayıb. Birincinin aldığı vəsait nəticəsində cəzasının vaxtı çatıb”.
Deputat həmçinin əlavə edib ki, Gülər Əhmədova bu məsələnin gündəmdə qalmasında maraqlıdır: “Kimlərsə istəyir ki, bu mövzu daima gündəmdə qalsın. Təbii ki, Gülər Əhmədovanın özü də müəyyən mənada mövzunun gündəmdə qalmasında maraqlıdır. Məsələnin gündəmdə qalmasını qəsdən və yaxud təsadüfən istəyənlər var”.
Məlahət İbrahimqızı Gülər Əhmədova barədə nələr dedi?
YAP-ın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət Ibrahimqızı Gülər Əhmədovanı daha sərt şəkildə tənqid edib. Məlahət Ibrahimqızı “modern.az”a açıqlamasında deyib: “Hesab edirəm ki, bundan sonrakı məsələlər hüquq-mühafizə orqanlarının işidir. Şübhə etmirəm ki, hər iki tərəf haqqında ədalət məhkəməsi öz qəti sözünü deyəcək. Bu mənada məsələ ilə bağlı bir daha danışmaq fikrində deyiləm. Qısaca olaraq bugünədək olan müşahidəmin nəticəsi kimi onu demək istərdim ki, çox təəssüf, bir qrup insan sübuta ehtiyacı olmayan bu cinayət əməlinin və çirkabın müdafiəçisi qismində mövqe nümayiş etdirir. Həqiqətən də bunu başa düşmək çox çətindir. Bu müdafiəçilər kimi müdafiə etməyin fərqindədirlərmi?
Başa düşürəm çox çətindir danışmaq, xüsusilə də bir Azərbaycan qadını və ya anası haqqında danışmaq? Heç olmasa bu cinayətkarlığı və dələduzluğu müdafiəyə qalxan ictimai vəkillər ictimaiyyətin qınağından çəkinsinlər. Bu insanlar ən azı susmalı idilər. Bəziləri isə bunu şouya çevirməyə çalışırlar. Məncə buna da ehtiyac yoxdur. Əlbəttə, həmkarlarımın fikirlərini yüksək qiymətləndirirəm. Xüsusi vurğulamaq istərdim ki, hər zaman səbri və təmkini ilə və əsl mənada ağsaqqallığı ilə seçilən hörmətli Eldar Ibrahimovun ibrətamiz sözündən sonra deməyə fikir də qalmır. Mən həmkarlarımdan fərqli olaraq, hörmətli Əli Əhmədovu müdafiə etmək niyyətində deyiləm, çünki cəmiyyətdə hər kəs kimin kim olduğunu bilir.
Istər ictimaiyyət arasında, istərsə də Azərbaycanın siyasi elitasında Əli Əhmədov ən dəyərli bir ziyalı kimi böyük nüfuza malikdir.
Bizim ölkəmiz böyük deyil, əhalimizin sayı Istanbul sakinlərinin demək olar ki, yarısı qədərdir. Hamının hətta uşaqlıqda hansı şeiri sevdiyinin də çox asanlıqla bilmək olur. Amma mən bu məsələyə tam başqa cür yanaşmaq istərdim. Əgər cəmiyyətdə mənəviyyatsız birisi mənəviyyata qarşı çirkli su atırsa, ləyaqətsiz bir adam ləyaqətliyə dərs verirsə, şərəfsiz və dələduz bir cinayətkar mənəviyyatlı bir insanın nüfuzu ilə oynayırsa, buna cəmiyyətin bütün dəyərli və ləyaqətli insanları öz səslərini qaldırmalıdırlar. Burada susqunluq belə yaramazları müdafiə etmək ilə demək olar ki, eynidir. Belə insanlar öz əməllərini ört-basdır etmək üçün başqalarını da ləkələməyə cəhd edirlər. Öz çirkin əməlləri və nəfsi ilə cinayət törətmiş belə insanlar bu gün hətta bir nəfərə qarsı fitnə-fəsad edirlərsə, onlar sabah cəmiyyətin başqa dəyərli insanlarına qarşı da eyni cür çıxış edəcəklər. Belələri üçün dəyər və ya mənəviyyat məfhumu yoxdur. Bu isə çox pis fəsadlarla nəticələnə bilər. Təbii ki, bütün ölkələrdə və cəmiyyətlərdə belə çirkli insanlar mövcuddur. Əsas odur ki, ona qarşı mübarizə aparılsın və bu bizim dövlətin prioritetidir və elə YAP-ın kəskin bəyanatı da bundan qaynaqlanırdı. Hesab edirəm ki, bu insanlar təkcə qanun qarsısında cavab verməməlidirlər. Çünki onlar təkcə cinayət etməyiblər. Vicdan və ləyaqət hissini itirmiş belə insanlar cəmiyyətin ən ağır tənə və qınaq obyektinə də çevrilməlidirlər”.
