Ədalət Yusubov ziddiyyətlərin səbəbini açıqladı

«Mübahisələr KXCP-nin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatda təmsil olunmasından sonra başladı»

“Ədalət Yusubovun ”Demokratik Birlik” fraksiyasından imtinası haqda dediklərini sonradan mətbuat vasitəsilə inkar etməsini anlaya bilmirəm. Mənimlə birgə iclasda iştirak edən 80 nəfərdən çox Ali Məclis üzvü bunun şahidi olub”. Bunu APA-ya KXCP sədrinin müşaviri Akif Hüseynov deyib.
O bildirib ki, KXCP sədrinin keçmiş müavini, partiyanın Salyan rayon təşkilatının sədri Ədalət Yusubovun həmin çıxışı zamanı arxa cərgədə əyləşib və onun çıxışını tam şəkildə eşidib: “Məclisdə 80-dən artıq şəxs iştirak edib. Ədalət Yusubovun fraksiyadan imtina etməsi ilə bağlı səsləndirdiyi fikir məhz bu insanların iştirakı ilə keçirilən yığıncaqda deyilib. O deyib ki, hər bir partiya və mövcud müxalif qurumla müəyyən məsafədə dayanmaq şərti ilə seçkidə partiyamız öz gücünə arxalanaraq iştirak etməklə fraksiyadan imtina edirəm. Bunun video görüntüsü də var. Hətta Ədalət Yusubovun bu fikri zalda alqışlandı. Yəni Ədalət Yusubovun dediyi şərt məsələsi də öz həllini tapdı. Ədalət Yusubov isə bildirib ki, nə dediyinin fərqindədir və bu gün də dediklərini sözbəsöz təkrarlaya bilər:”Yığıncağın axır məqamında söz istəmişəm. Burada bildirdim ki, “mən həmişə öz sözümü demişəm. Keçdiyim həyat yolunda heç vaxt arxamca mənfi mənada iz buraxmamışam. Bu gün bunu bir daha sübut etmək istəyirəm. Mən fraksiyadan imtina edirəm”. Bundan sonra dərhal alqışlar oldu. Mən “dayanın” dedim və sözümə davam etdim. Dedim ki, “qarşı tərəf də haqlı olduğunu sübut etməli və iki ildən bəri verilən qərarların icrasına başlanılmalıdır”. O, tələblərinin hələ yerinə yetirilmədiyini də deyib.
Ə.Yusibov qeyd edib ki, ümumiyyətlə, partiyada mübahisələr KXCP-nin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatda təmsil olunmasından sonra başlayıb:”Siyasi müstəvidə münasibətlərimizə həddindən artıq zərbə vuran məqam partiyada ümumi razılıq olmadan bu quruma getməyimiz olub”.