Çöhrəqanlı vətənə gələ biləcəkmi?

“Media forum” saytına müsahibəsində Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Bakıda keçiriləcək Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin toplantısına dəvət edildiyini, ancaq Azərbaycana buraxılmaması səbəbindən bu tədbirə qatılmaq problemi olduğunu bildirib.

2001-ci ildə İranı tərk edən Mahmudəli Çöhrəqanlı 2003-cü ildə üç ay Azərbaycan Respublikasında yaşayıb. 2006-cı ilin iyun ayında əvvəl Türkiyədən, daha sonra Azərbaycandan deportasiya olunub. Hazırda ABŞ-da yaşayır.

Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı “Media forum” saytına açıqlamasında GAMOH liderinin tədbirə dəvət olunması xəbərini təsdiqləyib: “Ancaq təəssüf ki, Mahmudəli Çöhrəqanlı sonuncu dəfə Azərbaycana gələndə onu ölkəyə buraxmamışdılar. Güman edirəm ki, bu dəfə belə problem yaşanmayacaq. Bölgədə gedən proseslərə nəzərən də onun Azərbaycana gəlməsi vacibdir”.

Sabir Rüstəmxanlı bu məsələ ilə bağlı artıq müəyyən danışıqlar getdiyini və əlaqədar qurumlara müraciət olunacağını deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə “Media forum”a açıqlamasında bildirib ki, hər bir xarici ölkə vətəndaşı istədiyi vaxt viza almaq üçün müraciət edə bilər: “Bizdə bununla bağlı ayrı-seçkilik yoxdur, bütün vətəndaşların sənədlərinə eyni qaydada baxılır. Sadəcə olaraq müraciət edən şəxs lazım olan sənədləri tam şəkildə təqdim etməlidir”.

Elman Abdullayev qeyd edib ki, yalnız xüsusi hallarda, xüsusi missiya ilə gələn yüksək səviyyəli rəsmilərə hava limanında viza verilir: “Mahmudəli Çöhrəqanlıya gəlincə, o, Azərbaycanın ABŞ-dakı səfirliyinə rəsmi müraciət etməlidir”.