Əli Əhmədovdan “Xoruz baba” söhbəti”nə reaksiya
“Mən istənilən məsələnin şəxsi deyişmə, məişət səviyyəsinə enməsinin tərəfdarı deyiləm. Bu, mənim xarakterimə uyğun deyil. Düşünürəm ki, biz siyasətlə məşğul oluruqsa, gərək daha ciddi məsələlər ətrafında, daha ciddi səviyyədə söhbətlər aparaq. Məsələnin digər tərəfi var ki, əgər insanın sözü qurtarırsa və o, təhqirlərə keçirsə, bu onun mənəviyyatının göstəricisinə çevrilmiş olur. Mən heç zaman istəməmişəm ki, kimdəsə mənim mənəviyyatımla bağlı hansısa şübhə yaransın. Mən çox ciddi mənəvi-əxlaqi dəyərlərə söykənən bir adamam. Bu, məişətdə də, həyatda da, insanlara, öz işimə, eləcə də digər məsələlərə münasibətimdə də belədir”. Bunu isə APA-ya eksklüziv müsahibəsində YAP-ın icra katibi Əli Əhmədov Gülər Əhmədovanın onun barəsində sosial şəbəkələrdə yazdığı fikirlərə münasibət bildirərkən deyib.
Əli Əhmədov Gülər Əhmədovanın onun barəsində nələrsə yazdığını eşidəndə ilk reaksiyasının necə olmasından da danışıb: “Belə bir şey eşidəndə, sözün düzü heç onunla maraqlanmadım da. Bilmədim ki, heç nə yazıb. Bir gün keçəndən sonra bildim ki, belə şeylər yazılıb. Səhəri günü axşamüstü oğlumdan eşitdim. O, gülə-gülə dedi ki, belə deyiblər. Güldük, qurtardı-getdi. Deyib-deyib də… Təbii ki, bu onun mənəviyyatının, əxlaqının göstəricisidir. Vurğulamalıyam ki, mən ona verilən cavablardan da xəbərsiz olmuşam. O cavablar mətbuatda çıxandan sonra bildim ki, mənim dostlarım, partiyanın təəssübünü ürəkdən çəkən insanlar ona cavablar veriblər. Bəlkə də heç o cavablara ehtiyac yox idi. Bir insan olaraq deyirəm ki, buna ehtiyac yox idi. Hər kəslə ağız-ağıza verib, deyişməyin tərəfdarı deyiləm. Deyib, deyib də. Ataların bununla bağlı gözəl sözü var… Indi mən həmin misalı təkrar etmək istəmirəm… Yəqin müşahidə etmisiniz, mən haqqımda deyilən şeylərə heç vaxt münasibət bildirməmişəm. Hətta bəzən təhqir də ediblər. Bu, artıq həmin təhqiri edənin insanı keyfiyyətləri, şəxsi göstəriciləridir. Ona görə də mən həmin məsələyə münasibət bildirmədim, bundan sonra da münasibət bildirməyəcəyəm”.
Hadı Rəcəblidən sabiq həmkarına ağır sözlər
Başqa bir YAP-çı deputat Hacı Rəcəblinin də “Gülər Əhmədova olayı”na münasibəti sərt olub. Deputat bu barədə “modern.az”a bildirib: “Mən bu gün birmənalı şəkildə demək istəyirəm ki, hakimiyyət bu məsələyə adekvat qiymət verdi. Düşünürəm ki, mənəviyyatsız, belə iyrənc adamlar parlamentdə olmamalıdır. Bu adamın necə və kim olduğunu təəssüf ki, həm parlamentdə, həm də cəmiyyətdə yaxşı bilirdilər. Ictimai rəyi çaşdırmaq, aldatmaq olmaz. Belə olmalı idi, başqa cür ola da bilməzdi. Özü ilişdi, özü özünü cəzalandırdı, ifşa etdi…
…Mən və parlamentdə olan deputat həmkarlarımızda heç vaxt bu adam haqqında standart, müsbət fikir olmayıb. Bunu mən demirəm, hamısı deyir. Od olmayan yerdən tüstü çıxmaz. Bütün hallarda hesab edirəm ki, bu hal çox xoşagəlməzdir. Gülər Əhmədova barədə mənim fikirlərim qətidir, 16 il əvvəl bu fikirlər məndə formalaşıb. Bu qadın Azərbaycan hakimiyyətinə və parlamentinə heç vaxt şərəf gətirməyib. Bu adam bütün dövrlərdə intriqalarla məşğul olub. Gənclər təşkilatında işləyəndə dalaşıb, yerini dəyişiblər. Respublika Uşaq Təşkilatında çalışanda Ismayıl Ibrahimov kimi ağsaqqal adamın yerinə göz dikib, otağını əlindən alıb, gərginliklər yaranıb. Münasibətdə olduğu elə bir adam olmayıb ki, onunla münaqişəsi olmasın…
…Qadın üçün dələduz sözündən ağır söz olmaz. Zaman göstərəcək ki, o, sözün tam mənasında dələduzdur. Heyf ki, bu qalmaqalda Gülər çox təmiz və hörmətli adamların adını çəkir, onlara ləkə yaxır. Ayıb olsun”.
Sevinc Babayeva haqda həbs qərarı çıxarılmayıb
Dünən Sevinc Babayevanın həbsi barədə yayılan məlumatlar təsdiqini tapmayıb. Yasamal Rayon Məhkəməsinin baş məsləhətçisi Cavid Cavadov “modern.az”a bildirib ki, Sevinc Babayeva haqqında həbs-qəti imkan tədbirinin seçilməsi barədə xəbər yanlışdır: “Sevinc Babayeva haqqında həbs-qəti imkan tədbirinin seçilməsi barədə Yasamal Rayon Məhkəməsinin heç bir qərarı yoxdur”.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə sabiq deputat Gülər Əhmədova arasında rüşvət alınmasına görə Sevinc Babayeva vasitəçilik edib. M.Ə.Sabir adına kitabxana-klubun keçmiş direktorunun hazırda harda olduğu barədə səhih məlumat yoxdur.
Yeni sensasiyalar olacaq
Bu arada Elşad Abdullayev yeni sensasiyaların anonsunu verib. O, Srtasburqda Bakıdan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün gedən deputatlardan Fazil Mustafa ilə görüşüb və ona əlində daha 3 milyon ödədiyi (Azərbaycanda kimlərəsə – red.), eləcə də başqa sensasiya yarada biləcək sənədlər var.
Bu barədə F.Mustafa APA-ya açıqlamasında məlumat verib.
“Onun istəyi daha çox qardaşının işinin araşdırılması və verilən pulların qaytarılmasıdır. Onda notariat qaydasında təsdiq olunmuş və kimə nə qədər vəsait verməsinə dair sənədlərin olduğunu söylədi.
Burada söhbət təkcə deputat olması üçün verdiyini iddia etdiyi vəsaitdən getmir. Özünün iddia etdiyinə görə, notarial qaydada daha 3 milyon dollar verib. Dediyinə görə, bəzi şəxslərlə itkin düşən qardaşının tapılması ilə bağlı da söhbətləri olub. Hər halda, bunlar iddiadır. O dedi ki, onda bu istiqamətdə sensasiya yarada biləcək başqa sənədlər də var, bu sənədləri də vaxtaşırı açıqlamağı düşünür”, – deyə Fazil Mustafa bildirib.
Deputat qeyd edib ki, Elşad Abdullayev BDU-nun hüquq fakültəsində onun müəllimi olub. Hüquq sahəsini normal bilən adamdır, ona görə də onun hansısa hüquqi məsləhətə ehtiyacının olduğunu düşünmür: “Hesab edirəm ki, belə faktlarla işləməsi də onun hüquqşünaslığından irəli gəlir”.